Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycan XİN ATƏT-in baş katibi Lamberto Zanyerin Moskvada keçirilmiş mətbuat konfransında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosu (DTİHB) tərəfindən “Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyasının göndərilməsi ilə bağlı razılığın əldə olunmaması təəssüf doğurur” açıqlamasına münasibət bildirib.
"Report"un məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev xatırladıb ki, ATƏT çərçivəsində üzərinə düşən öhdəliklərinə riayət edərək, Azərbaycan tərəfindən 14 iyul 2015-ci il tarixində 1 noyabrda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosuna (DTİHB) dəvət göndərilib: “DTİHB tərəfindən seçkilərlə əlaqədar hazırlanmış Ehtiyacların qiymətləndirilməsi hesabatına münasibətdə
H.Hacıyev xatırladıb ki, 1992-ci il Helsinki sənədinə əsasən ATƏT/DTİHB-in əsas rolu üzv dövlətlərə insan hüquqları ölçüləri üzrə öhdəliklərinin həyata keçirilməsinə yardım etməkdir: “1994-cü il ATƏT-in Budapeşt sammitinin qərarına görə isə ATƏT/DTİHB-in məşvərətçi funksiyaların yerinə yetirilməsinə dair rolu müəyyən edilib. Budapeşt sənədində deyilir: “DTİHB fəaliyyətdə olan sədr ilə məsləhətləşərək və məşvərətçi rolunda çıxış edərək, Daimi Şuranın müzakirələrində iştirak edir və həyata keçirilmiş məsələlər üzrə məlumat təqdim edir. Fəaliyyətdə olan sədr ilə sıx məsləhətləşmə şəraitində DTİHB-in rəhbəri növbəti addımları təklif edə bilər”. Göründüyü kimi, ATƏT/DTİHB-in fəaliyyətdə olan sədr və aidiyyəti üzv dövlət ilə məsləhətləşmə aparmadan birtərəfli qərar qəbul etmək səlahiyyəti yoxdur. Nəticə etibarilə, icraçı təsisat olaraq, səlahiyyəti və mandatı icazə vermədiyi halda, DTİHB siyasi qərar qəbul edib. Bu bir daha onu göstərir ki, DTİHB-in rəhbərliyi müəyyən dairələrin təsiri altında məqsədyönlü şəkildə seçkilərin müşahidəsi kimi texniki məsələni siyasiləşdirir. Aydın şəkildə görünür ki, məqsəd seçkilərdən sonra Azərbaycana qarşı əsasız iradların irəli sürülməsi üçün platformanın hazırlanmasıdır. Seçkilərin müşahidə edilməsində iştirak etməyəcəyi halda, ATƏT/DTİHB-in seçkilərin nəticələri barəsində hər hansı rəy bildirməyə heç bir əsası yoxdur. ATƏT-in fundamental sənədlərinə və mandatına uyğun olaraq, DTİHB sözügedən məsələ üzrə fəaliyyətdə olan sədr və aidiyyəti üzv dövlət ilə məsləhətləşərək, ATƏT-in Daimi Şurasına konstruktiv təkliflər verməlidir”.
XİN sözçüsü vurğulayıb ki, Azərbaycanın ATƏT-in dialoq və əməkdaşlıq prinsiplərinə sadiqdir: “Parlament seçkilərinin müşahidə edilməsi üçün ATƏT/DTİHB-ə göndərilmiş dəvət hələ qüvvəsindədir”.