Yuxarı

XİN: “İstisna deyil ki, Rumıniyada tutulan herion işğal olunmuş ərazilər və Ermənistan vasitəsilə aparılıb”

“Sterliqovun məsuliyyətdən qaçaraq işğal olunan ərazilərdə gizlənməsi bir daha sübut edir ki, orada kriminal mühit hökm sürür”

Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin “German Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəri German Sterliqovun sonuncu açıqlamasına münasibət bildirib. “Report”un xəbərinə görə, H.Hacıyev bildirib ki, G.Sterliqov və onun erməni hüquqşünas havadarları öz hüquqi savadsızlıqlarını bir daha nümayiş etdiriblər: “Bu şəxsin Azərbaycan Respublikasının suveren ərazisində törətdiyi cinayət əməllərinin tərkib əlamətləri nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində həbs-qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib. German Sterliqov Rusiya Federasiyasının vətəndaşıdır və müvafiq olaraq da Rusiya “İnterpol”un tam hüquqlu üzvüdür. 1956-cı ildən etibarən beynəlxalq təşkilat statusu alan “İnterpol” dövlətlərarası beynəlxalq qurumdur.

German Sterliqov əsasən “İnterpol”un üzvü olan Ermənistan və Rusiya istiqamətində hərəkət marşrutunu həyata keçirir və bu amili də nəzərə alaraq, onun barəsində “İnterpol” vasitəsilə axtarış verilib”.

H.Hacıyev xatırladıb ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində beynəlxalq hüquq və beynəlxalq humanitar hüquqda aydın şəkildə müəyyən olunmuş işğal rejimi mövcuddur: “Ermənistan tərəfindən bu ərazilərin işğalı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərdə, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Avropa İnsan Hüquqları Məhkəməsinin “Çiraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarda hüquqi baxımdan bir daha öz təsbitini tapıb.

Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilər narkotik maddələrin istehsalı, tranziti və ticarəti, terrorçuların hazırlığı, silah qaçaqmalçılığı, adam oğurluğu kimi hər növ ağır cinayət əməllərinin həyata keçirilməsi üçün münbit ərazidir. İstisna deyil ki, Rumıniyada tutulan böyük həcmli herion də məhz işğal olunmuş ərazilər və Ermənistan vasitəsilə Rumıniyaya aparılıb. Hazırda bu məsələ araşdırılır.

Konkret cinayətlərdə ittiham olunan və məhkəmənin qərarı ilə barəsində həbs-qəti imkan tədbiri seçilmiş Sterliqovun məsuliyyətdən qaçaraq işğal olunan ərazilərdə gizlənməsi bir daha sübut edir ki, bu ərazilərdə münbit kriminal mühit hökm sürür”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi