Yuxarı

XİN Elmar Məmmədyarovun Moskvaya qəfil səfəri haqda açıqlama yayıb

Elmar Məmmədyarov rusiyalı həmkarına təşəkkür edib, görüşün Azərbaycan və Rusiya prezidentlərinin tapşırığına uyğun olaraq baş tutduğunu bildirib

Bakı. 17 iyul. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi nazir Elmar Məmmədyarovun Rusiyaya qəfil səfəri haqda açıqlama yayıb. 

XİN-dən "Report"a verilən məlumata görə, işgüzar səfər zamanı nazir Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Görüş zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovun səfərinin yüksək səviyyədə olan ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. 

Rusiyanın XİN başçısı Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlığın bir çox sahələrdə, o cümlədən humanitar sahədə uğurla davam etdiyini bildirmiş və bu il Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forum zamanı Azərbaycanda Rusiya Mədəniyyət Günlərinin təşkil olunacağını qeyd edib. Eyni zamanda S.Lavrov 2015-ci ilin sentyabr ayında Sankt-Peterburq şəhərində Arktikanın neft-qaz yataqlarının araşdırılması ilə bağlı tədbirin keçiriləcəyini söyləyib və bura Azərbaycanın sənaye və energetika nazirinin də dəvət olunduğunu bildirib. Bundan əlavə Rusiyanın xarici işlər naziri bu ilin sentyabr ayında Yekaterinburqda keçiriləcək Hökumətlərarası İqtisadi Komissiyanın iclası çərçivəsində regionlararası forumun da təşkil olunacağını bildirərək, Sverdlovsk vilayətində isə hərbi texnika sərgisinin keçiriləcəyini və burada Azərbaycan nümayəndə heyətinin iştirakını gözlədiklərini vurğulayıb. 

Nazir Elmar Məmmədyarov rusiyalı həmkarına təşəkkür edib və və görüşün Azərbaycan və Rusiya prezidentlərinin tapşırığına uyğun olaraq baş tutduğunu bildirib. E.Məmmədyarov, həmçinin İranın nüvə proqramı ilə bağlı Vyanada keçirilən danışıqların uğurla nəticələnməsi münasibəti ilə rusiyalı həmkarını təbrik edib. Bu danışıqların regiondakı vəziyyətə müsbət təsir edəcəyinə əminliyini vurğulayan Azərbaycanın XİN başçısı buradakı vəziyyətin tam stabilləşməsi üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının zəruri olduğunu söyləyib. Münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlara toxunan Azərbaycanın xarici işlər naziri burada Rusiyanın həmsədr ölkəsi kimi rolunu önə çəkib. 

Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu istiqamətdə ardıcıl iş apardığını, həmsədrlərin mütəmadi təmasda olduqlarını və münaqişənin həlli istiqamətində danışıqların daha da intensivləşdirilməsinin vaxtının çatdığını vurğulayıb və bunun üçün bütün əsasların olduğunu söyləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi