Bakı. 12 dekabr. REPORT.AZ/ "Xəzər dənizinin hüquqi statusu ilə bağlı danışıqlar davam etdirilir. Növbəti görüşün Aşqabadda keçirilməsi planlaşdırılır".
"Report"un xəbərinə görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
O bildirib ki, görüşün 2017-ci il yanvar ayının əvvəlində keçirilməsi nəzərdə tutulub: "Görüşdə növbəti Xəzər sammitinin keçirilməsi və ona hazırlıq işləri müzakirə olunacaq. Belə bir plan da var ki, müvafiq İşçi Qrup nazirlərin görüş keçirməsi təşəbbüsü ilə də çıxış etsin. Xəzərin növbəti sammitinin vaxtı ilə bağlı dəqiq nəsə demək isə çətindir".
O, Azərbaycanla Türkmənistan arasındakı fikir ayrılıqlarına da münasibət bildirib: "Danışıqlar davam etdirilir. Ara-sıra məsləhətləşmələr aparılır. Bəzi fikir ayrılıqları qalmaqdadır".