XİN başçısı: "Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğu münaqişənin həllinə başlıca maneədir"

XİN başçısı: "Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğu münaqişənin həllinə başlıca maneədir" Xarici işlər naziri Elmar Məmmədyarov ADA Universitetində mühazirə oxuyub
Xarici siyasət
16 İyul , 2015 17:53
XİN başçısı: Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğu münaqişənin həllinə başlıca maneədir

Bakı. 16 iyul. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov ADA Universiteti tərəfindən təşkil olunan enerji məsələləri üzrə 9-cu Bakı Yay Məktəbinin iştirakçıları üçün Azərbaycanın xarici və enerji siyasəti barədə mühazirə söyləyib. 

XİN mətbuat xidmətindən "Report"a verilən məlumatına görə, Elmar Məmmədyarov ölkənin xüsusilə son on il ərzində siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi nailiyyətləri, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri, ikitərəfli və çoxtərəfli əsasda Azərbaycanın dünya birliyi ilə əlaqələri, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərinin 20 faizinin işğalı, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında məlumat verib.

XİN başçısı Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğunun münaqişənin həlli prosesində başlıca maneə olduğunu deyib. O əlavə edib ki, münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalıdır. 

BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini diqqətə çatdıran E.Məmmədyarov bu mövqenin ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar tərəfindən də dəstəkləndiyini bildirib. Bu xüsusda, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çiraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarında Ermənitsanın işğalçı tərəf kimi bir daha tanındığı qeyd edib.

Xarici işlər naziri Azərbaycanın nəqliyyat və enerji strategiyasının inkişafından danışaraq, Bakı-Tbilisi-Qars dəmir yol xətti və Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin əhəmiyyətini diqqətə çatdırıb. Həmçinin, Azərbaycanın zəngin milli təcrübə əsasında qlobal səviyyədə mədəniyyətlər və dinlərarası dialoq prosesinə töhfə verdiyi qeyd edib.

E.Məmmədyarov iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi