XİN başçısı: "Dünyadakı münaqişələrin həlli istiqamətindəki səyləri gücləndirmək vacibdir"

XİN başçısı: "Dünyadakı münaqişələrin həlli istiqamətindəki səyləri gücləndirmək vacibdir" Beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə BMT ilə regional və sub-regional təşkilatlar arasındakı əməkdaşlıqla bağlı bugünkü vacib müzakirələrin təşkil edilməsi təşəbbüsünə görə Rusiyaya təşəkkürümü bildirmək istərdim.
Xarici siyasət
26 Sentyabr , 2019 12:33
XİN başçısı: Dünyadakı münaqişələrin həlli istiqamətindəki səyləri gücləndirmək vacibdir
Azərbaycan XİN başçısı Elmar Məmmədyarov / Report/ Elchin Murad

"Beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə BMT ilə regional və sub-regional təşkilatlar arasındakı əməkdaşlıqla bağlı bugünkü vacib müzakirələrin təşkil edilməsi təşəbbüsünə görə Rusiyaya təşəkkürümü bildirmək istərdim".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Nazirlər Debatında deyib. 

O vurğulayıb ki, terrorizm və bununla əlaqəli cinayətkar fəaliyyətlər, beynəlxalq sülhə və təhlükəsizliyə, insan hüquqları və əsas azadlıqlarından sərbəst istifadə edilməsinə, o cümlədən bütün üzv dövlətlərin siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə ciddi təhlükə olmaqda davam edir: "Bu cür fəaliyyətlər sosial və iqtisadi inkişafa da mane olur. Terrorizm ən ağır cinayətlərdən biridir və buna görə də pislənilməli və bunu törədənlər mühakimə olunmalıdır. Terrorçuların müdafiə edilməsi və ideallaşdırılması hallarına yol verilməməlidir.

Azərbaycanın həssas coğrafi mövqeyi və bölgədəki həll olunmamış münaqişələrin davam etməsi, üstəlik hamiya məlum olan etnik təmizləmə və ölkəmin suveren ərazilərinin işğalı, terrorçuluq da daxil olmaqla transsərhəd təhlükələrin səviyyəsini yüksəldir. 1980-ci illərin sonundan etibarən, əsassız və qanunsuz ərazi iddialarını həyata keçirmək üçün bir vasitə və müharibə üsulu olaraq, Azərbaycana qarşı dəfələrlə, minlərlə vətəndaşın ölümünə səbəb olan xaricdən yönləndirilmiş terror hücumları həyata keçirilib.

Terrorizmin yayılmasına səbəb olan bütün amillərin aradan qaldırılmasının vacibliyini dərk etməklə yanaşı, dünyanın müxtəlif yerlərində münaqişələrin həlli istiqamətindəki səyləri gücləndirmək vacibdir. Silahlı münaqişə bölgələri, xüsusən də xarici hərbi işğal altında olan ərazilər, terrorçulara və mütəşəkkil cinayətkar qrup və şəbəkələrə təbii sərvətlərin istismarı, narkotik vasitələrin və mədəni sərvətlərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və digər əlaqəli cinayətlərdən yararlanmaq üçün əlverişli şərait yaradır".

Son xəbərlər

Orphus sistemi