XİN başçısı: "Azərbaycan və Gürcüstan delimitasiya prosesinin tezliklə yekunlaşdırılmasının tərəfdarıdır"

XİN başçısı: "Azərbaycan və Gürcüstan delimitasiya prosesinin tezliklə yekunlaşdırılmasının tərəfdarıdır"
Xarici siyasət
30 Dekabr , 2019 11:48
XİN başçısı: Azərbaycan və Gürcüstan delimitasiya prosesinin tezliklə yekunlaşdırılmasının tərəfdarıdır

"Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq aparılır".

"Report" xəbər verir ki, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov 2019-cu ilin yekunlarına dair "Report" və bir neçə KİV-in suallarını cavablandırarkən deyib. 

"Bildiyiniz kimi, 1996-cı ildən iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. Komissiyanın sonuncu iclası bu il Bakıda keçirilib. İki ölkə arasındakı 480 kilometrlik sərhədin 314 kilometri razılaşdırılıb, razılaşdırılmamış166 kilometrlik xətti üzrə danışıqlar davam etdirilir. Cari il ərzində ekspertlərin iki görüşü keçirilib, növbəti görüşünün isə gələn ilin əvvəli Tbilisidə keçirilməsi gözlənilir.

Fikir ayrılığı dediyiniz, əslində razılaşdırılmamış sahələrin mövcud olmasıdır və bunun üçün də mütəxəssislər tərəfindən müvafiq araşdırma, o cümlədən arxiv və kartoqrafik materialların öyrənilməsi kimi tədbirlər həyata keçirilməlidir. Önəmlisi ondan ibarətdir ki, həm Azərbaycan, həm də Gürcüstan delimitasiya prosesinin tezliklə yekunlaşdırılmasının tərəfdarıdır. Ümidvaram ki, iki ölkə arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübəyə əsaslanaraq hüquqi müstəvidə və strateji tərəfdaşlıq münasibətlərimizə uyğun şəkildə həll olunacaq", - E.Məmmədyarov bildirib.