XİN: Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarına dair qəbul etdiyi qətnamə qərəzlidir

XİN: Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarına dair qəbul etdiyi qətnamə qərəzlidir XİN-in sözçüsü Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarına dair qəbul etdiyi qətnaməni şərh edib
Xarici siyasət
18 Sentyabr , 2014 17:49
XİN: Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarına dair qəbul etdiyi qətnamə qərəzlidir
Bakı. 18 sentyabr. REPORT.AZ/ "Avropa Parlamentinin 18 sentyabr tarixində Azərbaycanda insan hüquqlarına dair qəbul etdiyi qərəzli qətnamə tamamilə əsassız və qeyri-obyektivdir".  "Report"un məlumatına görə, bu barədə Azərbaycanın XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. 

"Azərbaycanda qanunun aliliyi, insan hüquqlarının qorunması, ifadə və sərbəst toplaşmaq azadlığı və məhkəmə sisteminin müstəqilliyi tam şəkildə təmin olunub. Siyasi baxışlarına və fəaliyyətinə görə heç kim təqib və mühakimə olunmur. Qanunun aliliyinin təmin olunduğu istənilən demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da heç kəs özünü qanundan üstün hesab edə bilməz" - deyə, E. Abdullayev vurğulayıb. 

Onun sözlərinə görə, qərəzli münasibətin göstəricisi olan bu qətnamə yalnız Azərbaycana siyasi təzyiq göstərmək məqsədi daşıyır:

"Bu ilin sentyabrın 20-də Bakıda keçirilməsi nəzərdə tutulan “Cənub Qaz Dəhlizinin genişləndirilməsi” və Trans-Anadolu layihəsinin təməlqoyma mərasiminin ərəfəsində belə bir qətnamənin süni şəkildə meydana çıxarılması Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsinə və Avropa İttifaqının özünün enerji təhlükəsizliyinin gücləndirilməsinə əvəzsiz töhfə verəcək bu layihənin uğuruna insan hüquqları adı altında xələl gətirmək cəhdi kimi qiymətləndirilir.

Azərbaycana qarşı məqsədyönlü şəkildə yürüdülən siyasi sifariş və ikili standartlardan qaynaqlanan bu qətnamə Avropa Parlamenti daxilində Avropa İttifaqının özünün təməl maraqlarına zidd fəaliyyət göstərən qüvvələrin mövcudluğuna dəlalət edir.

Özlərini insan hüquqlarının və demokratiyanın carçısı kimi təqdim edən bu kimi dairələrin ən elementar hüquqlardan belə məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasına bilərəkdən göz yummaları onların əsl niyyətindən və ikili standartlara xidmət etmələrindən xəbər verir".

Qeyd edək ki, bu gün Avropa Parlamentinin plenar sessiyasında Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti tənqid edilən qətnamə qəbul olunub. 

Son xəbərlər

Orphus sistemi