Bakı. 3 may. REPORT.AZ/ Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya ekspertləri nəqliyyat sahəsində əməkdaşlıq haqqında sazişin mətnini razılaşdırıblar.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın nəqliyyat nazirinin müavini Viktor Olerski Türkmənistanda keçirilən "Böyük İpək Yolu - inkişafın yeni hüdudlarına doğru" forumunda bildirib.
Onun sözlərinə görə, sazişin 2018-ci ildə Astanada keçiriləcək Xəzər sammiti zamanı imzalanması gözlənilir.
V.Olerski xatırladıb ki, bu sahədə sazişin hazırlanmasını 2015-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov təklif edib.
Qeyd edək ki, Astanada keçiriləcək sammitdə Xəzərin hüquqi statusuna dair Konvensiya layihəsinin nəzərdən keçiriləcəyi də gözlənilir.