Xələf Xələfov Litva Seyminin nümayəndə heyətini qəbul edib

Xələf Xələfov Litva Seyminin nümayəndə heyətini qəbul edib Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
20 Oktyabr , 2017 18:36
Xələf Xələfov Litva Seyminin nümayəndə heyətini qəbul edib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Litva Seyminin sədr müavini xanım İrena Şiaulienenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Xarici İşlər Nazirliyindən (XİN) "Report"a verilən məlumata görə, X.Xələfov ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edərək Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar çərçivəsində Litva ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq təcrübəsinin mövcud olduğunu bildirib.

X.Xələfov həmçinin Azərbaycanın birbaşa təşəbbüskarı və ya iştirakçısı olduğu irimiqyaslı enerji və nəqliyyat layihələri barədə qonaqları məlumatlandırıb. O, bu ilin oktyabr ayının sonunda Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasiminin baş tutacağını bildirərək bu qəbildən olan nəhəng layihələrdə birgə iştirakın ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına xidmət edəcəyini vurğulayıb.

X.Xələfov 26-27 oktyabr tarixlərində Vilnüsdə Azərbaycan və Litva hökumətləri arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

Nazir müavini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qarşı tərəfi məlumatlandıraraq Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin davam etdiyini və rəsmi Yerevanın destruktiv siyasət yürütdüyünü diqqətinə çatdırıb.

Parlamentlərarası əlaqələrə toxunan X.Xələfov Litva Seymində Xocalı soyqırımı ilə bağlı müraciətin qəbul edilməsinin yüksək qiymətləndirildiyini qeyd edib.

Xanım İrena Şiauliene dost bir ölkədə olmasından və iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə inkişafından məmnunluq ifadə edib və Azərbaycanın böyük layihələrin təşəbbüskarı və iştirakçısı kimi mühüm rolunu təqdir edib. Ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərin böyük rolu olduğunu vurğulayan İ.Şiauliene Azərbaycan və Litva parlamentarilərinin Baltik, GUAM parlament Assambleyalarında uğurla əməkdaşlıq etdiklərini, Litva Seymində 65 nəfərdən ibarət ən böyük dostluq qrupunun məhz Azərbaycanla olmasının ikitərəfli əlaqələrimizin bariz göstəricisi olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi