Yuxarı
    Bağlamaq

    Xələf Xələfov: "Azərbaycan müsəlman dövlətləri arasındakı həmrəyliyin daha da gücləndirilməsinə çalışır"

    XİN müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərinə iftar verib

    Bakı. 4 iyul. REPORT.AZ/ Xarici İşlər Nazirliyi müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərinə iftar verib. 

    Nazirlikdən "Report"a verilən məlumata görə, xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanın İslam aləminin ayrılmaz hissəsi olaraq müsəlman ölkələri ilə hərtərəfli əlaqələrin inkişafina əhəmiyyət verdiyini qeyd edib. O, müsəlman ölkələri arasında ikitərəfli və çoxtərəfli müstəvidə siyasi, iqtisadi və mədəni sahədə əməkdaşlığın gündən-günə dərinləşdiyini vurğulayıb.

    X.Xələfov Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini qeyd edərək, rəsmi Bakının təşkilatın fəal üzvü kimi üzv dövlətlər arasındakı həmrəyliyin daha da gücləndirilməsi üçün çalışdığını bildirib.

    Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir müavini, münaqişənin həlli işində Azərbaycanın mövqeyinin müsəlman ölkələri tərəfindən dəstəkləndiyini, İslam əməkdaşlıq Təşkilatının dəfələrlə münaqişə ilə bağlı reallığı, ədaləti, beynəlxalq hüququ və Azərbaycanın mövqeyini əks etdirən qətnamələr qəbul etdiyini vurğulayaraq, bu dəstəyə görə təşkilata üzv olan ölkələrə bir daha təşəkkürünü bildirib.

    X.Xələfov müsəlman ölkələrinin Azərbaycandakı səfirlərinə fəaliyyətlərində uğurlar arzu edərək, müqəddəs ayda xalqlarına və hökumətlərinə rifah, xoşbəxtlik və inkişaf arzularını çatdırıb.

    Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri adından çıxış edən Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hassan Hami İftar məclisinin təşkil olunmasından məmnunluq duyduqlarını qeyd edərək həmkarları adından təşəkkürünü bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi