Yuxarı

Vyetnam Prezidenti: "Azərbaycan və Vyetnam neft və qaz sahəsində əməkdaşlığı genişləndirmək əzmindədir"

Bu, əməkdaşlıq üçün olduqca vacib bir sahədir

Bakı. 14 may. REPORT.AZ/ "Azərbaycan və Vyetnam neft və qaz sahəsində əməkdaşlığı genişləndirmək əzmindədir. Bu, əməkdaşlıq üçün olduqca vacib bir sahədir". "Report" xəbər verir ki, Bakıda səfərdə olan Vyetnam Prezidenti Çıonq Tan Şanq belə deyib. 

Mayın 14-də Azərbaycan-Vyetnam sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra mətbuat üçün bəyanatla çıxış edən Vyetnamın dövlət başçısı bildirib ki, Azərbaycana səfər etməkdən çox məmnundur:  "Azərbaycan çox gözəl ölkədir, qədim tarixə, mədəniyyətə malikdir. Biz bilirik ki, bu ölkənin çox zəngin potensialı var və Azərbaycan bizə çox dost ölkədir. Bizə göstərilən səmimi qəbula və ehtirama görə cənab Prezident, Sizə, azərbaycanlı dostlarımıza minnətdarıq. Vyetnam nümayəndə heyətinə və mənə yüksək qonaqpərvərlik göstərilmişdir. Bizim ölkələrimiz arasındakı münasibətlər inkişaf edir.

Bizim bu gün cənab Prezident İlham Əliyev ilə çox məhsuldar və səmərəli danışıqlarımız oldu. Cənab Prezident ilə biz yekdilik ki, Vyetnam və Azərbaycan çox böyük imkanlara malikdirlər. Bu, bizə imkan verir ki, əlaqələrimizi, əməkdaşlığımızı, iqtisadi və ticari sahədə işbirliyimizi daha da artıraq və digər sahələrdə işləyək.

Biz, həmçinin qeyd etdik ki, artıq imzalanmış sazişlər həyatda öz əksini tapsın və bu gün imzalanan sazişləri də icra edək. Biz bu gün nəzərdən keçirməliyik ki, yaxın gələcəkdə daha hansı sazişləri imzalayaq ki, əməkdaşlığımızı daha da inkişaf etdirək.

Biz digər vacib məqamları da nəzərdən keçirdik. Hər iki tərəf razılığa gəldi ki, nümayəndə heyətlərinin səfərlərinin, xüsusən də yüksək səviyyəli səfərlərin sayı artsın. Cənab Prezident qeyd etdi ki, son bir il ərzində biz olduqca mühüm iki dövlət səfərini həyata keçirdik. Bu, bir daha bizim etimada əsaslanan münasibətlərimizi nümayiş etdirir. Bizim Xarici İşlər nazirliklərimiz arasında daha sıx məsləhətləşmələrin aparılması vacibdir ki, beynəlxalq səviyyədə atdığımız addımlarımızı əlaqələndirək. Nümayəndə heyətlərinin səfərləri daha da artmalıdır. Müxtəlif nazirliklər və qurumlar arasında səfərlər mübadiləsi aparılmalıdır. Biz imzalanmış sazişləri icra etməliyik".

O, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq əlaqələrinin də inkişaf etdiyini diqqətə çatdırıb, bu sahədə yaxşı perspektivlərin olduğunu deyib: "Bizim ölkələrimiz arasında əməkdaşlıq artıb. 2014-cü ildə ticarət dövriyyəsi 422 milyon ABŞ dolları təşkil edib ki, bu da 2013-cü il ilə müqayisədə 30 faiz artım deməkdir. Qeyd etmək istəyirik ki, hökumətlərarası komissiyanın ilk iclası keçirilmişdir. 

Bu əlaqələrimizin strateji əsası var. Çünki Prezidentimiz Xo Şi Min vaxtilə Bakıda zəngin neft-qaz yataqlarına səfər etdikdə onun bir arzusu var idi ki, biz bu sahələrdə birgə işləyək".

Vyetnamın Prezidenti regional təhlükəsizliyin təmin olunmasının sülh və danışıqlar yolu ilə həllinin vacibliyini bildiribi: "Biz istərdik ki, məhz Vyetnam ilə Azərbaycan arasındakı əməkdaşlıq, dostluq geniş şəkildə inkişaf etsin. Bu, hər iki ölkəyə, bizə çox konkret fayda verəcəkdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi