Vyetnam parlamenti Milli Məclisə 20 min ədəd tibbi maska göndərib

Vyetnam parlamenti Milli Məclisə 20 min ədəd tibbi maska göndərib Vyetnam Sosialist Respublikasının Milli Assambleyasında (parlament) koronavirus pandemiyasına qarşı mübarizə üçün 20 000 ədəd tibbi maskanın Azərbaycan Milli Məclisinə hədiyyə olunmasına həsr olunan mərasim keçirilib.
Xarici siyasət
104
12 May , 2020 15:14
Vyetnam parlamenti Milli Məclisə 20 min ədəd tibbi maska göndərib

Vyetnam Sosialist Respublikasının Milli Assambleyasında (parlament) koronavirus pandemiyasına qarşı mübarizə üçün 20 000 ədəd tibbi maskanın Azərbaycan Milli Məclisinə hədiyyə olunmasına həsr olunan mərasim keçirilib.

Bu barədə "Report"a Azərbaycanın Vyetnamdakı səfirliyindən məlumat verilib. 

Tədbirdə Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfiri A.İmanov, Vyetnam Milli Assambleyası Aparatının rəhbəri Nguyen Hanh Phuc, Milli Assambleyanın rəhbərliyinin digər üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nguyen Hanh Phuc 9 may-faşizm üzərində qələbənin 75-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının yüksək rəhbərliyinə ünvanlanan təbriklərini izhar edib.

Daha sonra Nguyen Hanh Phuc son aylar ərzində COVID-19 geniş yayıldığını bildirərək dünya ölkələrinin böyük əksəriyyətinin bu koronavirus pandemiyasının törətdiyi ciddi fəsadlar, o cümlədən həyat itkisi və iqtisadi tənəzzül ilə üzləşdiyini qeyd edib.

Nguyen Hanh Phuc COVID-19-un geniş şəkildə yayılmasının qarşısının alınması məqsədilə Vyetnamda ciddi qabaqlayıcı tədbirlərin görüldüyünü söyləyərək pandemiyanın ölkəsində artıq nəzarət altına alındığını əlavə edib.

O, COVID-19-un yayılması ilə bağlı bütün dünyanın yaşadığı bu mürəkkəb dövrdə yalnız birgə səylər sayəsində bu koronavirus pandemiyası üzərində qələbənin qazanılmasının mümkünlüyünü xüsusi vurğulayıb.

Tədbir çərçivəsində Nguyen Hanh Phuc Vyetnam ilə Azərbaycan arasındakı əlaqələrin zəngin tarixi keçmişə əsaslandığını bildirərək Azərbaycan Milli Məclisinə verilməsi məqsədilə Vyetnam Milli Assambleyası tərəfindən 20 000 ədəd tibbi maskanı səfir A.İmanova təqdim edib. Bu xüsusda o uzunmüddətli səmimi dostluq münasibətlərə əsaslanan bu addımın Vyetnam Parlamentinin COVID-19-un ölkəmizdə yaratdığı çətinliklərin aradan qaldırılmasında Azərbaycanın qanunverici orqanına yardım etmək istəyini əks etdirdiyini bildirib.

Həmçinin Nguyen Hanh Phuc COVID-19 koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən əməli tədbirlərin uğurla nəticələnəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində, səfir A.İmanov tibbi maskaların hədiyyə olunduğuna görə qarşı tərəfə təşəkkürünü izhar edərək Vyetnam tərəfinin bu yardımın xalqlar arasında səmimi dostluq münasibətlərinin, habelə ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrin mövcudluğunun bariz təzahürü olduğunu xüsusi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi