​Viktor Orban: "Müsəlman ölkəsi Fondunun xristian ölkəsi uşaqlarına yardım etməsi diqqətə layiqdir"

​Viktor Orban: "Müsəlman ölkəsi Fondunun xristian ölkəsi uşaqlarına yardım etməsi diqqətə layiqdir" "İki mədəniyyət və dinlər arasında belə bir halda çox gözəl, ahəngdar bir ittifaq yaranır"
Xarici siyasət
6 Mart , 2016 18:29
​Viktor Orban: Müsəlman ölkəsi Fondunun xristian ölkəsi uşaqlarına yardım etməsi diqqətə layiqdir

Bakı. 6 mart. REPORT.AZ/ "Müsəlman ölkəsi Fondunun xristian ölkəsi uşaqlarına yardım etməsi diqqətə layiqdir".

"Report" xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban Bakıya səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif olunması mərasimində çıxışı zamanı deyib.

"Biz birinci xanıma “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeninin təqdim edilməsi üçün buraya toplaşmışıq. Sizin göstərdiyiniz xidmətlər burada orden ilə qiymətləndirilir. Bu orden macar xalqını özündə təcəssüm etdirir və Macarıstan prezidentinin qərarı ilə təqdim olunur. Bu münasibətlə biz bütün macar xalqının sizə olan hörmət və ehtiramını ifadə edirik. Biz bu ordeni cənab prezidentin həyat yoldaşına yox, məhz ən tanınan Azərbaycan xanımına təqdim edirik. Mənə elə gəlir ki, ümumiyyətlə, Azərbaycan və macar xanımları arasında oxşarlıqlar çoxdur. Adət-ənənələrimizdən irəli gələrək bizim cəmiyyətimizdə qadınlar mühüm mövqelər tutur. Onlar nəinki evdə xanım rolunu oynayırlar, həmçinin ictimai xadim kimi mühüm fəaliyyət göstərirlər", - deyə o bildirib.

Baş nazirin sözlərinə görə, Mehriban Əliyevanın apardığı fəaliyyət bütün dünyada tanınır.

"Öz təmənnasız yardımını göstərdiyinə görə məhz Macarıstandakı həmin uşaq evində yaşayan uşaqlar bu gün Mehriban Əliyevaya böyük sevgi və məhəbbətlə yanaşırlar. Sizin həyata keçirdiyiniz bu xeyriyyəçilik fəaliyyəti, göstərdiyiniz bu yaradıcı səylər nəinki həmin uşaqlara yardımçı olur, o cümlədən ölkələrimiz arasında təşəkkül tapmış münasibətlərin inkişafına töhfə verir. Burada söhbət sırf uşaqlara yardımdan getmir. Bu, həmçinin onu göstərir ki, müsəlman ölkəsinin Fondu xristian ölkəsinin uşaqlarına yardım edir. İki mədəniyyət və dinlər arasında belə bir halda çox gözəl, ahəngdar bir ittifaq yaranır. Bugünkü dünyada artıq dini münaqişələr haqqında çox danışılır. Məhz belə bir şəraitdə bu cür fəaliyyətin göstərilməsi, səylər xüsusi diqqətə layiqdir", - deyə baş nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi