Venesuela Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Venesuela Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib Akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb
Xarici siyasət
22 Oktyabr , 2016 10:15
Venesuela Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasında rəsmi səfərdə olan Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro oktyabrın 22-də Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

“Report”un xəbərinə görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Tanınmış dövlət xadimi və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim-alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.

Eyni zamanda, Venesuela prezidenti oktyabrın 22-də Şəhidlər xiyabanını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Nikolas Maduro Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Venesuelanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Venesuela prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi