Venesuela səfiri: "Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirmək arzusundayıq" - MÜSAHİBƏ

Venesuela səfiri: "Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirmək arzusundayıq" - MÜSAHİBƏ “Report” İnformasiya Agentliyi Venesuelanın Azərbaycandakı səfiri Kristofer Berroteran ilə müsahibəni təqdim edir:
Xarici siyasət
13 Mart , 2019 09:33
Venesuela səfiri: Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirmək arzusundayıq - MÜSAHİBƏ
Report/Firi Salim
0 : 00
0 : 00

“Report” İnformasiya Agentliyi Venesuelanın Azərbaycandakı səfiri Kristofer Berroteran ilə müsahibəni təqdim edir:

- Azərbaycanla Venesuela arasındakı münasibətlər barədə fikirləriniz necədir? İki ölkənin əməkdaşlığında əsas sahələr hansılardır?

- Ölkələrimizin prezidentləri artıq bir neçə dəfə görüşüblər. Həmin görüşlərin yekunu olaraq sosial, iqtisadi, enerji, mədəni sahələrdə münasibətləri inkişaf etdirməklə bağlı razılıq əldə olunub. Elə bu səbəbdən Bakıda diplomatik nümayəndəlik açdıq.

İlkin məqsədimiz iqtisadi əlaqələri, o cümlədən ticarət dövriyyəsini artırmaqdır. Hər iki ölkə neft istehsalçısı olduğundan bu sahənin inkişafı ilə bağlı bir çox ümumi cəhətlərimiz var. Eyni zamanda iqtisadi əlaqələrimizi şaxələndirməyə də çalışmalıyıq.

- Bəs Venesueladakı hazırkı vəziyyət nə yerdədir? Nikolas Maduronun növbədənkənar prezident seçkiləri keçirmək niyyəti varmı?

- Nikolas Maduro xalq tərəfində seçilən qanuni dövlət başçısıdır. Dövlətin suverenliyi xalqa məxsusdur. ABŞ Prezidenti Donald Tramp rəsmi şəkildə Venesuelada dövlət çevrilişi həyata keçirmək niyyətini bəyan etmişdi, amma bu plan iflasa uğradı. Bu, beynəlxalq hüquq müddəalarına hörmətsizlikdir. Bütün dünya üçün nümunə olan Venesuela Konstitusiyasında ölkədə prezident seçkilərinin hansı qaydada keçiriləcəyi dəqiq təsbit olunub (bu ölkədə prezident 6 il müddətinə seçilir – red.). Ölkəmizdə keçiriləcək növbəti seçkilər Milli Asambleyaya seçkilərdir. Xuan Quaydo ölkədə seçki keçirilməsini elan etmək səlahiyyətinə malik deyil. Xalqı və beynılxalq birliyi aldadan bu adam ölkədə 30 gün ərzində növbədənkənar prezident seçkiləri keçirə biləcəyini bəyan etmişdi, hərçənd həmin müddət artıq bitib. Konstitusiyamıza əsasən, Milli Asambleya sədrinin belə bir hüququ yoxdur. Yalnız xalq bu yöndə iradə ifadə edə bilər.

- Venesueladakı siyasi böhranın əsas səbəblərini nədə görürsünüz? Hökumət vəziyyəti düzəltmək üçün hansı addımlar atır?

- Venesueladakı siyasi böhranın səbəbləri aşkardır. Əsas səbəb xarici imperialist qüvvələrin Venesuelanın sərvətlərini, ölkədə hakimiyyəti ələ keçirmək istəyidir. Bu məqsədlə ölkəmizə qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq olundu, ölkəyə ərzaq və dava-dərman gətirilməsi əngəlləndi. Sanksiyalara həmçinin Venesuela ilə ticarət əlaqələri olan bütün beynəlxalq şirkətlər, bizimlə əməkdaşlıq edən banklar tuş gəldi, Avropa banklarındakı qızıl ehtiyatlarımız donduruldu. Məhz belə böhran onlara lazımdır. Amma Prezident Nikolas Maduro xalqla birlikdə ölkənin 2019-2025-ci illərdə böyüməsini və rifahını ehtiva edən “Vətən” adlı plan hazırladı. İmperialist qüvvələrinin dəstəklədiyi qara valyuta bazarına qarşı mübarizə bu planda mühüm yer tutur. ABŞ dünyanın ağası deyil. Venesuela bütün dünyanın tanıdığı, bir çox ölkələrlə qardaş münasibəti olan ölkədir. Bu ölkələr arasında sıx iqtisadi, sosial, mədəni əlaqələrimizin olduğu Rusiya, Çin, Türkiyə, bir sıra Afrika ölkələri də var.

ABŞ və Avropa İttifaqı ölkələrinin hökumətləri öz xalqlarının iradəsini ifadə etmir. Venesuela xalqına qarşı o sanksiyaları tətbiq edənlər kimdir? Həmin ölkələrin xalqları deyil, bir ovuc adamdır. Həmin ölkələrdə bir çoxları isə öz hökumətlərin imperialist planlarına, Venesuelanın daxili işlərinə qarışmalarına etiraz edərək küçələrə çıxmışdı. ABŞ və Avropa İttifaqı hökumətlərinin bu əməlləri prezident Nikolas Maduroya qarşı yox, Venesuela xalqına qarşı yönəlib. Onlar bizim sərvətlərimiz hesabına varlanmaq istəyir. Prezident Nikolas Maduro isə Venesuela xalqının mənafeyini müdafiə edir.

Azad və suveren dövlət olan Venesuela beynəlxalq hüquqa əməl edir. Biz Venesuelanın və başqa ölkələrin daxili işlərinə müdaxilələrə yol verməməyə çağırırıq.

- Ölkənizdə müxalifət lideri Xuan Quaydoya münasibət necədir? Xalqın ona dəstəyi varmı?

- Venesuelada Quaydonun aldatdığı müəyyən azlıq var ki, onu məhz bunlar müdafiə edirlər. Venesuelalıların əksəriyyəti isə sülh tərəfdarıdır, Prezident Nikolas Maduro hakimiyyətini dəstəkləyir. Quaydo Milli Asambleyanın sadəcə bir millət vəkilidir, yalnız müxalifətçi vəkillər tərəfindən sədr seçilib. Quaydo Prezident deyil. 2018-ci ilin may ayındakı prezident seçkiləri zamanı Venesuela xalqı Nikolas Maduro Morosu Venesuela Bolivariana Respublikasının Prezidenti seçib, onun lehinə 6 milyondan çox səs verilib. Həmin seçkilər ötən ilin may ayında keçirildi, çünki müxalifət erkən seçki keçirilməsini istəmişdi. Nəticədə də Nikolas Maduro qalib gəldi.

- Venesuelada baş verənlər Azərbaycanla əməkdaşlığınıza təsir göstərə bilərmi?

- Bu hadisələrin münasibətlərimizə xələl gətirməyəcəyinə ümidvarıq. Venesueladakı sərmayələr tam zəmanət altındadır. Hər ölkə öz seçimində müstəqildir. Biz öz qərarımızı verərək qardaş ölkələrin də öz qərarını verəcəyinə, onlarla daha möhkəm münasibətlər qurub iqtisadi əlaqələr quracağımıza inanırıq.

- Bildiyiniz kimi, Azərbaycan qonşu Ermənistanın hərbi təcavüzünə məruz qalıb, ölkə ərazisinin 20 faizi işğal olunub, bir milyon insan qaçqın və məcburi köçkün həyatına məhkum olunub. Bu məsələyə dair Venesuelanın mövqeyini bilmək maraqlı olardı.

- Venesuela hər dövlətin suverenliyinə hörmətlə yanaşır. Biz qardaş ölkələrin daxili işlərinə qarışmamaq siyasətini yürüdürük. Amma yenə deyirəm, Venesuela Azərbaycan üçün qardaş ölkədir. Azərbaycan kimi qardaş ölkələrin cəlb olunduğu münaqişələrin hüquq normalarını, beynəlxalq təşkilatların nizamnamələrini əsas tutmaqla sülh və dialoq yolu ilə həllini həmişə dəstəkləyirik.

Son xəbərlər

Orphus sistemi