Yuxarı

“Vaşinqton Tayms” qəzeti ABŞ-Azərbaycan münasibətlərinə həsr olunmuş konfrans keçirib

Səfir Elin Süleymanov ötən 20 ildə ABŞ-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib

Bakı. 4 fevral. REPORT.AZ/ ABŞ-ın nüfuzlu qəzetlərindən olan “Vaşinqton Tayms” qəzetinin təşkilatçılığı ilə fevralın 3-də Vaşinqtonda ABŞ Konqresinə məxsus Kapitol Hil Klubunda “Xəzər dənizi hövzəsində geosiyasət: ABŞ-Azərbaycan müttəfiqliyi nə üçün əhəmiyyətlidir?” mövzusunda tədbir keçirilib. “Report” “AzərTAc”a istinadən xəbər verir ki, “Vaşinqton Tayms” qəzetinin redaktoru Con Solomonun moderatorluq etdiyi bu tədbirdə müvafiq ardıcıllıqla Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Milli Məclisin deputatı Asim Mollazadə məruzə ilə çıxış ediblər.

Əvvəlcə “Vaşinqton Tayms” qəzetinin idarə heyətinin sədri Lari Bizli çıxış edərək Azərbaycan haqqında, ölkə iqtisadiyyatının inkişaf etməsi, əhalinin orta təbəqəsinin genişlənməsi və regionda mühüm mövqe qazanması barədə fikirlərini səsləndirib.

Azərbaycanın yerləşdiyi coğrafi məkanı, üzləşdiyi təhdidləri və eləcə də müstəqillik illərində qazandığı nailiyyətləri qısaca xatırladan C.Solomon təsmil etdiyi qəzetin yanvarın 29-da Azərbaycan haqqında hazırladığı xüsusi buraxılışda əksini tapmış vacib məqamlara istinad edərək, həmin buraxılışın tərtib olunmasına göstərilən dəstəyə görə Azərbaycanın ABŞ-dakı səfirliyinə təşəkkür edib.

Səfir Elin Süleymanov ABŞ-Azərbaycan münasibətləri barədə danışarkən, ötən 20 il ərzində ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib və Bakı-Tbilisi-Ceyhan kimi çox mühüm enerji layihəsinin xüsusilə qarşılıqlı əməkdaşlıq və ABŞ-ın ciddi dəstəyi sayəsində mümkün olduğunu vurğulayıb. Səfir bu layihə nəticəsində bütün regionun coğrafiyasının dəyişdiyini bəyan edib. O, iki ölkə arasında əməkdaşlığın enerji sektoru ilə məhdudlaşmayaraq, daha geniş sahələri əhatə etdiyini söyləyib və bu kontekstdə Azərbaycan Hava Yolları və “Boeing” şirkəti arasındakı tərəfdaşlığı və ABŞ istehsalı olan ilk Azərbaycan peykinin orbitə çıxarılmasını misal gətirib.

E.Süleymanov Azərbaycan xalqının çox mürəkkəb bir geosiyası məkanda müasir, dünyəvi və firavan bir dövlət qurmağa çalışdığını və bu dövlətin ABŞ-ın müttəfiqi olduğunu bildirib. Bu kontekstdə, səfir ABŞ-ın regiondakı müttəfiqlərinə münasibətdə strateji mövqedən yanaşmasının vacibliyini ifadə edib. O, bununla bərabər Azərbaycanın üzləşdiyi problemlərin önündə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının dayandığını xatırladaraq, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında göstərdiyi səyləri təqdir etməklə yanaşı, Azərbaycan xalqının təbii olaraq, konkret nəticələr gözlədiyini ifadə edib. Ata-baba torpaqlarından zorla çıxarılmış bir milyondan çox məcburi köçkünün açı taleyindən bəhs edən E.Süleymanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa qayğısı sayəsində məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər xüsusi olaraq vurğulayıb.

Səməd Seyidov öz növbəsində Azərbaycan üçün beynəlxalq münasibətlərin məxsusi əhəmiyyət daşıdığını izah edərək Azərbaycanın xarici siyasətinin kökündə hər kəslə dostcasına əlaqələr qurmaq məqsədinin dayandığını söyləyib. ABŞ ilə münasibətlərin mühümlüyünü vurğulayan S.Seyidov ümummilli lider Heydər Əliyev və ABŞ-ın sabiq prezidenti Bil Klintonun 1999-cu ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri haqqında sazişə atdıqları imzaların bütün Cənubi Qafqaz regionunun gələcək tarixini dəyişdiyini qeyd edib. Enerji sahəsində əməkdaşlığın Cənub Qaz Dəhlizinin yaradılması üzrə davam etdirildiyini bildirən S.Seyidov Azərbaycanın Avropa enerji təhlükəsizliyinə verdiyi töhfəyə istinad edib.

Komitə sədri ABŞ-Azərbaycan münasibətlərinin regionun gələcəyi üçün ümdə əhəmiyyət daşıdığını bildirib, lakin eyni zamanda bəzi hallarda bu münasibətləri məhdud miqyaslı problemlərin girovuna çevirmək cəhdlərinin mövcud olduğunu deyib. O, bu mənada, bir çox hallarda insan haqları ilə bağlı iddialardan Azərbaycanın Avropa və ABŞ ilə daha sıx münasibətlər qurmaq cəhdlərinin əleyhinə istifadə edildiyini söyləyib.

S.Seyidov bundan əlavə hazırda İslam dininin müasir dünya ilə uzlaşması ilə bağlı qaldırılan suallara Azərbaycanın tutarlı cavablar təqdim etdiyini söyləyib və əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvü kimi, Avropanın insan hüquqları və demokratiya kimi dəyərlərini bölüşdüyünü, qadınların cəmiyyətdə önəmli yerlərə sahib olduqlarını və ölkədə dini tolerantlığın hökm sürdüyünü bəyan edib.

Milli Məclidin deputatı Asim Mollazadə ABŞ-Azərbaycan münasibətlərinin möhkəm əsaslar üzərində dayandığını qeyd edərək, ölkələr arasında təhlükəsizlik sahəsində aparılan əməkdaşlıqdan söz açıb və Azərbaycan hərbiçilərinin müxtəlif vaxtlarda beynəlxalq koalisiyaların tərkibində Balkanlar, İraq və Əfqanıstanda xidmət etdiklərini və bu gün də Azərbaycan əsgərlərinin Əfqanıstanda Kabul aeroportunu qoruduqlarını diqqətə çatdırıb. O, Azərbaycanın həmçinin Əfqanıstanın dirçəlməsinə yönəlmiş fəaliyyətlərə verdiyi töhfələri qeyd edib və Əfqanıstandakı beynəlmiləl qüvvələr üçün hava daşımalarında Azərbaycanın rolunu vurğulayıb. A.Mollazadə bundan əlavə Avrasiya regionunda cərəyan edən hadisələrə dair öz fikirlərini bölüşüb, Azərbaycan-İsrail münasibətlərinin inkişafından söz açıb, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu daxil olmaqla, regional nəqliyyat şəbəkəsinin təsis edilməsi üçün aparılan fəaliyyətləri təqdim edib.

Məruzələrin çıxışları dinlənildikdən sonra Azərbaycanlı natiqlər moderator və iştirakçıların suallarını cavablandırıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi