Varna və Kutaisi şəhərlərinin merləri Gəncə şəhərində olublar

Varna və Kutaisi şəhərlərinin merləri Gəncə şəhərində olublar Gəncənin icra başçısı merlərin rəhbərlik etdikləri nümayəndə heyətlərini qəbul edib
Xarici siyasət
20 Dekabr , 2016 22:29
Varna və Kutaisi şəhərlərinin merləri Gəncə şəhərində olublar

Bakı. 20 dekabr. REPORT.AZ/ Gəncənin icra başçısı Elmar Vəliyev şəhərdə səfərdə olan Bolqarıstanın Varna və Gürcüstanın Kutaisi şəhər merlərinin rəhbərlik etdikləri nümayəndə heyətlərini qəbul edib.

"Report" xəbər verir ki, Elmar Vəliyev əvvəlcə Varna şəhərinin meri İvan Portnixlə görüşüb.

İcra başçısı Gəncənin 2016-cı il üçün “Avropa Gənclər Paytaxtı" seçilməsi, şəhərin tarixi, mədəniyyəti, sənaye potensialı haqqında ətraflı məlumat verib. Eyni zamanda Elmar Vəliyev qonağa Gəncə şəhərində dünyaya göz açmış Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Cavad xan, Mirzə Şəfi Vazeh kimi şəxsiyyətlər haqqında danışıb, Gəncə -2016 AGP layihəsi çərçivəsində həyata keçirilən yerli və beynəlxalq tədbirlərdən söz açıb. O bildirib ki, AGP paytaxtı olmuş şəhərlərlə gənclər sahəsində birgə layihələrin icrası, bu sahədə Gəncənin təcrübəsinin öyrədilməsi gələcək planlara daxildir.

Varna şəhərinin meri İvan Portnix şəhərlər arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, gələcək əməkdaşlığın və dostluq münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. İvan Portnix bildirib ki, 2017-ci il üçün Varna şəhərinin Avropa Gənclər Paytaxtı seçilməsi, rəhbərlik etdiyi şəhərin bu titula sahib olması çox sevindirici haldır. Bu layihənin həyata keçirlməsində isə Gəncə şəhərinin təcrübəsindən yararlanacaqlarını vurğulayıb. Mer Gəncə şəhər İcra Hakimiyyətinin başçısını dekabr ayının 21-də Varnada keçiriləcək AGP-nin açılış tədbirinə dəvət edib.

Görüşün yekununda iki şəhər arasında gələcək əməkdaşlığa dair xartiya imzalanıb. Sonda Elmar Vəliyev merə Gəncəni əks etdirən bir neçə xatirə hədiyyəsi təqdim edib.

Elmar Vəliyev daha sonra şəhərdə səfərdə olan Gürcüstanın Kutaisi şəhərinin meri Şota Murquliani ilə görüşüb.

Görüşdə Elmar Vəliyev iki qardaş şəhər arasında elmi, mədəni əlaqələrin bundan sonra da yüksək templə inkişaf edəcəyinə əminlik ifadə edib. Bildirib ki, hər iki tərəfin münasibətlərin inkişafında maraqlı olması qardaş şəhərlərlə yanaşı ölkələrimiz və xalqlarımızın manefeyinə də xidmət edir. İcra başçısı diqqətə çatdırıb ki, Gəncə ilə Kutaisi arasındakı əməkdaşlığa yeni nəfəsin verilməsi qardaşlaşan hər iki şəhər arasında əlaqələrin yeni müstəviyə qaldırılmasına, imzalanan memorandum isə bu məqsədə çatmağa təkan verəcək.

Kutaisi meri Şota Murquliani IV Beynəlxalq Şərab Festivalının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Mer xatırladıb ki, Gəncə ilə uzun illədir ki, Kutaisi qardaş şəhərdir. Bu şəhərlərin turizm potensialı, şəhər iqtisadiyyatı, hətta əhalinin yaşam tərzində də oxşarlıqlar var.

Şota Murquliani Kutaisi universitetinin aqrar fakültəsi ilə Gəncədə fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universiteti arasında birgə əməkdaşlığa dair işçi qrupunun yaradılmasını da müsbət qarşılayıb. Əminliklə bildirib ki, görüşün nəticələri müsbət olacaq və iki şəhər qardaş olduğunu əməli işlərlə ortaya qoyacaq.

Görüşdə iştirak edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov iki ali təhsil ocağının professor, müəllim və tələbələrinin əmkdaşlığını, eyni zamanda aqrar sahədən bəhs edən birgə jurnalın nəşrini təklif edib. Rektorun təklifi nümayəndə heyəti tərəfindən müsbət qarşılanıb. Görüşün yekununda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.

Son xəbərlər

Orphus sistemi