V Bakı Beynəlxalq Humanitar Forumu başlayıb

V Bakı Beynəlxalq Humanitar Forumu başlayıb Prezident İlham Əliyev forumda iştirak edir
Xarici siyasət
29 Sentyabr , 2016 09:59
V Bakı Beynəlxalq Humanitar Forumu başlayıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan paytaxtında yerləşən Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu başlayıb.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva forumun rəsmi açılış mərasimində iştirak edirlər.

Dövlət başçısı forumun açılışında nitq söyləyib.

Tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrini təmsil edən siyasət, elm və mədəniyyət elitasının görkəmli nümayəndələrinin iştirakı ilə 6 "dəyirmi masa" keçiriləcək.

Açılış mərasimində Rusiya Prezidenti Vladimir Putinin və BMT rəhbərliyinin forum iştirakçılarına müraciəti səsləndirəcək, İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrin və YUNESKO-nun baş direktorunun müavini Qetaçyu Enqida çıxış edəcək. 

Forum çərçivəsində iştirakçılar "Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru"; "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi"; "Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu"; "Davamlı inkişaf və ekoloji sivilizasiya"; "Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadrlar hazırlığı məsələləri: innovativ və etik problemlər"; "Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları" mövzularında fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, Bakı Beynəlxalq Humanitar Forumu – bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.

2010-cu ildən keçirilən forumun təşəbbüsçüləri Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın o zamankı dövlət başçısı Dmitri Medvedev olub.

Son xəbərlər

Orphus sistemi