USAİD: Azərbaycanda həyata keçirilən islahatlar sərmayə mühitini daha əlverişli hala gətirir - MÜSAHİBƏ

USAİD: Azərbaycanda həyata keçirilən islahatlar sərmayə mühitini daha əlverişli hala gətirir - MÜSAHİBƏ “Report” İnformasiya Agentliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx ilə müsahibəsini təqdim edir:
Xarici siyasət
267
30 Dekabr , 2019 16:41
USAİD: Azərbaycanda həyata keçirilən islahatlar sərmayə mühitini daha əlverişli hala gətirir - MÜSAHİBƏ

“Report” İnformasiya Agentliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx ilə müsahibəsini təqdim edir:

- Azərbaycanda həyata keçirilən struktur və iqtisadi islahatları necə dəyərləndirirsiniz? Bu islahatlarda USAİD tərəfindən həyata keçirilən proqramların payı nə qədərdir? Ölkədə daha hansı islahatların keçirilməsini məqsədəuyğun hesab edirsiniz?

- Ölkənizdə islahatlarla bağlı xeylı canlanma görürəm. Odur ki, islahatları iqtisadiyyatı və məhkəmə sistemini təkmilləşdirmək vasitəsi olaraq görən hökumətin bu yanaşmasını yüksək dəyərləndirirəm. Bunlar tərəqqi yolunda müsbət əlamətdir. Azərbaycan sərmayələr üçün daha əlverişli hala gəlir. Bu da bizim üçün çox mühüm məsələdir. ABŞ şirkətlərinin də Azərbaycana sərmayə nöqteyi-nəzərindən baxmalarını istərdik. Bunula yanaşı, kadr dəyişiklikləri də müsbət məqamdır. Prezident və komandası daha gənc, daha qabaqcıl ovqatlı şəxsləri seçirlər. Azərbaycanda məhz dəyişikliklərin baş verdiyi belə bir dövrdə olmaq çox maraqlıdır. Lakin əsas məsələ islahatların nə dərəcədə həyata keçiriləcəyidir. Əminəm ki, islahatlar kifayət qədər sürətlə icra olunacaq. Hökumətin qeyri-neft sektorunu genişləndirmək üçün addımlar atdığı nəzərə alınsa, iqtisadi inkişaf məsələlərilə məşğul olan işgüzar assosiasiyalardan tövsiyə almaq məsləhətdir. Bununla yanaşı, ixracatı artıraraq ixrac olunan məhsullar daha rəqabətcil olsun deyə ərzaq təhlükəsizliyinə dair tələbləri sərtləşdirmək lazımdır. Ümumiyyətlə, Azərbaycana sərmayə qoymağa hazırlaşan ABŞ şirkətlərini ən çox maraqlandıran məsələlər əqli mülkiyyət hüququnun qorunması, QHT-lərin qeydiyyatıdır. Məncə, hökumət bu prosesə əsl sistemli yanaşma göstəcək. Həyata keçirilməli müəyyən işlər var və Azərbaycanın bunu edəcəyi qənaətindəyəm.

 

- USAİD Azərbaycanla əməkdaşlığı daha çox hansı istiqamətlərdə həyata keçirmək niyyətindədir?

- Son bir ildə siyasətimizi, layihələrimizi hökumət üçün daha şəffaf həyata keçirməyə, onları həyata keçirərkən başlıca tərəfdaş olmağa çalışmışıq. Həmçinin hökumət üçün hazırda, görünür, öncül məsələ olan qeyri-neft sektorunu da dəstəkləyirik. Layihələrimiz iqtisadiyyatın qeyri-neft sektorunu, kənd təsərrüfatını, turizmi dəstəkləməyə yönəlir. Həmçinin özəl sektoru cəlb etmək, onunla dialoq qurmaq məsələsində də hökumətlə birgə işləyəcəyik. Bu da islahatları özəl sektorun, fermerlərin mənafeyinə uyğunlaşdırmağa kömək olacaq.

- USAİD-in Azərbaycan büdcəsi son 5 ildə nə qədər dəyişib? Azərbaycana göstərilən yardımların artıb-azalması hansı amillərdən asılıdır? 2019-cu ilin büdcəsi nə dərəcədə xərclənib, 2020-ci il üçün nəzərdə tutulan yardımlar nə qədərdir?

Bu günədək ABŞ hökuməti Azərbaycana 1,2 milyard dollar sərmayə yatırıb. Bunun 394 milyon dolları da USAİD xətti ilə reallaşıb. Son bir neçə ildir biz hər il sabit şəkildə 7,5 milyon dollar ayırırıq. Azərbaycan iqtisadiyyatı yüksəlişdə olduğu üçün proqramlarımız birgə sərmayə layihələrindən, texniki yeniliklər və ekspert rəyləri ötürməkdən ibarətdir. Fermer təsərrüfatlarına və kənd sahibkarlığına sərmayələrimiz çərçivəsində 220 şirkətə texnologiyaları təkmilləşdirmələri üçün 11,2 milyon dollar məbləğində yardım etmişik. Kənd təsərrüfatına yatırdığımız vəsaitin 600% uğurlu olduğunu yəqinləşdirmişik. Bunlar hökumətlə əməkdaşlıq çərçivəsində görülən işlərdir, sərmayə üçün çox münbit sahədir. Burada Azərbaycanın potensialı özünü göstərir. Son 5 ildə fermer məhsullarının ixracatını 75 milyon dollar artırmışıq ki, bunun 25 milyon dolları Körfəz və Avropa kimi ənənəvi olmayan bazarların payına düşür. Uzun proses olan büdcə hazırlığı hələlik tamamlanmadığı üçün 2020-ci ilə dair məlumatlar əlimizdə yoxdir.

ABŞ Administrasiyası bu yay xarici ölkələrə yardım üçün Konqresin ayırdığı vəsaitin bir hissəsini dondurmuşdu. Bu addım Azərbaycanla da bağlı təsirini göstərdimi?

Yox. Məncə, hökumətimiz Azərbaycana rəğbət bəsləyir, ona görə də bizim işimizə hər hansı təsiri olmadı. Missiyamızın fəaliyyəti göz qabağındadır və Konqres də bunu bəyənir. Burada yatırdığımız kiçik sərmayələrin böyük gəlir kətirdiyini nümayiş etdirə bilmişik.

İndiyədək USAİD ölkəmizdə müxtəlif sahələrin, xüsusilə də kənd təsərrüfatı, qida sənayesi kimi sahələrin inkişafına kömək edib. Bəs ərzaq təhlükəsizliyi sahəsində birgə planlar varmı?

Ərzaq təhlükəsizliyi ilə bağlı səmərəli, işlək sistem yaratmağa maraqlı olduğu üçün hökumətə təşəkkür etmək istərdim və USAİD-in Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə də, başqa aidiyyəti dövlət və özəl qurumlarla da əməkdaşlıq edə bilməsinə çox şadam. Azərbaycanın ixrac olunan məhsullarını insanlar arxayın alsın deyə, sertifikatla təmin olunmaları üçün keyfiyyətə nəzarət imkanlarını yaratmaq istəyirik. Bu məsələdə birgə çalışdığımız AQTA-da da həmin məsələyə böyük maraq göstərirlər. Bütövlükdə Azərbaycan kənd təsərrüfatının beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına uyğunlaşması, beynəlxalq sertifikatlar alması üçün bundan sonra da onlarla birgə çalışmaq istəyirik. Bütün bunlar Azərbaycan məhsullarının beynəlxalq bazarda daha rəqabətcil olmasını təmin edər.

USAİD yalnız dövlət sektoru ilə, yoxsa özəl sektorla əməkdaşlıq edir? Başqa ölkələrdə etdiyiniz kimi, bizdə də özəl sektorun ixracat imkanlarına dəstək vermək nəzərdə tutulurmu?

Son bir il ərzində özəl sektorun fəaliyyətinə dair yeni proqram hazırlamışıq. Bu proqramın məqsədi Avropaya, ABŞ-a, Yaxın Şərqə məhsul ixracı məsələsində hökumətə və özəl sektora kömək etməkdir. Hədəfimiz nəhəng ABŞ bazarına məhsul ixrac edən sahibkarlara buradaca dəstək verməkdir. Öncüllüklərimizdən bri də ölkələrimizin sahibkarları arasında tərəfdaşlıq əlaqələri qurmaqdır. Bu baxımdan son vaxtlar keçirilmiş Oklahoma – Azərbaycan kənd təsərrüfatı forumu da bariz nümunədir. Niyyətimiz müxtəlif ştatlarda ildə azı iki sərgi təşkil etməkdir. İqtisadiyyatımız elə qurulub ki, federal səviyyədən çox ştat hökumətləri ilə əməkdaşlığın qurulması zəruridir. Məsələn, bu ilin aprel ayında keçirilmiş İllinois Kənd Təsərrüfatı Forumu çərçivəsində ölkələrimizin kənd sahibkarları arasında 1,2 milyon dollar həcmində müqavilələr imzalanıb.

Bir neçə beynəlxalq təşkilat çərçivəsində donorlar sırasına qoşulan Azərbaycan artıq xeyli müddətdir müxtəlif ölkələrə humanitar, yaxud inkişaf yardımları göstərir. Bəs USAİD-in başqa ölkələrə dəstəklə bağlı proqramlarında iştirak etmək təşəbbüsləri irəli sürülübmü?

Azərbaycan Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq İnkişaf Agentliyinin (AİDA) bütün ölkələrə səhiyyə, təhsil, infrastriktur, idarəçilik kimi sahələrin təkmilləşdirilməsi üçün yardım göstərmək səylərini alqışlayırıq. Bununla yanaşı, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi Beynəlxalq Axtarış Xilasetmə Məsləhətçi Qrupunun (İNSARAG) üzvlüyünə daxil olmaq üçün addımlar atır. Belə üzvlük nəticəsində hər hansı ölkə fəlakət və ya başqa bir çətinliklə üzləşərsə, ABŞ kömək üçün Azərbaycana müraciət edə bilər.

Son xəbərlər

Orphus sistemi