Uruqvayda 28 May - Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə təntənəli qəbul keçirilib.
Tədbirdə çıxış edən Azərbaycanın Uruqvaydakı səfiri Rəşad Aslanov Azərbaycanda müsəlman dünyasında ilk demokratik respublikanın qurulmasının tarixi əhəmiyyətindən və qısa müddət ərzində əldə etdiyi nailiyyətlərdən bəhs edib.
Eyni zamanda səfir ölkəmizin müasir müstəqillik dövründə keçdiyi inkişaf yolu barədə məlumat verib.
Xüsusilə son illərdə Azərbaycanın əldə etdiyi nailiyyətləri, həyata keçirdiyi regional və beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələrini qeyd edib. Habelə səfir Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu və işğal altındakı ərazilərdə azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətindən danışıb.
Azərbaycan-Uruqvay əlaqələrinin son illərdə yüksək dinamika ilə inkişaf etdiyini qeyd edən səfir cari il ərzində hər iki ölkənin xarici işlər nazirlərinin baş tutan qarşılıqlı səfərlərinin əməkdaşlığa xüsusi təkan verdiyini vurğulayıb.
Eyni zamanda səfir Azərbaycanın Uruqvaya ən çox neft satan beş ölkədən biri olmasını deyib. Diplomat gələcəkdə ikitərəfli əməkdaşlığın daha da genişləndiriləcəyinə inamını ifadə edib.