Qoşulmama Hərəkatı (QH) və çoxqütblülük Qərb üçün təhdid kimi yox, təhlükəli zamanlarda sülh üçün güc kimi qəbul edilməlidir.
“Report” xəbər verir ki, bu barədə Uqanda Prezidenti, Qoşulmama Hərəkatının sədri Yoveri Museveninin “The Hill” qəzetində dərc olunan məqaləsində qeyd edilib.
O vurğulayıb ki, Qoşulmama Hərəkatına üzv ölkələr ilkin olaraq bu təşkilatın yaradılmasının təməlində dayanan bərabərlik, qarşılıqlı maraqlar və dinc yanaşı yaşama kimi ideyalar naminə hər kəslə əməkdaşlığa hazırdır.
Onun sözlərinə görə, bir çoxları Qoşulmama Hərəkatının gücünə inanmır və güman edirdilər ki, təşkilat Berlin divarının taleyi ilə üzləşəcək: “Lakin fövqəldövlətlər arasında fikir ayrılıqlarının dərinləşdiyi, bəziləri tərəfindən Qərb və Çin arasında “Soyuq müharibə 2.0”nin başladığının elan edildiyi dövrdə Qoşulmama Hərəkatı yenidən aktuallıq qazanır”.
Uqanda lideri qeyd edib ki, bu gün təşkilatda da dəyişikliklər baş verib: “4,6 milyarddan çox insanın yaşadığı 120 üzv ölkə BMT-də ən böyük ölkələr blokunu təşkil edir. Əvvəllər yoxsulluq səviyyəsinin yüksək olduğu təşkilatın üzvləri indi qlobal maliyyə mərkəzlərində, texnologiya hablarında və istehsal güclərində müxtəlif mövqelərə malikdir və enerji resurslarının ixracında əsas ölkələrə çevrilib. İnsanlıq və müxtəlifliyin böyük birliyi olan bu hərəkatın missiyası onun maraqlarına uyğun olmayan böyük rəqabət səviyyəsinə endirilməməlidir”.
Y.Museveninin fikrincə, Qoşulmama Hərəkatı bütün dünya üçün faydalıdır və onun yürütdüyü siyasət “anti-Qərb” hesab edilməməlidir: “Qlobal gərginlik artdıqca Qoşulmama Hərəkatı da kollektiv nüfuzundan müasir çağırışların öhdəsindən daha yaxşı gəlmək üçün qlobal institutlarda islahatlar aparmaq üçün istifadə edə bilər. Buna misal olaraq, BMT Təhlükəsizlik Şurasını göstərmək olar. Təhlükəsizlik Şurasında daimi veto hüququna malik olan üzvlər İkinci Dünya Müharibəsində qalib gəlmiş ölkələrdir və onlar effektiv addımların atılmasının qarşısını ala bilər”.
Xatırladaq ki, bu il yanvarın 15-20-də Kampalada (Uqanda) Qoşulmama Hərəkatının 19-cu sammiti keçirilib və bu toplantıda təşkilata sədrlik Azərbaycandan Uqandaya keçib.