Ukraynalı deputat: "Azərbaycanla münasibətlərimiz yeni səviyyəyə yüksəlir" - MÜSAHİBƏ

Ukraynalı deputat: "Azərbaycanla münasibətlərimiz yeni səviyyəyə yüksəlir" - MÜSAHİBƏ Ukrayna Ali Radasında Ukrayna – Azərbaycan parlamentlərarası işçi qrupunun həmsədri Valeri Kolyuxun “Report”a eksklüziv müsahibəsini təqdim edirik:
Xarici siyasət
155
4 Fevral , 2020 10:13
Ukraynalı deputat: Azərbaycanla münasibətlərimiz yeni səviyyəyə yüksəlir - MÜSAHİBƏ

Ukrayna Ali Radasında Ukrayna – Azərbaycan parlamentlərarası işçi qrupunun həmsədri Valeri Kolyuxun “Report”a eksklüziv müsahibəsini təqdim edirik:

- Azərbaycanla Ukrayna arasında ta müstəqilliyi bərpa etdikləri gündən möhkəm əlaqələr bərqərar olub. Bu əlaqələrin mövcud vəziyyətini necə dəyərləndirirsiniz?

- Ölkələrimiz arasında münasibətlər ənənəvi olaraq isti olub və bundan sonra da güclənəcək. Beynəlxalq miqyasda tanınan sərhədlər daxilində ərazi bütövlüyünün və suveren hüquqlarının bərpası məsələsində bir-birimizə daim göstərdiyimiz dəstək də qarşılıqlı etimadın daha da artmasını şərtləndirir. Bütövlükdə, Ukrayna ilə Azərbaycan dövlət başçıları arasındakı son görüşün nəticələrinə görə ikitərəfli iqtisadi əməkdaşlığın yeni səviyyəyə yüksəldiyini söyləyə bilərik.

- Ötən ilin sonunda Ukrayna Prezidenti Vladimir  Zelenski Azərbaycana rəsmi səfər etmiş, bir sıra sənədlər imzalanmışdı. Ölkələrimiz arasındakı əlaqələrin güclənməsi baxımdan bu səfərin nəticələrini necə görürsünüz?

- Məncə, çox uğurlu və zəngin keçən bu səfər ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, o cümlədən enerji, nəqliyyat, kənd təsərrüfatı, habelə qarşılıqlı sərmayə yatırımları istiqamətlərində əlaqələrin nəhəng potensialını və daha da genişləndirmək əzmini nümayiş etdirib. Həmçinin Ukrayna və Azərbaycan prezidentləri - Vladimir Zelenski və İlham Əliyevin Azərbaycan – Ukrayna biznes forumunda iştirakı da mühüm hadisəyə çevrildi, ölkə başçılarının iqtisadi ticarət əlaqələrini daha da inkişaf etdirmək niyyətinin ciddi olduğunu ortaya qoydu.

- Ukraynadakı Azərbaycan diasporu kifayət qədər böyükdür, təşkilatları var. Ukraynada Azərbaycan diasporunun, Azərbaycanda Ukrayna diasporunun rolu barədə fikirləriniz necədir?

- Xaricdəki ən böyük Azərbaycan diasporlarından biri də Ukraynadadır. Ukraynada Azərbaycan diasporu həmişə mütəşəkkil və həmrəy olub. Azərbaycanlıların birləşmək, öz mövqelərində ardıcıl olmaq bacarığı bizim üçün layiqli nümunədir. Ukrayna parlamentində Azərbaycanla parlamentlərarası əlaqələrə dair deputat qrupunun bu yaxınlardakı ilk iclasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov da ölkələrimiz arasında həmişə yaxşı münasibətlərinin, qarşılıqlı dəstəyin olduğunu bildirmişdi. Ukraynada Azərbaycan sahibkarlıq qurumları da fəaliyyətlərini genişləndirməyə maraq göstərir. “SOCAR Ukraine”nin fəaliyyətini genişləndirəcəyi barədə açıqlaması, “Bakcell” mobil operatorunun “Vodafon Ukraine”ni satın alması bütün sərmayəçilər üçün gözəl nümunə oldu. Ukrayna dövlət başçısı Vladimir Zelenskinin SOCAR prezidenti Rövnəq Abdullayevlə əvvəlcə Davosda, sonra Kiyevdə görüşləri də gələcək baxımdan mühüm addımdır. Tərəflər Ukraynanın infrastruktur layihələrinə, müəssisələrinə, qaz nəqli şəbəkəsinə sərmayə yatırmağın vacibliyini bildirdilər. Azərbaycanda Ukrayna diasporuna gəlincə, “Azərbaycan Ukraynalı Konqresi” təşkilatının fəaliyyəti çərçivəsində Azərbaycanda Ukrayna mədəniyyətinin inkişafı, o cümlədən Ukrayna kinosu günlərinin keçirilməsi, Azərbaycan universitetlərində Ukrayna dilinin tədrisi üçün geniş perspektivlər olduğu qənaətindəyəm. Həmçinin Azərbaycanda Ukraynanın fəxri konsulluğunun açılması da zəruridir.

- Azərbaycan ilə Ukrayna bir-birini beynəlxalq miqyasda, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də dəstəkləyirlər. Bu baxımdan ölkələrimizin əlaqələrini necə dəyərləndirirsiniz? Məsələn, Ukrayna ilə Azərbaycan BMT-də işğal olunmuş ərazilərlə bağlı birgə qətnamə layihəsi təqdim edə bilərmi?

- Ukrayna da, Azərbaycan da beynəlxalq hüquq prinsiplərinə sadiqdir, bu məsələdə mövqelərimiz üst-üstə düşür. Hazırkı gündəmin mühüm maddəsi regional və milli təhlükəsizliyi təmin etməkdir. Burada mən Ukraynanın şərqindəki müharibəni və Dağlıq Qarabağ münaqişəsini nəzərdə tuturam. Ukrayna prezidenti də beynəlxalq miqyasda tanınan sərhədlər çərçivəsində ərazi bütövlüyünün və suveren hüquqlarının bərpası məsələsində ölkələrimiz arasında qarşılıqlı dəstəyin olduğunu dəfələrlə bildirib. Bu istiqamətdə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətimizi davam etdirir, birgə mövqeyimizi qoruyub saxlayırıq.

- GUAM təşkilatının, bu təşkilatda iki ölkə arasında əməkdaşlığın gələcəyini necə görürsünüz? Bu təşkilat çərçivəsində əməkdaşlığın hansı perspektivli istiqamətlərini qeyd edərdiniz? Həmçinin QDİƏT çərçivəsində ölkələrimizin əməkdaşlığı, bu qurumun mümkün inkişaf istiqamətləri barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Bütövlükdə, Demokratiya və Strateji İnkişaf Uğrunda Təşkilat GUAM-ın üzv ölkələri arasında əməkdaşlığı daha da dərinləşdirməyin geniş perspektivlərini görürəm. Ukrayna prezidentinin Azərbaycana səfəri ərəfəsində də təşkilat üzvləri arasında görüş keçirilmişdi, daha çox iqtisadi məsələlər, o cümlədən sərbəst ticarət zonasının yaradılması, gömrük rüsumlarının sadələşdirilməsi, əlverişli sərmayə mühitinin bərqərar olması ilə bağlı müzakirələr aparıldı. Fikrimcə, hazırda iqtisadi əməkdaşlıq məsələləri ön plana çıxır. Təşkilat üzvləri daxili əlaqələrini artırmaq, birliyi geniş tanıtmaq ehtiyacını qeyd etsələr də, bu təşkilatın yaxşı potensialı var. Azərbaycan ilə Ukrayna dövlət başçılarının görüşü zamanı da bu təşkilata bağlanan ümidlər dilə gətirildi: hər iki ölkəmiz regionda təhlükəsizlik və sabitliyə, iqtisadi inkişafa, o cümlədən sərmayələrin və infrastrukturunun artmasına, insanlar səviyyəsində mədəni mübadilənin genişlənməsinə səy göstərirlər. QDİƏT çərçivəsində əməkdaşlığa gəlincə isə Avropa – Qafqaz – Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı, Aİ, Qafqaz, Orta Asiya ölkələri arasında ticarət mübadiləsində Ukraynanın Qara dəniz limanlarının daha böyük yer tutması perspektivli istiqamətə çevrilə bilər.

- Ukrayna Kəmər və Yol beynəlxalq təşəbbüsünə də maraq göstərir. Ukraynanın Qara dəniz ölkəsi olması, Azərbaycanın isə Qafqaz ilə Orta Asiya arasında mühüm halqa olması nəzərə alınsa, hər iki ölkə bu layihə çərçivəsində yaxından səmərəli əməkdaşlıq edə bilər. Ukraynanın və Azərbaycanın nəqliyyat potensialının uzlaşması nəticəsində sözügedən təşəbbüsün gələcəyinə dair fikirləriniz nədən ibarətdir? Ölkələrimiz daha hansı layihələr çərçivəsində əməkdaşlıq edə bilər?

- Ukrayna Trans-Xəzər nəqliyyat dəhlizinin iştirakçısıdır. Bu istiqamətin əhəmiyyəti ölkəmizin şərqində Rusiya ilə sərhədin müəyyən hissəsinə nəzarət etməməyimiz ucbatından daha da artıb. Mərkəzi Asiya bazarlarına çıxmamız üçün Azərbaycanın sürətlə inkişaf etdirilən nəqliyyat infrastrukturu faydalı ola bilər. Bununla yanaşı, Ukrayna Cənub Qaz Dəhlizini dəstəkləyərək bu layihəni genişləndirmək imkanlarını da araşdırmağa hazır olduğunu açıqlayıb. Bu layihə Avropa ölkələrinə qaz tədarükü xətlərini şaxələndirmək imkanlarını qazandırır. Bütövlükdə, ölkələrimizin nadir tranzit imkanları işə salınmalı, müvafiq infrastruktur da inkişaf etdirilməlidir. Fikrimcə, açıqlanan niyyətləri həyata keçirməklə bağlı konkret planlar iqtisadi əməkdaşlıq üzrə Ukrayna – Azərbaycan Hökumətlərarası Komissiyasının yanvarın 29-31-də Kiyev şəhərində keçirilən 12-ci iclasının nətricələrinə görə ortaya qoyulacaq.

- Ukrayna ilə Azərbaycan xalqlarının yaxınlaşmasında mədəni əlaqələrin əhəmiyyəti barədə nə deyə bilərsiniz? 

- Mən Ukrayna parlamentində təhsil, elm, innovasiyalar komitəsinin üzvü kimi Azərbaycan gənclərinin Ukraynaya ali təhsil dalınca gəlmələrinə, Ukraynadakı əcnəbi tələbələr arasındakı təmsil olunan ölkələr arasında Azərbaycanın üçüncü yer tutmasına şadam. Bizim komitə ölkəmizdə təhsilin keyfiyyətini yüksəltmək, təhsil imkanlarını artırmaq istiqamətində böyük işlər görür. Ümidvaram ki, bu meyllər gələcəkdə də davam edəcək. Həmçinin elmi texniki əməkdaşlığın inkişafı, tibb sahəsində müştərək layihələr icra etmək barədə Ukrayna hökumətinin açıqladığı planlarını da qeyd etmək istərdim. Biz Azərbaycan mədəniyyətinə hörmət bəsləyir və Azərbaycan tərəfindən cavab addımlar görürük. Mədəni əlaqələrinin güclənməsinə yönələn bütün bu addımlar ölkələrimiz arasında etimadın yüksəlməsinə təkan verir.

- Kurort və istirahət bölgələrinin inkişafı sahəsində böyük təcrübəsi olan Ukrayna azərbaycanlı turistlərini necə cəlb edə bilər?

- Ölkələrimiz arasında turizm əməkldaşlığının inkişafı üçün böyük imkanlar var. Məncə, bu məsələdə keyfiyyətli nəqliyyat infrastrukturunun olması ilə sərhədi keçməklə bağlı qaydalar başlıca əhəmiyyət daşıyır. Bununla bağlı GUAM ölkələri vətəndaşları üçün sərhədləri keçmək qaydalarını sadələşdirmək, bu ölkələrlə hava, dəmir yolu, avtomobil nəqliyyatı bağlantılarını inkişaf etdirmək barədə prezident Zelenskinin təkliflərini dəstəkləyirəm. Bizim Qərbi Ukraynadakı Truskavets, Morşin, Sxidnitsya istirahət yerlərinə, Bukovel xizək kurortuna Azərbaycanda maraq olduğunu bilirəm. Odur ki, Bakı – Lviv istiqamətində təyyarə uçuşlarının təşkili və artırılması gündəmin mühüm məsələlərindəndir. Yaxın vaxtlarda Azərbaycan Turizm Agentlikləri Asosiasiyaları ilə Ukrayna İqtisadi İnkişaf, Ticarət, Kənd Təsərrüfatı Nazirliyi nəzdində Turizm və Kurortlar Departamentinin təşkilatçılığı ilə ikitərəfli turizm forumu da keçiriləcək.

- Bəs hərbi sənaye sahəsində ölkələrimiz arasında əməkdaşlığı necə qiymətləndirirsiniz?

Hər iki ölkənin hərbi münaqişələrə cəlb olunduğu nəzərə alınsa, müdafiə əməkdaşlığının əhəmiyyəti aydın olur. Hərbi texniki əməkdaşlıq istiqamətində Azərbaycan Respublikası başlıca tərəfdaşlarımızdan biri olaraq qalır. Fikrimcə, müdafiə sahəsində, texnologiyalar mübadiləsində innovasiyaların tətbiqi daha böyük əhəmiyyət kəsb edir. “ADEX-2020” beynəlxalq müdafiə sərgisində Ukraynanın iştirak etməsi də müştərək layihələrin inkişafı üçün mühüm təkan ola bilər.

Son xəbərlər

Orphus sistemi