"Azərbaycan Ukrayna üçün dost və tərəfdaş ölkədir, bundan bölgələrarası münasibətlər üçün də daha çox yararlanmalıyıq".
Bunu "Report"un Avropa bürosuna açıqlamasında Ukraynanın İvano-Frankovsk vilayətinin qubernatoru Vitaliy Fedorıv bildirib.
O qeyd edib ki, xüsusilə pandemiya dövründə ölkə sakinlərinin sağlamlığı istiqamətində Azərbaycandan faydalanacaq nümunələr var:
"Bəli, biz müşahidə etdik ki, sosial izolyasiya və digər qabaqlayıcı tədbirlər sayəsində Azərbaycan COVID-19 təhlükəsindən uğurla çıxır. Bizdə, xüsusilə bizim vilayətdə, təəssüf ki, bəzi şəhərlər sarı zonadadır. Bu, o deməkdir ki, koronavirus riski daha artıq olaraq qalır. Biz Azərbaycanın ölkə əyalətləri üçün bu yöndə gördüyü tədbirlərdən təcrübə mübadiləsi aparmaq istərdik".
Qubernator həmçinin bildirib ki, postpandemiya dövründə rəhbərlik etdiyi vilayət ilə Azərbaycan arasında iqtisadi əlaqələri, sərmayə qoyuluşunu genişləndirmək olar:
"Prezident cənab Zelenskiy ötən ilin sonu Bakıya səfərində də bunu qeyd etdi. Azərbaycan bizim üçün cəlbedici məkandır. Ölkələrimiz arasında hazırda diplomatik və digər əlaqələr intensiv mərhələyə keçib. Bizim vilayətdə yaşayan azərbaycanlılar ictimai-siyasi mühitdə olduğu kimi, tarixi vətənlərinin tanıtımı üçün bu baxımdan da fəaldırlar. Ölkələrimiz arasında münasibətləri çox uğurlu gələcək gözləyir", - V. Fedorıv əlavə edib.