Ukrayna Ali Radası (parlamenti) korrupsiyaya qarşı siyasət komitəsi sədrinin birinci müavini Yaroslav Yurçişinin “Report”un Şərqi Avropa bürosuna müsahibəsi.
- Ukrayna parlamenti yeni daxili işlər nazirinin namizədliyini təsdiq etdi. Siz keçmiş naziri korrupsiyaya qarşı mübarizədə ardıcıl olmadığı üçün tənqid edənlərdəndiniz. Sizcə, yeni nazir sələfinin səhvlərini təkrar etməmək üçün öz fəaliyyətini necə qurmalıdır?
- Yeni nazir Denis Monastırskiy sələfi Arsen Avakovun yaxın ətrafını toxunulmaz zümrəyə çevirməklə yol verdiyi səhvi təkrar etməməlidir. Korrupsiyaya qarşı mübarizənin vacib şərti qanun qarşısında hamının bərabər olmasıdır. Yəni yeni nazir DİN rəhbərliyində, Fövqəladə Hallar Xidmətində, Milli Qvardiyada belə toxunulmazlıq sistemini aradan qaldıra bilsə, onda korrupsiyaya qarşı mübarizəyə öz layiqli töhfəsini vermiş olar. Əvvəla, o özü şəxsən korrupsiyaya qarşı dözümsüz olmalıdır.
- Bəs korrupsiyaya qarşı tədbirlərlə bağlı Sizin hər hansı təklifiniz varmı?
- Məsələn, intizam komissiyalarının verdiyi dəyərləndirmələrə müstəqil ekspertləri, vətəndaş cəmiyyəti nümayəndələrini, bəlkə hətta beynəlxalq tərəfdaşları da cəlb etmək yaxşı olardı. Belə ki, polis, Milli Qvardiya, Dövlət Gömrük Xidməti və s. nümayəndələrinin addımlarına qiymət verilməsinə hər hansı qurumun nümayəndəsi olmayan, yalnız məşvərətçi statusa malik olan, qərar verilməsində iştirak etmək hüququ olmayan müstəqil ekspertləri cəlb etmək çox faydalı olardı. Bu sahədə Azərbaycan polisilə də birgə çalışmaq mümkündür.
- Ukrayna 8 ildir Avropaya inteqrasiya üçün islahatlar keçirsə də, bu istiqamətdə ləngimələr var. Məsələn, korrupsiya və oliqarxiyanın ciddi problem olaraq qalması KİV-də, sosial şəbəkələrdə müzakirə mövzusudur. Bu problemlərin həllinə mane olan amillər hansıdır?
- Bəli, Ukrayna Avropaya inteqrasiya istiqamətində xeyli yol qət edib. Avropa İttifaqı ilə assosiasiya sazişimiz var. Vətəndaşlarımız üçün vizasız rejim tətbiq olunub. Bununla yanaşı, ləngimələr olduğunu qəbul etmək lazımdır. Doğrudan da enerji sahəsinin, mədənçilik sahəsinin müasirləşməsi, ekologiya, məhkəmə sistemi kimi sahələrdəki islahatlarda oliqarxlar deyilən həmin o qruplar maraqlı deyil. Oliqarxların bu sahələrə təsirini minimuma endirməyin yeganə yolu var, o da qanunun aliliyini təmin etməkdir. Hər kəs, maliyyə imkanları nə olursa-olsun, qanun qarşısında bərabər olmalıdır. İkinci şərt də hüquq mühafizə orqanlarının səmərəli fəaliyyət göstərməsidir.
- Məsələn, Gürcüstanda bu iş tez başa gəldi, Ukraynada isə ləngiyir. Bunun səbəbi nədir?
- Belə baxanda Gürcüstanda da oliqarxların nüfuzdan məhrum olunduğunu söyləmək düzgün olmazdı. Orada əsas siyasi hərəkatların arxasında elə maliyyə-sənaye qruplarının durduğunu görürük. Bunların bir çoxu, o cümlədən İvanişvili Rusiya ilə birbaşa əlaqə qurublar. Bəli, Gürcüstanda islahatların birinci mərhələsi tez baş tutub, amma bir çoxu da sona çatdırılmayıb. Gürcüstan Avropa standartlarına Ukraynaya nisbətən daha yaxın olsa da, bu yaxınlıq Aİ və yaxud NATO üzvlüyünü gündəmə gətirmək üçün kifayət etmir. Halbuki postsovet ölkələri üçün bu təşkilatlarda üzvlük məsələsi Rusiya Federasiyasının təcavüzkarlığına qarşı ciddi strateji vasitədir. Ukraynada bunun ləngiməsinə başlıca səbəb 2014-cü ildə, yəni bizdə islahatların ən qızğın dövründə Krım, Donetsk və Luqansk vilayətlərinin Rusiya tərəfindən işğal olunması oldu. Beləcə, ölkədəki islahatlara sərf olunacaq çox böyük ehtiyatlar müdafiə məqsədlərinə yönəldilməli oldu. Bununla yanaşı, Ukraynada siyasi elitanı köklü şəkildə dəyişdirmək mümkün olmadı, hətta "Ləyaqət İnqilabı"ndan sonra belə, bir çox maliyyə-sənaye qruplarının parlamentdə də, hökumətdə də öz adamları vardı, indinin özündə də var. Bu baxımdan oliqarxların yaratdığı inhisarçılığı zəiflətmək, sivil sahibkarlığa dönmək baxımından Ukraynaya beynəlxalq sərmayələri cəlb etmək, o cümlədən Azərbaycan, Türkiyə sərmayələrinin mənafelərini qorumaq çox mühüm məsələdir. İnhisarçılıq nə qədər az olsa, real vergilərin olduğu gerçək iqtisadiyyat ehtimalı bir o qədər çox olar. Bütün bunlarla yanaşı, 2014-cü ildən sonra biz Avropaya inteqrasiyada, korrupsiyaya qarşı mübarizədə daha sistemli tədbirlər görməyə başlamışıq. Məsələn, bizdə uzun illər toxunulmaz sayılan hakimlərlə bağlı Ali Antikorrupsiya Məhkəməsinin bir neçə qərar verməsi görünməmiş haldır. Yəni irəliləyiş var.
- Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır və bu yaxınlarda qəbul edilmiş Ukrayna Milli Təhlükəsizlik Strategiyasında da əks olunub. Bəs Azərbaycanla parlamentlər səviyyəsində, xüsusilə də Sizin nəzarətinizdə olan sahələrdə əlaqələrlə bağlı yeni mərhələdə hansı tədbirlər görülməsini təklif edərdiniz?
- Ukrayna və Azərbaycanın birgə mənafeyi baxımından korrupsiyaya qarşı mübarizə əsas öncüllük olmasa da, maliyyə cinayətlərinə qarşı mübarizədə əməkdaşlıq, hüquq mühafizə orqanlarımız arasında məlumat mübadiləsi çox mühümdür, çünki korrupsiya problemi artıq beynəlxalq səviyyəyə çıxır. Bununla yanaşı, Azərbaycan Ukrayna üçün bir neçə baxımdan çox yaxın ölkədir. Əvvəla, hər iki ölkə qarşısında sizin artıq qaytardığınız, bizim isə hələ qaytaracağımız işğal olunmuş torpaqların bərpası kimi geniş əhatəli bir mövzu var. Bu problemin həlli çox böyük sərmayə yatırımları, qarşılıqlı əməkdaşlıq olmadan mümkün deyil. Fikrimcə, Ukrayna müəssisələri də bu istiqamətdə xeyli iş görə bilər və bunda maraqlıdır. Azərbaycan enerji sahəsində Ukraynanın böyük tərəfdaşıdır. O cümlədən SOCAR Ukraynada ən uğurlu xarici sərmayədarlardandır. SOCAR bizə gələndən sonra bir çox maşın sahibi dostlarım ölkədə bütövlükdə neft məhsullarının keyfiyyətinin yüksəldiyini deyiblər. Hazırda Ukrayna üçün çox ümdə məsələ qaz nəqli məsələsidir. Türkiyə və Azərbaycan tərəfindən inşa olunan “Şimal Axını-2”yə alternativ layihələr çox maraqlıdır. Həmçinin Ukrayna – Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun həmsədri, həmkarım Marian Zabolotskiy elə bu yaxınlarda daha bir perspektivli istiqamət olan 4G rabitəsinin inkişafından bəhs etmişdi. Bu sahəyə azərbaycanlı sərmayədarları cəlb etmək üçün görülən işlər son mərhələdədir. Ukraynada mobil rabitə Avropaya baxanda elə də baha deyil, amma burada görüləcək işlər çoxdur. Ölkəmizin bir hissəsində mobil rabitə şəbəkəsi yoxdur. Eyni zamanda rəqəmsallaşma, dövlət xidmətlərinin göstərilməsi və dəyişməsi, İKT-nin tətbiqi böyük gələcək vəd edir. Bu sahədə əməkdaşlığımızın davam edəcəyinə çox inanıram. Həmçinin iqtisadi və yaxud hüquq mühafizə sahəsində əməkdaşlığa nisbətən çox əhəmiyyət verilməyən mədəniyyət, gənclər, idman sahələrinin öncüllük sayılması da sevindiricidir. Kiyev şəhərində Azərbaycan mütəfəkkirlərinə heykəllər ucaldılır, Xarkov şəhərində də səhv etmirəmsə, Nizami Gəncəvi Mərkəzi yaradılır. Müslüm Maqomayevin heykəli var. Eyni zamanda Bakı Slavyan Universitetində çox güclü Ukrayna dili kafedrası var. Ölkələrimiz arasında GUAM, Şərq Tərəfdaşlığı çərçivəsində strateji əməkdaşlıq var. Hazırda ən perspektivli əməkdaşlıq istiqaməti infrastruktur layihələridir. Həm də prezident Zelenskinin qarşıya qoyduğu başlıca vəzifələrdən biri geniş infrastruktur yaratmaq olduğu üçün magistral yollar və s. tikintisilə bağlı Azərbaycanın topladığı təcrübə Ukrayna üçün daha böyük maraq kəsb edir.
- Sizcə, Ukrayna Azərbaycanla, başqa yeni strateji tərəfdaşları ilə əməkdaşlıqda hansı məqamlara üstünlük verməlidir?
- Sistemli yanaşma olmalıdır. Ukraynanın həmişə tez-tez tənqid olunduğu məsələ layihələrin icrasına başladıqdan bir müddət sonra hansısa problemlərin üzə çıxması, nəticədə hətta ciddi, strateji əhəmiyyətə malik layihələrin yarımçıq qalmasıdır. Mürəkkəb bir regionda sabitlik nümunəsi olan Azərbaycan öz məqsədlərinə doğru ardıcıl irəliləyən, bunun üçün sərmayə qoymağa hazır olan bir ölkə kimi əlbəttə, məsələn, Ukrayna tərəfindən hər hansı hakimiyyət dəyişikliklərinə baxmayaraq, qarşılıqlı olaraq strateji əlaqələr qurulmasını layiqincə dəyərləndirəcək. O cümlədən azərbaycanlı sahibkarların, sərmayədarların mənafeyinin zəmanət altına alınması vacibdir. Belə ki, bizdə vergi, hüquq mühafizə orqanlarının qeyri-qanuni vasitələrlə sahibkarlığa təsir göstərməyə çalışmaları barədə tez-tez xəbərlər yayılır. Yeri gəlmişkən, bu baxımdan Ukrayna – Azərbaycan parlamentlərarası qrupunun həm əvvəlki, həm də cari heyətinin çox fəal olduğunu qeyd etməliyəm.
- Ukraynada azərbaycanlılar uzun illərdir ölkənin ictimai-siyasi həyatında, o cümlədən yeni siyasi xəttin icrasında yaxından iştirak edir. Bu fəaliyyət parlament səviyyəsində dəyərləndirilə bilərmi?
- Bu istiqamətdə işlər gedir. Hazırda millət vəkillərimiz arasında Krım tatar xalqının bir nümayəndəsi var, son seçkilərdə namizədlərin siyahısında isə Ukrayna müsəlman icmasının nümayəndələri qeyd olunub. Ukraynada böyük Azərbaycan diasporu var. Ölkədə növbəti seçkilər açıq regional siyahılarla keçiriləcək. Ukraynanın şərqində, Zaporojyedə xeyli azərbaycanlı diaspor nümayəndələri var. Yadımdadır, 2019-cu ilin seçkilər dövründə azərbaycanlı diaspor nümayəndələrilə görüşürdük, amma o vaxt seçki erkən olduğu üçün çoxlu çağırışlar vardı. İndi isə Ukraynadakı azərbaycanlı diaspor nümayəndələrinə müxtəlif siyasi qruplarla əlaqələri daha fəal şəkildə qurmağı tövsiyə edərdim. Belə ki, parlamentin keçmiş heyətlərində, həmçinin müxtəlif partiyalarda azərbaycanlılar olub. Sahibkarlığı hüquq mühafizə orqanlarının da, rəqiblərin də qanunsuzluqlarından qorumağın ən səmərəli yolu parlamentlərarası qrupla birbaşa əlaqə qurmaq, habelə parlamentdə, hökumətdə azərbaycanlıların təmsil olunmalarıdır. Hazırkı əməkdaşlıq mühitinə görə partiyalar da azərbaycanlı diaspor nümayəndələrini cəlb etməkdə maraqlı olacaq.
- Ukraynada azərbaycanlı sahibkarlara təzyiq halları məlumdur. Bu kimi problemlər Azərbaycan tərəfilə əməkdaşlıq şəraitində həll oluna bilərmi?
- Bu, təkcə azərbaycanlı sahibkarların problemi deyil, bizə kanadalı, amerikalı, türkiyəli və s. sahibkarlar da müraciət edir. Bu yaxınlarda hətta kanadalı sərmayədar layihədən çıxdığını elan etdi. Ona görə də belə hallarda susmamaq, birbaşa parlamentə müraciət etmək çox mühümdür. Bizim hüquq mühafizə orqanlarının fəaliyyətinə nəzarət səlahiyyətimiz var. Hazırda parlamentdə sərmayədarlarla işləyən xüsusi istintaq komissiyası var. Yəni belə məsələlərdə susmamaq, dərhal nəzarət qurumlarına və parlamentə müraciət etmək vacibdir.
- Parlamentdə islahatların ən həssas nöqtəsi olan korrupsiyaya qarşı siyasət nəzarətinizdədir. Ukrayna üçün çox ağır olan bu problemi nə zaman həll edə biləcəyinizi indidən deyə bilərsinizmi?
- Hər bir islahatın ən həssas yeri məhkəmə sisteminin səmərəsizliyidir. Bu günlərdə qəbul etdiyimiz iki qanun məhkəmə sistemini dövlət mənafeyi üçün yox, öz ciblərini doldurmaq üçün işləyən adamlardan təmizləməkdə səmərəli vasitə olmalıdır. Prezidentin təşəbbüsü ilə qəbul edilən həmin qanunlar səmərəli şəkildə icra olunarsa, 1,5-3 il ərzində korrupsiyaya qarşı mübarizənin böyük bir mərhələsi tamamlanmış olacaq. Belə ki, bütün məsələlərə məhkəmələrdə baxılacaq, milliyyəti nə olursa-olsun, hər bir vətəndaşın, sahibkarın hüquqları qanuni şəkildə təmin olunacaq. İndi mülkiyyətin qəsb olunması, yaxud qanunsuz əldə edilmiş mülkiyyətin yeni sahiblərə ötürülməsi məhkəmələr tərəfindən qanuniləşdirilir ki, bu da ağrılı problemlərimizdəndir. Məhkəmələr müstəqil olduqdan, qanunun keşiyində durduqdan, peşəkar fəaliyyət göstərdikdən sonra bütün əngəllər dəf ediləcək.