Ukraynalı deputat: "Azərbaycanın sosial layihələrin həyata keçirilməsi sahəsindəki təcrübəsini öyrənmək lazımdır" - MÜSAHİBƏ

Ukraynalı deputat: "Azərbaycanın sosial layihələrin həyata keçirilməsi sahəsindəki təcrübəsini öyrənmək lazımdır" - MÜSAHİBƏ "Yaxın vaxtlarda Ukrayna və Azərbaycanı yalnız qarşılıqlı əlaqələrdə yaxşılaşma yox, həm də bir sıra sahələr üzrə sıx əməkdaşlıq gözləyir"
Xarici siyasət
19 May , 2017 13:02
Ukraynalı deputat: Azərbaycanın sosial layihələrin həyata keçirilməsi sahəsindəki təcrübəsini öyrənmək lazımdır - MÜSAHİBƏ
Report.az

Kiyev. 19 may. REPORT.AZ/ Ukrayna xalq deputatı, Ukrayna Ali Radasının Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə deputat qrupunun üzvü Borislav Beryozanın "Report" agentliyinə müsahibəsi:

- Ukrayna və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq daha intensiv inkişaf etməyə başlayıb. Bu fikirlə razısınızmı? Ölkələr arasındakı əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Yaxın vaxtlarda Ukrayna və Azərbaycanı yalnız qarşılıqlı əlaqələrdə yaxşılaşma yox, həm də bir sıra sahələr üzrə sıx əməkdaşlıq gözləməsi fikriylə razıyam. Bu barədə siqnallar Petro Poroşenko və İlham Əliyev arasındakı görüşlərdə verilib. Məhz o zaman ölkələrimiz arasındakı münasibətlərdə müsbət məqamlarla dolu olacaq yeni səhifə açıldığına əminlik yarandı. İndi iki ölkə və rəsmi şəxslər arasında fəal danışıqlar gedir. O cümlədən, bizim parlament nümayəndə heyəti bu yaxınlarda Azərbaycanda olub, indi də azərbaycanlı həmkarlarımız - parlamentarilər Kiyevə gəliblər. Eyni zamanda, Azərbaycan nümayəndələri ilə AŞPA-da danışıqlar aparmışıq. Odur ki, münasibətlərin yaxşılaşdığını deyə bilərəm. Bu proseslərin daha sıx olmasını istərdim, amma necə deyərlər, biz asta-asta qoşulub, tez gedirik.

- Son zamanlar Azərbaycan diasporunun nümayəndələri müntəzəm olaraq Ukraynada soydaşlarımıza qarşı cinayət törədilməsi barədə məlumat yayır. Bu cür faktları necə şərh edərdiniz?

- Belə deyək, bu, tam elə "köynəyinin öz bədəninə daha yaxın olduğu" haldır. Təəssüf ki, Ukraynada kriminogen durum qaydasında deyil. Bu gün insanlar yalnız milli duyğulardan yox, həm də sosial ab-havadan əziyyət çəkir. Kriminal hadisələrə daha çox az qorunanlar və ya maddi cəhətdən yaxşı təmin olunanlar məruz qalır. Çünki adətən oğrular nəyisə olanı və ya qarşılıq verə bilməyəni qarət edirlər. Zəngin və yazıq ukraynalıları, zəngin və yazıq yəhudiləri, milliyətindən asılı olmayaraq, kriminaliteti maraqlandıranların hamısını qarət edirlər. Mən hətta qarət olunmuş xalq deputatlarını tanıyıram. Məsələn, İrina Suslova. O, BPP fraksiyasının, koalisiyanın üzvüdür, amma yenə də qarət edilib. O, Azərbaycan diasporuna heç bir aidiyyəti olmayan ukraynalıdır. Parlamentdəki həmkarlarımdan birinin bu yaxınlarda avtomobilini oğurlayıblar. Ölkəmizdə kriminogen vəziyyətlə bağlı ciddi problem var və onu kompleks həll etmək lazımdır. Burada söhbət etnik yanaşmadan yox, sistemin özündən gedir.

Bu yaxınlarda azərbaycanlılara qarşı cinayətlərin törədilməsi bəyanatlarıyla əlaqədar Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev ilə Ukraynanın baş prokuroru Yuri Lutsenko arasında görüş keçirilib, eyni zamanda səfir daxili işlər naziri Arsen Avakov ilə görüşüb. Bildiyim qədər, yalnız anlaşma nöqtələri yox, həm də müəyyən həll yolları tapılıb, tərəflər bu və ya digər məsələlərdə bir-birinə yardım etmək üzrə öhdəliklər götürüblər. Ümid edirəm ki, bu məsələ də tezliklə həll olunacaq. Amma təkrar edirəm, bu, hansısa xüsusi etnik məsələ deyil, bu, Ukraynanın şərqindəki vəziyyətdən, çoxlu sayda silahdan, kriminalitetdən, cinayət törədən xeyli insanın məsuliyyətdən qaçmasından qaynaqlanan kriminogen durumla bağlı məsələdir.

- Nə üçün Ukrayna-Azərbaycan parlament qrupunda işləməyi seçmisiniz?

- Belə alındı ki, deputatlıq işim çərçivəsində Azərbaycanın səfiri Azər Xudiyev mənə müraciət etdi və mən ona yardım etdim. Sonra azərbaycanlılarla bir sıra görüşlər keçirildi, onlar da müəyyən yardımlar istədilər, beləliklə, müəyyən qarşılıqlı əlaqələr yarandı. Bunun əsasında Ukrayna-Azərbaycan parlament qrupunun üzvü oldum. Məni dəvət etdilər və bu təklifin ağlabatan olduğunu düşündüm. Bu, təxminən ilin əvvəlində baş verib.

Hesab edirəm ki, Azərbaycan Ukrayna üçün çox əhəmiyyətli tərəfdaşdır. Azərbaycan ilə əlaqələrin qurulması yalnız ölkələr arasında müəyyən iqtisadi və siyasi əlaqələri yaxşılaşdıra bilməz, həm də gələcək üçün vacib müttəfiqlik layihəsi ola bilər. Azərbaycanın da Ukrayna kimi çox yaxşı potensialı var, eləcə də hər iki ölkə eyni problemdən əziyyət çəkir.

- Necə düşünürsünüz, Ukrayna və Azərbaycan arasında kəskin, problemli məsələlər var? Əgər varsa, onları necə həll etmək olar?

- Problemli məsələlər daha çox ticarət sahəsi ilə bağlıdır. İş ondadır ki, son zamanlar Azərbaycan şirkətlərinə məxsus içi dolu məhsul olan yük maşınlarının oğurlanması problemi var. Bəli, belə problem var. Amma Azərbaycanda elə görürlər ki, sanki bu problem yalnız azərbaycanlılara qarşı var. Amma bu tip problemlərlə təkcə digər etnik qrupların nümayəndələri yox, bütünlükdə biznes strukturlar üzləşir. Ümid edirəm, məsələ yaxın gələcəkdə həllini tapacaq. Əslində, bəzən anlaşılmazlıq olur, bəzən sadəcə, səhlənkarlıq. Hər iki halda məsələnin həlli üçün maksimum səy və kompleks fəaliyyət göstərilir.

- Bu yaxınlarda deputat qrupunun heyətində Azərbaycana işgüzar səfər etmisiniz. Ukrayna Azərbaycandan nə öyrənə bilər? Eyni zamanda, Ukrayna Azərbaycana nə təklif edə bilər?

- Məncə, Ukrayna Azərbaycana hərbi-sənaye kompleksi sahəsində böyük təcrübə verə bilər. Hazırda Azərbaycanın "Prozorro" satınalma sisteminə maraq göstərdiyini bilirik. Ümid edirəm ki, Ukrayna nümayəndə heyəti tezliklə Azərbaycana səfər edəcək və bu sistemi təqdimatını keçirəcək. Azərbaycan, həmçinin Ukraynanın silahlanmasının bəzi sistemləri ilə maraqlanıb. Ölkəmizdə müharibə getdiyini nəzərə alaraq yaxşı daxili hərbi modullar hazırlamalı olduq və indi onları sata da bilərik. Neft emalı sahəsində perspektivlər var, amma bu layihə hər iki tərəf üçün faydalıdır. Bundan başqa, Ukrayna Azərbaycan üçün logistika mərkəzlərdən biri ola bilər. Yaxın gələcəkdə elə belə də olacağına ümid edirəm.

Azərbaycanda daha çox yollar və Bakıda mənzil fondunun necə bərpa olunması prosesi xoşuma gəldi. Bundan başqa, Bakının tikililəri mənə Kiyevdəkindən daha yaxşı göründü. Bunu sadəcə "FlameTowers" və ya İçəri şəhəri çox xoşladığıma görə demirəm, şəhər ümumilikdə ahəngdar bərpa edilir, eyni rəng və üslub qorunur. Sosial sahədə bir çox proseslərin təmin edilməsinə yanaşmalar nümunəvidir və bu təcrübəni öyrənmək lazımdır. Sumqayıtda və Bakıda gördüyüm bulvar həqiqətən xoşuma gəldi, insanların istirahəti üçün məkanların olması çox vacibdir. Yollar barədə heç danışmıram, çox bəyəndim. Bir sözlə, Azərbaycan təcrübəsini öyrənib tətbiq edə biləcəyimiz şeylər var, amma eyni zamanda, bizim də təcrübəmizi bölüşəcəyimiz sahələr var.

Son xəbərlər

Orphus sistemi