Ukraynada 20 Yanvar faciəsinin 32-ci il ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Ukraynada 20 Yanvar faciəsinin 32-ci il ildönümü ilə əlaqədar anım tədbiri keçirilib Ukraynada 1990-ci il 20 yanvarda Azərbaycanda Sovet Ordusu tərəfindən törədilən qanlı qırğının 32-ci il dönümü ilə bağlı anım tədbiri keçirilib.
Xarici siyasət
19 Yanvar , 2022 18:21
Ukraynada 20 Yanvar faciəsinin 32-ci il ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Ukraynada 1990-cı ilin yanvarın 20-də Azərbaycanda Sovet Ordusu tərəfindən törədilən qanlı qırğının 32-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı Səfirliyinin təşkilatçılığı ilə Kiyevdə baş tutan tədbirdə səfirliyin əməkdaşları ilə yanaşı, diaspor, yerli ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Azərbaycanın Ukraynada Səfirliyinin III katibi Təranə Sadıqovanın moderatorluğu ilə keçirilən tədbir 20 Yanvar faciəsində şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə 20 Yanvar qırğını ilə bağlı videoçarx da nümayiş olunub.

Daha sonra çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova 20 Yanvar qırğını ilə bağlı o vaxtkı jurnalist xatirələrini bölüşüb:

"Bu gün Azərbaycanda hesab edirlər ki, 20 Yanvar şəhidləri ölkənin azadlığı və müstəqilliyi naminə həyatlarından keçiblər. Onlar əsl qəhrəman və azadlıq mücahidləridir”.

Səfir qanlı hadisəyə hüquqi qiymətin verilməsinin sonralar ulu öndər Heydər Əliyevin ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə gəlişindən sonra baş verdiyini də xatırladıb.

Çıxış edən Ukrayna Azərbaycanlıları Radasının həmsədri, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin isə 20 Yanvar hadisələrinin Bakıdakı şahidi kimi xatirələrini bölüşüb. O həmin vaxt Sovet əsgərlərinin əliyalın azərbaycanlıları necə qırması ilə bağlı gördükləri və həmin vaxt şəhid olan yoldaşları barədə də danışıb.

Ukraynada azərbaycalı tarixçi alim, professor Fərhad Turanlı isə hadisənin siyasi tarixindən danışaraq SSRİ-nin o vaxtkı rəhbəri Qorbaçovun və onun komandasının cinayətkar əməllərini xarakterizə edib.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet dövlətinin hərb maşını həm quru, həm də dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək görünməmiş qəddarlıqla keçirilən cəza tədbirlərinə imza atıb. Bu hadisə nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar və qocalar da var idi. SSRİ Prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb.

Son xəbərlər

Orphus sistemi