Ukrayna XİN: QDİƏT-də Azərbaycanla qarşılıqlı fəaliyyət iqtisadi əməkdaşlığı gücləndirməyə imkan verəcək

Ukrayna XİN: QDİƏT-də Azərbaycanla qarşılıqlı fəaliyyət iqtisadi əməkdaşlığı gücləndirməyə imkan verəcək Ukrayna Azərbaycanın dəstəyinə ümid bəsləyir
Xarici siyasət
17 Mart , 2021 14:50
Ukrayna XİN: QDİƏT-də Azərbaycanla qarşılıqlı fəaliyyət iqtisadi əməkdaşlığı gücləndirməyə imkan verəcək

“Ukrayna və Azərbaycan ikitərəfli əməkdaşlıq məsələlərinin bütün spektri üzrə dostluq münasibətlərini və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyə çalışan strateji tərəfdaşlardır. Ukrayna xarici işlər nazirinin müavini Vasili Bodnarın Bakıya səfəri də məhz bu məqsədə xidmət edirdi”.

Bunu “Report”a Ukrayna Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, V.Bodnarın fevral ayında Azərbaycanda Prezident Administrasiyasında və Xarici İşlər Nazirliyində keçirdiyi görüşlər zamanı iki ölkə arasında siyasi dialoqun inkişafına, beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirilib, həmçinin Ukrayna prezidenti Volodimir Zelenskinin 2019-cu ilin dekabrında Azərbaycana rəsmi səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsinin ayrı-ayrı aspektləri müzakirə edilib.

“Vasili Bodnar Ukraynanın ərazi bütövlüyü və suverenliyinə ardıcıl dəstəyə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib, ölkəmizin şərqindəki vəziyyət, habelə Ukrayna rəhbərliyinin Krımın işğaldan azad edilməsi ilə bağlı səyləri barədə ətraflı məlumat verib”, - Ukrayna XİN-dən bildiriblər.

Əlavə olunub ki, V.Bodnar avqustun 23-24-də Kiyevdə keçiriləcək Ukraynanın müstəqilliyinin 30 illik yubileyinin təntənəli qeyd olunması mərasimi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dəvəti çatdırıb.

Qeyd olunub ki, görüşlər və danışıqlar zamanı hər iki ölkə üçün vacib olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) çərçivəsində əməkdaşlıq məsələsinə xüsusi diqqət yetirilib. Vasili Bodnar Ukraynanın təşkilatın nizamnamə hədəfinin həyata keçirilməsində - Qara dəniz bölgəsinin sülh, sabitlik və iqtisadi rifah zonasına çevrilməsində maraqlı olduğunu vurğulayıb. QDİƏT-nin fəaliyyəti təşkilatın bütün üzv ölkələri üçün faydalı olan iqtisadi layihələrə yönəldilməlidir.

“Ukraynanın QDİƏT-də Azərbaycanla və digər tərəfdaşlarla qarşılıqlı fəaliyyəti Qara dəniz regionunda və ümumilikdə dünyadakı iqtisadi proseslərdə inteqral iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yeni əlavə imkanlar yaratmalıdır. Bu prosesdə QDİƏT-nin İşgüzar Şurasının restrukturizasiyası, startapların həyata keçirilməsi, yük daşınması prosedurlarının təkmilləşdirilməsi, “elektron icazə" layihəsinin həyata keçirilməsi, həmçinin həmçinin rəqəmsal dövlət xidmətlərinin sinxronizasiyası və BLOCKCHAIN ​​texnologiyalarından istifadə sayəsində gömrük və sərhəd prosedurlarının sinxronlaşdırılması mühüm rol oynaya bilər.

Bu vacib tapşırıqları həyata keçirmək məqsədilə Ukrayna QDİƏT Daimi Beynəlxalq Katibliyinin baş katibi vəzifəsinə öz namizədini irəli sürüb və Azərbaycan tərəfinin müvafiq dəstəyinə ümid bəsləyir”, - Ukrayna XİN-dən vurğulayıblar.

Marina Qonçaruk

Son xəbərlər

Orphus sistemi