Yuxarı

Ukrayna parlamentinin azərbaycanlı deputatı: "Azərbaycan vaxtilə üzləşdiyi çətinliklərdən uğurla çıxıb"

Roman Nəsirov: Bu ölkədən çox şey öyrənmək əzmindəyik

Bakı. 30 mart. REPORT.AZ/ Bu gün Milli Məclisdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkədə səfərdə olan Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüşüblər. Bu barədə "Report"a MM-in mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov qonaqlara Milli Məclisin strukturu, tərkibi və fəaliyyəti, qanunvericilik prosesi barədə məlumat verib. İki ölkə arasındakı dostluq və əməkdaşlıqdan söz açaraq nüfuzlu beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edildiyi vurğulanıb. Eldar İbrahimov Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin birmənalı olaraq dəstəkləndiyini və bu mövqenin Azərbaycanın dövlət siyasəti olduğunu qeyd edib.

Sonra Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Ali Radada Pyotr Poroşenko Blokunun deputatı Roman Nəsirov çıxış edib. Bu səfərə böyük əhəmiyyət verdiklərini deyib. Ötən il Ali Radaya keçirilən seçkilərdən sonrakı dövrdə göstərdikləri fəaliyyətdən bəhs edərək məlumat verib ki, başçılıq etdiyi işçi qrupda 27 deputat var və onlar parlamentdəki bütün fraksiyaları təmsil edirlər.

Söhbət zamanı Roman Nəsirov Azərbaycanın vaxtilə üzləşdiyi çətinliklərdən uğurla çıxdığını qeyd edərək bu ölkədən çox şey öyrənmək əzmində olduqlarını bildirib. İqtisadi sahədə hökumətlərarası komissiyanın işinin fəallaşdırılması vacibliyinə toxunub. Parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin vacibliyini və Milli Məclisin deputatlarını Ukraynaya dəvət etdiklərini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi