Ukrayna müharibəsi: Avropa Bakıdan kömək umur

Ukrayna müharibəsi: Avropa Bakıdan kömək umur Fransa Rusiyanın Ukraynaya müdaxiləsinin fəsadlarını aradan qaldırmaq üçün Azərbaycana üz tutur.
Xarici siyasət
17 Mart , 2022 16:41
Ukrayna müharibəsi: Avropa Bakıdan kömək umur

Fransa Rusiyanın Ukraynaya müdaxiləsinin fəsadlarını aradan qaldırmaq üçün Azərbaycana üz tutur.

“Report” xəbər verir ki, bu barədə Fransanın “Causeur” nəşrində dərc olunan yazıda bildirilir:

"Ukraynadakı müharibə SSRİ-nin süqutundan bu yana Avropada görünməmiş geosiyasi zəlzələdir. Geosiyasi təbəqələr tektonikamızda bu sərt təkanın başlıca cəhətləri yeni-yeni bütov blokların, bənzər həyati mənafelərin sürətlə ortaya çıxması, köhnə ədavət və rəqabətlərin unudulmasıdır. Vaşinqtonla Karakas arasında danışıqların sürətrlənməsi buna yaxşı misaldır. İllərdir Venesuelanı viran qoymuş embarqodan sonra Cozef Bayden son günlər Maduroya “Geri qayıtsanız, hər şeyi dayandıraram!” məzmunlu açıq diplomatik ismarıc göndərib.

“Folvil, qucaqlaşaq!”

Sürətli dəyişikliklərin baş verdiyi daha bir region da Cənubi Qafqazdır. Son illər Fransa ilə Azərbaycan arasında elə də hərarətli mehribanlığın olmadığı sirr deyil. Emmanuel Makronun beş illik prezidentlik müddətinin əvvəlindən, hələ İkinci Qarabağ müharibəsindən xeyli əvvəl Fransa Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə rəvac verməli və buna nazarət etməli olan Minsk qrupunun həmsədri olmasına baxmayaraq, Bakıdan get-gedə daha əsəbi gələn ismarışlara fikir verməyərək, İrəvana olan rəğbətini və dəstəyini daha az gizlədirdi. 2018-ci ilin oktyabr ayında Makronun İrəvana səfərindən sonra Bakıya da rəsmi səfərlə bağlı dəvətlər cavabsız qalırdı. 2020-ci il müharibəsi dövründə Parisin rəsmi mövqeyi isə istər sıravi azərbaycanlılarda, istərsə də hökumətdə fransızlarla bağlı şübhə yeri qoymadı.

Sonra isə Rusiya Ukraynaya hücum etdi. Və biz birdən-birə Azərbaycanın çox nadir bir geosiyasi dəyər olduğunu xatırladıq. Təkcə qaz ehtiyatlarına yox, həm də birbaşa ixracat üçün qaz boru kəmərinə sahib olduqlarına görə! Bu cəhət bir qədər diqqətə layiqdir.

1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçiləndə Ermənistanla müharibədə məğlub olaraq ərazisinin 20 faizini itirmiş, viran qoyulmuş ölkənin rəhbərliyini üzərinə götürürdü. O, uduzulmuş müharibəni fövqəladə çətin şəraitdə dayandırmaq üçün böyük səylər göstərir, ölkəsinin iqtisadi inkişafı barədə narahatlıq keçirirdi. Qarşıda iki çətin vəzifə dururdu: birincisi, neft sənayesini bərpa etmək, ikincisi də Rusiyadan yan keçməklə karbohidrogenlər ixracatı üçün vasitələr əldə etmək.

Rusiya himayəsindən qurtarmaq

Hələ 1995-1996-cı illərdə Yeltsin Rusiyası təhlükəsiz və iş görmək üçün xeyli dərəcədə açıq görünürdü. Amma dünyanın bu regionunda Rusiyanın zəif vəziyyətdə olduğu vaxtlar (regionun üç respublikası 1918-ci ilin may ayının sonunda müstəqillik qazanıb) daha cəld hərəkət etməyin zəruri olduğunu bilirik, çünki o, həmişə geri qayıdır (artıq 1920-ci illərdə Gürcüstan, Azərbaycan, Ermənistan sovetləşdirildi). 1991-ci ildə fürsət qapısı yenidən açıldı və Azərbaycan bu fürsətdən yararlandı, boru kəməri 2006-cı ildə, yəni Putin iqtidara gələndən bir neçə il sonra işə salındı. Cəmi bir neçə il sonra Putin Bakıya belə bir imkanı əsla verməzdi. Sonuncu layihənin qarşısını almaq imkanına sahib olanda isə artıq iş işdən keçmişdi... Eyni işi vaxtında görməyənlər enerji ehtiyatlarına malik olmalarına baxmayaraq, bu gün Rusiyanın girovudur.

Bu üstünlük Bakının bu gün masa arxasında yerini təmin edir. Bəzi mənbələrə görə, Azərbaycan Prezidenti İlham Əliyevin telefonu susmaq bilmir. Şarl Mişel, Mario Dragi, NATO baş katibi, Emmanuel Makron daha çox zəng vururlar. Söhbətlərin sayı artdıqca tərzi də dəyişir.

Azərbaycan Ukraynanı dəstəkləyir

Bakı tərəfində inciklik yoxdur. Avropalılar, xüsusilə də Fransa Azərbaycandan keçmiş Sovetlər məkanının zəif yeri olan Moldovaya kömək olmasını istəyiblər. Bakı da Kişineuya gələn qış Rusiya qazı almadan keçinmək üçün kömək olmağı vəd etdi. Bu da mürəkkəb məsələdir, hazırda Rusiyadan Bolqarıstana yönələn qaz nəqli istiqamətini cənubdan şimala istiqamətləndirmək zərurətini ortaya qoyur. 2021-ci ilin yanvar ayından etibarən Azərbaycan artıq Türkiyə, İtaliya, Yunanıstan, Bolqarıstana 19,5 milyard kubmetr qaz nəql edib və qarşıdakı aylarda tədarük həcmini 7-8 faiz artırmaq niyyətindədir.

Azərbaycan həmçinin Ukraynaya fevralın 26-dan (müharibənin üçüncü günündən) humanitar yardım qəbul etməkdə dəstək vəd edib. Ukraynada 60-dək servis məntəqəsinə malik olan SOCAR həmin qurumlarını təcili yardım, fövqəladə hallar və səhiyyə xidmətləri üçün pulsuz edib. Son on illər Bakı Rusiyanın öz nüfuz dairəsi hesab etdiyi regionda dinc yaşamaq üçün siyasi vasitələr tapmağı bacarıb. Azərbaycan Moskvanın vassalına çevrilmədən, yaxud Gürcüstan və ya Ukrayna kimi kininə hədəf olmadan öz yoluna davam edir. Rusiyanın qonşusu olmaq fasiləsiz zəhmət istər!

24 fevraldan sonra yaranmış yeni geosiyasi bloklar arasında sərbəst hərəkət imkanları hər nə qədər az da olsa, hər halda Fransa və bütün Avropanın Azərbaycana münasibətini dəyişdirmək üçün kifayət qədərdir.

Qeyd edək ki, “Folvil, qucaqlaşaq!” Ejen Labiş və Ogüst Löfrank tərəfindən yazılan, ilk dəfə 1850-ci ilin 6 mart tarixində Parisdə tamaşaya qoyulmuş komediya əsərinin adıdır. Həmin sözlər ziddiyyəti, ixtilafı ört-basdır etmək üçün süni dostluq bəyanını əks etdirən istehzalı ibarəyə çevrilib".

Son xəbərlər

Orphus sistemi