Reznikov: "Azərbaycanın ərazilərini azad etməsi beynəlxalq səviyyədə tanınmış qaydanın qurulduğunu təsdiqləyir" - MÜSAHİBƏ

Reznikov: "Azərbaycanın ərazilərini azad etməsi beynəlxalq səviyyədə tanınmış qaydanın qurulduğunu təsdiqləyir" - MÜSAHİBƏ Reznikov: Azərbaycanın ərazilərini azad etməsi
Xarici siyasət
5 İyul , 2021 16:53
Reznikov: Azərbaycanın ərazilərini azad etməsi beynəlxalq səviyyədə tanınmış qaydanın qurulduğunu təsdiqləyir - MÜSAHİBƏ
Aleksey Reznikov

Ukraynanın baş nazir müavini, müvəqqəti işğal edilmiş ərazilərin reinteqrasiyası naziri Aleksey Reznikovun “Report”un Şərqi Avropa bürosuna müsahibəsi:

- Bu yaxınlarda Azərbaycana işgüzar səfər etdiniz. Bu səfərin nəticələrini necə qiymətləndirirsiniz? Əməkdaşlıq üzrə hansı razılaşmalar əldə edildi?

- Birincisi, işgüzar səfərin nəhayət ki, alınmasına görə çox məmnun olduğumu deməliyəm. Daha əvvəl yalnız turist kimi orada olmuşdum və çoxdan işgüzar səfərlə Azərbaycana gəlmək istəyirdim. Mənim üçün həmkarlarımla - Azərbaycan hökumətinin üzvləri və qaçqın məsələləri ilə məşğul olanlarla söhbət etmək vacib idi. Baş nazirin birinci müavini ilə ikitərəfli münasibətləri müzakirə etdik. Bu gün Ukrayna ilə Azərbaycan arasında münasibətlər çox sıx, aktivdir. Hər şeydən əvvəl də prezidentlər səviyyəsində. Buna görə mənim üçün də bu, vacib idi. Azərbaycan KİV qarşısında çıxışım zamanı dediyim kimi, oxşar talelərimiz var. Özünü dostcasına aparmayan qonşularımız var. Müvəqqəti olaraq ərazilərimizi işğal ediblər, sizdə də belə idi. Ərazilərimiz minalanıb, sizdə də bu müharibə nəticəsində ərazilər minalanıb. Yalnız elə minalardan təmizləmə bir neçə on ili alır. Bunu artıq Xorvatiya təcrübəsi göstərir. Xorvatiyada oldum, Xorvatiya Milli Minalardan Təmizləmə Mərkəzinin işini öyrəndim. Xorvatiyada müharibə 25 il əvvəl sona çatıb, amma onlar hələ də zəruri minatəmizləmə fəaliyyətlərini davam etdirirlər.

O cümlədən bilavasitə Ağdam rayonuna getdim, orada Azərbaycan agentliyinin istehkamçılarının necə işlədiyini, Ağdamdan - bu çiçək açan vadidən nə qaldığını və onu bərpa etmək üçün hələ nə qədər əmək sərf edilməli olduğunu gördüm. Təbii ki, Azərbaycan xalqının bunu ən qısa zamanda etməsini diləyirəm. Buna görə də təcrübəmizlə kömək etməyə hazırıq. Ancaq başa düşürük ki, Azərbaycanın artıq öz təcrübəsi var və bu, insanların həyatını yaxşılaşdırmaq üçün qarşılıqlı mübadilədir. Əsas odur ki, hər şey insanlar üçün edilir. Əminəm ki, bu, Azərbaycana son səfərim olmayacaq. Ölkənizi yenidən ziyarət etməyi planlaşdırıram, çünki artıq sıx, yaxşı münasibətlərimiz formalaşır. Mən həmçinin Azərbaycan biznesinin nümayəndələrini xüsusən 2014-cü ildə başlayan müharibədən əziyyət çəkən iki vilayətin - Donetsk və Luqansk vilayətlərinin iqtisadi inkişaf strategiyasının təsdiqlənməsiylə bağlı işlərimizin başa çatdığını nəzərə alaraq Ukraynaya investisiya platforması kimi baxmağa dəvət etdim. Bu gün ərazimizin üçdə ikisi işğaldan azad edilib. 200-dən çox yaşayış məntəqəsi işğaldan azad edilib. Bu gün təmas xətləri var, ancaq zərər çəkən hissə əlavə iqtisadi təsir tələb edir. Bu gün Normandiya Prosesi, Minsk Prosesi var. Bu gün bu problemin həllinə siyasi və diplomatik yanaşmadan danışırıq, amma biz problemi mütləq həll edəcəyik.

- Ukrayna Azərbaycanı strateji tərəfdaş ölkələr siyahısına salıb. Bu, iki ölkə arasında hansı imkanları açıb?

- İlk növbədə, əlbəttə ki, bu, həm hökumətlərin, həm də dövlət şirkətlərinin qarşılıqlı əlaqəsidir. Hamı başa düşür ki, siyasi qərar var, bu ölkələr strateji tərəfdaşdır. Bu, tam prioritet, tam müşayiət, ehtiyac olduqda yardım deməkdir. Bu, əlbəttə ki, biznesə işləmək imkanı yaradır. İqtisadiyyat əsasən biznes hesabına inkişaf edir. Azərbaycanda aktiv ukraynalılar, Ukraynada isə azərbaycanlılar var.

- Bu biznes fəallığı hansı imkanları verir?

- İndi Ukrayna-Azərbaycan ikitərəfli komissiyasının işini davam etdirmək məsələsi gündəmdədir. Ukrayna tərəfdən ona nazir Vladislav Krikli rəhbərlik edirdi. O, başqa vəzifəyə keçdiyindən indi Ukrayna hökumətini kimin təmsil edəcəyinə dair qərar veriləcək. Düşünürəm ki, məhz bu komissiya qarşılıqlı əməkdaşlığın inkişafını təmin edən əsas qüvvə olmalıdır.

Bildiyim qədərilə bu gün Azərbaycanda da aqrar təhlükəsizlik, qida təhlükəsizliyi kimi məsələlərə diqqət ayırırlar. Üstəlik, Azərbaycanda inşaat işləri çoxdur, deməli, sement, beton və s. ehtiyacı yaranır. Ölkələrimizə nəyin lazım olması baxımından ehtiyacın ödənməsində bir-birimizə qarşılıqlı yardım edə bilərik.

- Azərbaycan-Ukrayna münasibətlərinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? Hansı tərəflər daha güclüdür, hansıların dərinləşdirilməsi lazımdır?

- Mənə elə gəlir ki, indi münasibətlərdə yaxşı mənada çox yüksək hərarət var və məncə, buna ölkələrin siyasi rəhbərliyi tərəfindən təkan verilib. Şəxsi münasibətlər çox vacibdir. Mənə elə gəlir ki, bu gün parlamentimizin nümayəndələri, deputatlar, hökumət üzvləri də artıq bunu başa düşürlər. Ölkələrimiz arasında çox isti münasibətlər var. İndi vəzifəmiz onları mümkün qədər inkişaf etdirməkdir, bundan əlavə, bəlkə də onları regional səviyyədə inkişaf etdirməyin vaxtı gəlib çatıb. Çünki artıq əlverişli siyasi atmosfer də formalaşıb.

- Azərbaycan ötən ilin sonunda beynəlxalq səviyyədə tanınmış ərazilərini erməni işğalından azad etdi. Azərbaycanın bu uğurunu necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, bu vəziyyət İkinci Dünya Müharibəsindən sonra dünyada beynəlxalq səviyyədə tanınmış qaydanın qurulduğunu təsdiqləyir: dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət. Bu, aydın idi. Ərazinin hərbi yolla ələ keçirilməsi, ilhaq cəhdi və onların işğalına icazə verilmir. Dünya bunu tanımır. Buna görə də bu gün ölkələrimiz üçün bütün dünyanın ərazi bütövlüyümüzü və beynəlxalq səviyyədə tanınmış sərhədlərimizi tanıması və hörmət etməsi vacibdir. Yenidən inteqrasiyanın siyasi və diplomatik yolu var, o, işə yaramırsa, başqa şey olur. Ancaq bu, hər zaman qurbanlar, insanların həyatını itirməsi deməkdir. İnsanlar, mülki əhali əziyyət çəkir, evlərini itirirlər.

Bu gün ərazi bütövlüyünə və sərhədlərə hörmət etmək lazım olduğu zaman dünyadakı bu kövrək sülhün qorunması çox vacibdir. O zaman qonşularla yaşaya, danışıqlar apara, yaşamağı və qarşılıqlı əlaqəni öyrənə bilərsən. Çünki siyasətçilər qərar qəbul edirlər, insanlar isə əziyyət çəkir.

- Torpaqların işğaldan azad edilməsindən dərhal sonra ölkə rəhbərliyi azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinin olacağını elan etdi və Bakı dost ölkələri bu məsələyə qoşulmağa dəvət etdi. Kiyev bu prosesdə nə dərəcədə maraqlıdır və iştirak etməyi planlaşdırırmı?

- Tələb olunan təcrübəyə və bacarıq varsa, hər sahədə əlimizdən gələnin ən yaxşısını etməyə hazırıq. Məsələn, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən olan həmkarlarla fövqəladə hallar xidmətimizin itlərə və kinoloqlara təlim keçdiyi mərkəzlərimizdə istehkamçılarınıza təlim vermək sorğusunu müzakirə etdik. Xidmətimizlə danışdım, ancaq onlar Azərbaycana təlimatçı göndərə bilmirlər, çünki Ukraynada işləyirlər. Bizim ərazilərimiz də minalarla ən yüksək səviyyədə çirklənib. Ancaq azərbaycanlı kursantlar gəlməyə hazırdırsa, o zaman onlar üçün istehkamçı bacarıqları və it təlimi üzrə xüsusi kurs təşkil etməyə hazırıq. Çünki belə təcrübəmiz var. Bu, tamamilə real olan yardım növlərindən biridir. Əminəm ki, çox qısa zamanda Azərbaycan tərəfi də eyni təcrübəyə və eyni bacarığa sahib olacaq, çünki artıq bununla məşğulsunuz. İndi nazirliyimizin himayəsi altında ümumiyyətlə dünyada ən yaxşı minatəmizləmə texnologiyalarını müəyyənləşdirmək üçün beynəlxalq konfrans keçirməyə hazırlaşırıq. Bu fikri ilkin olaraq Brüsselə son səfərim zamanı səsləndirmişəm. Onlar dəstək verməyə hazırdırlar, bu mövzu onları çox narahat edir. Mütləq Azərbaycan tərəfini də bu konfransda iştirak etməyə dəvət edəcəyik ki, minaların təmizlənməsi sahəsində dünyanın ən qabaqcıl təcrübəsini maksimum dərəcədə mənimsəyək. Bunsuz yeni şəhərlər, hava limanları inşa etmək mümkün deyil, kəndli, əkinçi torpağında əkin-biçin edə bilməyəcək.

- Azərbaycanlı kursantların hazırlığı ilə bağlı razılıq var?

- Xeyr, razılaşma yoxdur, sadəcə, belə potensial ehtimalı müzakirə etdik, amma məncə, bu, mümkündür. Siz tərəfdən ukraynalı təlimçilərin dərhal hadisə yerinə gəlməsinin mümkün olub-olmaması barədə sorğu var idi. Xidmətimizdən soruşdum, amma cavab verdilər ki, ölkədən ayrılma ehtimalı yoxdur. Ancaq kursantları Ukraynada qəbul etmək lazım gələrsə, bizimkilər belə xüsusi kurs verməyə hazır olacaqlar.

- Ukrayna ərazi bütövlüyünü bərpa etmək baxımından oxşar problemlə üzləşib. Ukrayna və Azərbaycan bu məsələlərdə necə əməkdaşlıq edə bilər? Hazırda Ukraynanın şərqində vəziyyət necədir?

- Bu gün şərqdə nələrin baş verdiyini bir neçə parametrlə deyə bilərik. Birincisi, bu gün qismən işğal olunmuş Donetsk və Luqansk vilayətlərini idarə edən Rusiya Federasiyasının işğal rejimi adi insanların istifadə edə biləcəyi giriş-çıxış nəzarət məntəqələrinin (GÇNM) işini demək olar tamamilə əngəlləyib. Luqansk vilayətində üç GÇNM olsa da, onlardan yalnız biri işləyir. Donetskdə dörd GÇNM var, amma yalnız biri, o da həftədə iki dəfə işləyir. Beləliklə, onlar insanlar üçün tibbi soyqırımı həyata keçirirlər, insanların azad Ukrayna ərazisinə daxil olub tibbi xidmətlər almasına, peyvənd olunmasına, pensiya pullarını almasına maneə törədirlər. İşğal olunmuş ərazilərdə 272 min təqaüdçü yaşayır, onlar reyestrimizdə qeydiyyatdadır və təqaüd almaq hüququna malikdirlər. Dövlət, Pensiya Fondu bu pensiyanı onlara ayırır, ancaq onlar ala bilmirlər, çünki onları oradan buraxmırlar. İnsanlar son çarə olaraq Rusiyaya getməli və Rusiyadan minlərlə kilometr keçdikdən sonra başqa vilayətdən Ukrayna ərazisinə girməli olurlar. İndi də Ukrayna ali təhsil ocaqlarında və universitetlərində təhsil almaq istəyən uşaqları məhdudlaşdırırlar. İndi daxilolma kampaniyasıdır. Onlar isə uşaqların azad Ukraynaya və Ukrayna universitetlərinə daxil olmasının qarşısını almaq üçün əllərindən gələni edirlər. Keçən ilin iyul ayında üçtərəfli təmas qrupu - Minsk prosesi çərçivəsində atəşkəs barədə razılıq əldə olundu və bu ilin yanvar ayına qədər rejimə az-çox riayət edildi. Lakin yanvar ayından bəri atəşkəs yenidən pozulmağa başladı, snayperlərlə atəş açırlar, məsafəli minalar atırlar və təəssüf ki, bu gün orada suverenliyimizi qoruyan ukraynalı döyüşçülər ölür. Vəziyyət gərgindir. Yəqin xatırlayırsınız, yaz bayramları ərəfəsində müəyyən gərginlik var idi, Rusiya əzələ nümayişi üçün Krımda Ukrayna ilə sərhədə ordu cəlb edirdi. Hərbçilərimizin təxminlərinə görə Rusiya tərəfdən 100 min nəfərə qədər kontingent var idi. Ancaq xoşbəxtlikdən bu təxribat nəticə vermədi. Hər bir halda, hər şeyə hazırıq, hər şeyin ola biləcəyini başa düşürük - buna hazırıq. Diplomatik səviyyədə qarşılıqlı təmaslar davam edir, Normandiya formatında məsləhətləşmələr aparılır. Almaniya və Fransa liderləri bizə kömək edirlər. Prezident Bayden ilə görüş olduğunu bilirik, bəlkə də ABŞ tərəfinin daha fəal iştirakı barədə anlayış var. Ayın sonunda prezident Zelenski ilə prezident Bayden arasında görüş olacağını bilirik.

Hər kəsin öz ölkəsində dinc yaşamasını istəyirik, ərazimizə, ərazi bütövlüyümüzə iddia etmək lazım deyil.

- Yəqin həm Ukraynada, həm də Azərbaycanda aktiv diasporumuzun olduğunu eşitmisiniz. Son zamanlar Azərbaycanda Ukrayna diasporu çox aktivdir, azərbaycanlılar da Ukraynada çox fəaldırlar. İki ölkə arasındakı münasibətlərin inkişafında diasporların, diplomatik xidmətlərin rolunu necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, diaspor üzvləri ölkələrin təbii səfirləridir. Fəal diaspor çox vacib rol oynayır. Ukraynanın Azərbaycandakı səfiri Kanevski ilə məhz bu gün Ukrayna diasporunun Azərbaycanda nə qədər fəal olduğunu müzakirə etdik.

Səfirimiz artıq iki ildir Azərbaycandadır. O, daha əvvəl Avropa ölkələrində çalışıb. Onunla söhbətləşdim və o, Azərbaycana heyran olub. İlk vaxtlarda ölkənizi kəşf etməklə məşğul olub və indi Azərbaycanda hər iki ölkə üçün faydalı ola biləcəyindən məmnundur. Eyni aktiv mövqeni burada Azərbaycanın Ukraynadakı təmsilçisindən də görmək olar. Biri var rəsmi diplomatiya, yəni iki səfir, biri də var qeyri-rəsmi, xalq diplomatiyası. Bax, bu, elə diaspordur. Mənə elə gəlir ki, bunlar iki gəmiyə, hava laynerlərinə düzgün uçmağa kömək edə biləcək iki qanaddır.

Son xəbərlər

Orphus sistemi