Bakı. 17 dekabr. REPORT.AZ/ Ukrayna Azərbaycanın məcburi köçkünlərin işi üzrə təcrübəsini öyrənmək niyyətindədir. Bu barədə "Report"a müsahibəsində Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib.
Səfir qeyd edib ki, Ukraynanın cənub-şərqindəki münaqişə nəticəsində 500 mindən artıq insan məcburi köçkün vəziyyətinə düşüb.
O vurğulayıb ki, Azərbaycan bu sahədə böyük təcrübəyə malikdir: "Bunu Azərbaycan 20 il əvvəl yaşayıb və insanların uyğunlaşması, yaşayış yerləri və infrastrukturun yaradılması, işlə təmin olunma məsələlərində uğurlu nəticələr əldə olunub".
A.Mişenko deyib ki, Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüb. Görüşdə tərəflər razılığa gəliblər ki, Ukraynada məcburi köçkünlərlə bağlı məsələlərə cavabdeh olan orqan yaradılan kimi Ukrayna nümayəndə heyəti Bakıya gələcək və azərbaycanlı həmkarlarından təcrübə öyrənəcək.