Yuxarı
    Bağlamaq

    Türkiyənin Moldovadakı səfiri: “Qardaş Azərbaycanın ağrısı olan Xocalı faciəsi Türkiyənin də ağrısıdır"

    Moldovada Xocalı faciəsinin qurbanları yad edilib

    Bakı. 21 fevral. REPORT.AZ/ Moldova hökuməti Etnik Əlaqələr Bürosunda Moldova Azərbaycanlılar Konqresi və Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılğı, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Moldova İctimai Palatasının dəstəyi ilə Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar qətliam qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib. 

    Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Moldovanın dövlət rəsmiləri, parlament deputatları, ölkədə akkreditə olunmuş xarici diplomatlar, Azərbaycan diasporunun nümayəndələri, alimlər, politoloqlar, jurnalistlər, tələbə və gənclər iştirak ediblər.

    Əvvəlcə Xocalı soyqırımı qurbanları və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış Xocalı faciəsi haqqında sənədli film nümayiş etdirilib.

    Tədbiri Azərbaycanın Moldovadakı səfiri Qudsi Osmanov açaraq Xocalı soyqırımının dünyada tanınması və faciəyə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər barədə söz açıb.

    Moldova Azərbaycanlıları Konqresinin rəhbəri Vüqar Novruzov Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində bir milyon insan doğma torpaqlarından didərgin düşüb: “Ədalətin bərqərar olacağına inanırıq və bu istiqamətdə mübarizəni davam etdirəcəyik. İlk növbədə bu faciəni törədənlər cəzalandırılmalı, Xocalı qətliamına siyasi-hüquqi qiymət verilməlidir ki, bələ faciələr gələcəkdə təkrarlanmasın”.

    Etnik Əlaqələr Bürosunun baş direktoru Oleq Babenko deyib ki, belə faciə bəşəriyyət tərəfindən unudulmamalı və gələcək nəsillərə çatdırılmalıdır.

    Türkiyənin Moldovadakı səfiri Hulusi Kılıç deyib: “Qardaş Azərbaycanın ağrısı olan Xocalı faciəsini Türkiyənin də ağrısıdır. Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər, Türkiyə ilə Ermənistan sərhədləri açılmayacaq”. 

    Səfir eyni zamanda Birinci Dünya müharibəsində olmayan soyqırımı axtaranlara öncə yaxın tarixdə baş vermiş Xocalı faciəsinə diqqət yetirməyi tövsiyə edib.

    Moldova parlamentinin deputatı, parlamentin xarici siyasət və Avropa inteqrasiyası komissiyasının sədr müavini Sergey Stati bildirib ki, Xocalı faciəsi dünya ictimaiyyəti üçün siyasi, millətçi ambisiyaların və işğalçı əməllərin əsl qiymətinin göstəricisidir: “Bizim ölkələri indiyədək həll olunmayan ərazi münaqişələrinin mövcudluğu və yaşanmış müharibələrin dəhşətləri birləşdirir. Və bu hadisələrin nəticəsi hər iki dövlət üçün eynidir: çoxsaylı günahsız qurbanlar".

    Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova filialının rəhbəri Aureliya Qriqoriu çıxışında insanlığa qarşı törədilən bu ağır cinayətlərə görə səbəbkarların məsuliyyətə cəlb olunmağının vacibliyini qeyd edib. O, Azərbaycan multikulturalizm modelinin dünyanın ayrı-ayrı yerlərində gedən müharibələr və terrorizmə qarşı yeganə alternativ nümunə olduğunu vurğulayıb.

    BBMM-in İsrail filialının sədri, beynəlxalq əlaqələr üzrə ekspert, politoloq və “Ağrı” kitabının həmmüəllifi Arye Qut isə çıxışında söyləyib ki, İkinci Dünya müharibəsində faşist rejimindən qaçan minlərlə yəhudi Azərbaycanda nəinki sığınacaq, Vətən tapıblar. Buna görə Xocalı faciəsinin onun üçün şəxsi faciə olduğunu bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi