"Ölkəmizdən kənarda yaşayan vətəndaşlarımız Türkiyənin prezident və parlament seçkilərinə səs vermək üçün böyük maraq göstərir".
"Report"un Qərb bürosunun məlumatına görə, bunu Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop bildirib.
O, bundan əvvəlki seçkilərdə ölkə kənarında yaşayan Türkiyə vətəndaşlarının seçkilərə marağının az olduğunu söyləyib. Baş konsulun sözlərinə görə, artıq seçkilərə maraq artmaqdadır:
"Səhər saat 9:00-dan başlayaraq vətəndaşlarımız səsverməyə gəliblər. Konsulluqda 3 məntəqə var. Seçkidə 5 nəfərdən ibarət seçki komissiyasının nümayəndəsi xidmət göstərir, həmçinin siyasi partiyaların müşahidəçiləri onlar üçün ayrılmış uyğun bir yerdən seçkinin gedişatını müşahidə edirlər".
"Əvvəlki seçkilərdə ölkə kənarında yaşayan vətəndaşlarımızın 50 faizi səsvermədə iştirak edirdisə, bu il Avropada yaşayan Türkiyə vətəndaşlarının, həmçinin Azərbaycanda yaşayan vətəndaşlarımızın seçkilərə daha maraqla qatılması bu faizin çox olacağını göstərir", - baş konsul əlavə edib.
Qeyd edək ki, Türkiyə vətəndaşlarının səsverməsi üçün Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakı, 3-ü Gəncə, 3-ü isə Naxçıvanda yerləşir.
Səsvermə bütün ünvanlarda mayın 7- si saat 21:00- dək davam edəcək.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.
“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.
“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
“Ata” ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.