Yuxarı

Türkiyənin baş naziri Ermənistan rəhbərliyinə müraciət edib: "Sizə aid olmayan torpaqlardan çıxın"

Əhməd Davudoğlu: Türkiyənin yüksəlişində Azərbaycanın, Azərbaycanın yüksəlişində Türkiyənin payı var

"Azərbaycanla Türkiyə hər yerdə bir heyətdir. Heyətlərimiz arasındakı danışıqlarda üz-üzə otursaq da biz bir heyətik. İki bayraq yana-yana dursa da tək bir bayraqdır. İşlərimizi birlikdə planşadırır, birlikdə həyat keçiririk"

Bakı. 4 dekabr. REPORT.AZ/ "Türkiyənin yüksəlişində Azərbaycanın, Azərbaycanın yüksəlişində Türkiyənin payı var".

"Report"un məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıda "ADA" Universitetində çıxışında bildirib.

O, Azərbaycanla Türkiyənin "Bir millət, iki dövlət " olduğunu vurğulayaraq, bunun gerçəkdən belə olduğunu qeyd edib: "Azərbaycanla Türkiyə hər yerdə bir heyətdir. Heyətlərimiz arasındakı danışıqlarda üz-üzə otursaq da biz bir heyətik. İki bayraq yana-yana dursa da tək bir bayraqdır. İşlərimizi birlikdə planşadırır, birlikdə həyat keçiririk".

Türkiyənin baş naziri Bakı-Tbilisi-Ceyhan əsas neft ixracı kəmərinin uğurlu layihə kimi gerçəkləşdiyini deyib, yeni layihələrdən TANAP haqda danışıb. Ə.Davudoğlu bildirib ki, başqa enerji layihələrinə Avropa İttifaqı maraq göstərmədiyindən həmin planlar həyata keçməyib: "Biz əvvəllər "İpək yolu" ilə Avropa ilə Asiyanı birləşdirirdik. İndi isə enerji xətləri ilə bunu həyata keçiririk. Bakı-Tbilisi -Qars dəmiryolu xətti yalnız bu üç gözəl şəhəri deyil, Pekinlə Brüsseli və Londonu bir-biri ilə birləşdirəcək. Çinlə bu məsələyə dair bir anlaşma imzaladıq. Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Çinə edəcəyi səfər zamanı bu məsələni müzakirə edəcək. Bu haqda dünənki görüşümüzdə müzakirələr aparmışıq".

Türkiyənin baş naziri xatırladıb ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır: "Buna baxmayaraq, Azərbaycan Qafqazda sabitliyin qorunması və bölgənin inkişafı istiqmətində fəaliyyət göstərir".

Baş nazir Ermənistan hakimiyyətinə müraciət edərək, deyib: "Sizə aid olmayan torpaqlardan çıxın. Bundan sonra siz də Azərbaycan- Gürcüstan-Türkiyənin birgə həyata keçirdiyi layihələrə qoşula bilərsiniz. Türkiyə və Azərbaycan Qafqazda sülhün təmsilçisidir".

Suriyadakı türkmənlərin qaçqın halına salınmasına diqqət yönəldən Ə.Davudoğlu bildirib ki, bir milyon azərbaycanlı qaçqın onlara nə qədər əzizdirsə, suriyalı türkmən qardaşları da o dərəcədə əzizdir.

Azərbaycanla Türkiyə arasındakı iqtisadi əlaqələrin perspektivindən danışan Türkiyə hökumətinin başçısı deyib: "Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsini 5 milyard dollardan 15 milyard dollara, sərmayə qoyuluşunu isə 13 milyard dollardan 20 milyard dollara çatdırmaq istəyirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi