“Bu günlərdə əziz və azad Şuşa bütün türk xalqlarını bir araya gətirib dünyaya sülh mesajı göndərir”.
Ankaranın Keçiörən rayon bələdiyyəsinin sədri Turqut Altınok “Şuşa-2023 Türk Dünyasının Mədəniyyət Paytaxtı” tədbirləriylə bağlı fikirlərini “Report”un Ankara bürosuna bildirərkən deyib.
Azərbaycana bağlılığının çox olduğunu deyən bələdiyyə sədri “Şuşa-2023 Türk Dünyasının Mədəniyyət Paytaxtı” tədbirləri çərçivəsində Keçiörendə də tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu deyib:
“Azərbaycan həyatımızda fərqli bir yerə sahibdir. Keçiörendə Azərbaycanın tarixi, tanınmış şəxsiyyətləri ilə bağlı parklar və başqa yerlər var. Keçiörendə türk dünyası ilə, ən çox da Azərbaycanla bağlı tədbirlər keçirilir. TÜRKSOY nəzdində də “Şuşa-2023 Türk Dünyasının Mədəniyyət Paytaxtı” çərçivəsində bizim rayonda da tədbirlərin keçirilməsi nəzərdə tutulub”.
Turqut Altınok Qarabağ zəfərindən də bəhs edərək bildirib ki, bunu həm də bütün türk dünyasının zəfəri hesab edir:
“Çünki cənab Ərdoğan Azərbaycana “sonuna qədər sizi dəstəkləyəcəyik” mesajını verdi. Avropa, Amerika, Rusiya, İran və dünyadakı bir çox imperialist dövlətlərin “siz kənara çəkilin” demələrinə rəğmən, Türkiyə Azərbaycanın yanında oldu. Şuşa zəfəri Türk dünyasına birlik olma yolunda böyük stimul verdi. Şuşanı bizə yenidən qazandıran qəhrəman qazilərimizə hörmətlərimizi bildirir, şəhidlərimizi ehtiramla anırıq”.