Novruz bayramı münasibətilə Türkiyədə müalicə alan və reabilitasiya prosesi keçən qazilər üçün Bursa şəhərində təntənəli bayram tədbiri təşkil edilib.
"Report"un yerli bürosu xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki Səfirliyi nəzdində hərbi attaşelik aparatı tərəfindən təşkil edilib.
Bursanın “Sheraton” otelində baş tutan bayram proqramında Ankara, Kocaeli və Bursa şəhərlərində bərpa və müalicə prosesi keçən qazilər, eləcə də onların ailə üzvləri, qaziləri müalicə edən həkimlər və digər tibb işçiləri, Bursada təhsil alan azərbaycanlı tələbələr, habelə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, İstanbuldakı Baş konsulumuz Nərminə Mustafayeva, Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov, yerli idarəetmə orqanlarının təmsilçiləri iştirak ediblər.
Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bayram münasibətilə Şuşadan xalqımıza təbrik mesajı və qazilərin Türkiyədəki müalicələrini özündə əks etdirən videoçarxlar nümayiş olunub.
Mərasimdə çıxış edən səfir Rəşad Məmmədov Novruz Bayramının tarixçəsi və türk dünyası üçün əhəmiyyətindən danışıb.
Səfir qeyd edib ki, Azərbaycan artıq ikinci ildir bu bayramı işğaldan azad olunan torpaqlarında qeyd edir. Bir azərbaycanlı olaraq qazilərin müalicəsinə dəstək verən “YAŞAT” Fonduna və onları müalicə edən tibb işçilərinə təşəkkürünü ifadə edən səfir qazilərin tezliklə sağalaraq Vətənə dönmələrini diləyib.
Bursa valisinin müavini Süleyman Çelik, Bursa Bələdiyyəsinin sədrinin müavini Halil Serdar Cevheroğlu, Vətən müharibəsinin iştirakçısı, polkovnik Abdulla Qurbani və digərləri çıxış edərək Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Zəfər, Novruz adət-ənənələri, bu bayramın xalqlarımız üçün kəsb etdiyi əhəmiyyətdən danışıblar.
Tədbirin bədii hissəsində Azərbaycandan gələn musiqi qrupu bayram mərasimində milli musiqi nümunələri ilə çıxış edib. Şənlikdə Azərbaycan milli rəqsləri ilə yanaşı milli mətbəxin ən gözəl nümunələri, eləcə də Novruz Bayramına aid şirniyyatlar qonaqlara təqdim olunub, bayramın əsas atributları hesab edilən “kosa”, “keçəl” və "Bahar qız"ın iştirakı ilə şou nümayiş olunub.
Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycanın 44 günlük Vətən müharibəsi, bu müharibədə əldə edilən şanlı Zəfərə və qaziləri müalicə prosesini özündə əks etdirən fotoşəkillərdən ibarət sərgi də açılıb.













