Yuxarı

​Türkiyədə Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Tədbirlərdə hər iki tərəfdən yüksək vəzifəli şəxslər iştirak ediblər

Bakı. 7 may. REPORT.AZ/ Türkiyədə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər təşkil olunub.

Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliyindən "Report"a verilən məlumata görə, səfirlik tərəfindən təşkil edilən silsilə tədbirlər çərçivəsində ilk olaraq cari ilin 6 may tarixində Ankarada fəaliyyətdə olan Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda (TODAİE) "Azərbaycan-Türkiyə münasibətlərində Heydər Əliyevin xarici siyasət baxışı" mövzusunda geniştərkibli konfrans həyata keçirilib.

Tədbirdə Türkiyə XİN-nin yüksək vəzifəli rəsmiləri, sabiq nazirlər, qeyd olunan institutun müəllim və tələbə kollektivi, elm adamları, ictimai xadimlər, Ankarada təhsil alan tələbə və müdavimlərimizlə yanaşı çox sayda diaspor və KİV nümayəndələri iştirak ediblər.

Tədbir Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlayıb.

Onun həyat və siyasi fəaliyyətindən bəhs edən müfəssəl sənədli filmin nümayişinin ardından "Azərbaycan-Türkiyə münasibətlərində Heydər Əliyevin xarici siyasət baxışı " mövzusunda olan konfrans öz işinə başlayıb. Səfir Faiq Bağırov, TODAİE-nin baş direktoru Prof. Dr. Onur Ender Aslan, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, qeyd olunan institutun dosenti Erkan Tural və doktorantı Elnur Əliyev çıxış ediblər.

Səfir Faiq Bağırov öz çıxışında, Ulu Öndərin Azərbaycanın öz müstəqilliyini yenidən əldə etməsindən sonra xalqımıza etdiyi əvəzsiz xidmətlərdən; Azərbaycan Respublikasının bir dövlət kimi formalaşaraq inkişaf yoluna qədəm qoymasında Heydər Əliyev dühasının rasional strategiyasından; ölkəmizin xarici siyasətində Türkiyənin müstəsna yerindən və Heydər Əliyevin iki ölkə münasibətlərinin inkişafına etdiyi xidmətlərdən əsaslı və geniş şəkildə bəhs edib.

Ardından səfir Faiq Bağırov, "Azərbaycan-Türkiyə münasibətlərində Heydər Əliyevin xarici siyasət baxışı" mövzusunda olan konfransın məruzəçilərinə səfirliyimizin Heydər Əliyevin adına hazırlatdığı hədiyyələri təqdim edib.

Tədbir çərçivəsində Azərbaycan mahnılarından ibarət musiqi proqramı nümayiş etdirilib, Heydər Əliyevin həyatını və Azərbaycan-Türkiyə münasibətlərini əks etdirən foto nümunələrindən qurulmuş sərginin açılışı həyata keçirilib.

Qeyd edək ki, tədbir zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, TR Baş nazirinin müavini Numan Kurtulmuş, İqtisadiyyat naziri Nihat Zeybəkçi, Mədəniyyət və turizm naziri Ömər Çəlik, Təhsil naziri Nabi Avcı, Ankara şəhərinin icra hakimiyyətinin başçısı Mehmet Kılıçlar və Türkiyə Respublikasının 9-cu prezidenti Süleyman Dəmirəlin mötəbər tədbirə ünvanladıqları mesajları oxunub.

Heydər Əliyevin doğumunun 92-ci ildönümü münasibətilə səfirliyin təşkil etdiyi silsilə tədbirlər çərçivəsində cari ilin 7 may tarixində Ankarada yerləşən möhtəşəm Heydər Əliyev Parkında böyük bir xatirə tədbiri həyata keçirilib.

Tədbirdə səfirliyimizin əməkdaşları, Heydər Əliyev Məktəbinin şagird və müəllim kollektivi, çox sayda ictimai xadim, Ankara ictimaiyyətinin nümayəndələri, Ankarada təhsil alan tələbə və müdavimlərimiz, diaspor nümayəndələrimiz və KİV nümayəndələri iştirak ediblər.

İlk olaraq, səfir Faiq Bağırov başda olmaqla tədbir iştirakçıları Heydər Əliyevin heykəli önünə çiçəklər qoyublar.

Daha sonra tədbir, Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından iki qardaş ölkə himnlərinin səsləndirilməsi ilə başlanıb. Ardından, səfir Faiq Bağırov, Heydər Əliyev Məktəbinin müdiri Necattin Şengezer, tələbə və müdavimlərimizin təmsilçiləri, həmyerlimiz Səid Rüstəm Ulu öndərlə bağlı xoş fikirlərini həyata keçirdikləri çıxışlarında dilə gətiriblər.

Səfir Faiq Bağırov öz çıxışında, Ulu öndərin ölkəmizə əvəzsiz xidmətlərindən, təhsilə və gənclərə verdiyi böyük əhəmiyyətdən və iki qardaş ölkə əlaqələrinin inkişafındakı müstəsna rolu ilə bağlı geniş şəkildə əsaslı fikirlər səsləndirib.

Çıxışlardan sonra, Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə sözügedən məktəbin şagirdləri arasında təşkil olunmuş rəsm, inşa ve şer müsabiqəsinin qaliblərinə Səfir Faiq Bağırov tərəfindən hədiyyələr təqdim edilib.

Ardından Heydər Əliyev Məktəbinin şagirdləri Azərbaycan musiqiləri ilə gözəl rəqslər nümayiş etdiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi