Türkiyə XİN başçısının müavini Azərbaycana təşəkkür edib

Türkiyə XİN başçısının müavini Azərbaycana təşəkkür edib Elmar Məmmədyarov Ümit Yalçını qəbul edib
Xarici siyasət
21 Dekabr , 2016 15:51
Türkiyə XİN başçısının müavini Azərbaycana təşəkkür edib

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər nazirinin müavini Ümit Yalçını qəbul edib.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, görüş zamanı bir daha iki dövlət arasında ikitərəfli əlaqələrin qardaşlıq və dostluq xarakteri daşıdığı vurğulanıb, strateji müttəfiqliyin yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə olunub.

Ümit Yalçın Türkiyədə son zamanlar baş verən hadisələrlə bağlı Azərbaycanın nümayiş etdirdiyi qətiyyətli mövqeyə görə təşəkkürünü bildirib.

Nazir Türkiyədə baş vermiş son terror aktları ilə əlaqədar bir daha dərin hüznlə qardaş Türkiyə xalqına və hökumətinə başsağlığı verib.

Görüşdə Azərbaycan və Türkiyənin bütün bəşəriyyət üçün təhlükə olan terrorizmə qarşı mübarizədə birgə səylərinin artırılmasının vacibliyi qeyd olunub. Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və bir-birilərinin mövqelərini dəstəkləməsi təqdir olunub.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib. O, Türkiyənin beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, münaqişə ilə bağlı ədalətli və qəti mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tezliklə fəaliyyətə başlamasının regional əməkdaşlığın inkişafına, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin və mal dövriyyəsinin daha da artmasına xidmət edəcəyi vurğulanıb.

Görüş zamanı həmçinin beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi