Türkiyə səfiri: “Rusiya-Türkiyə yaxınlaşmasının Qarabağ münaqişəsinin həllinə töfhə verəcəyinə ümid edirik” - MÜSAHİBƏ

Türkiyə səfiri: “Rusiya-Türkiyə yaxınlaşmasının Qarabağ münaqişəsinin həllinə töfhə verəcəyinə ümid edirik” - MÜSAHİBƏ “Qarabağ münaqişəsi bölgə dövlətlərinin əməkdaşlığı sayəsində həll oluna bilər”
Xarici siyasət
18 Avqust , 2016 10:00
Türkiyə səfiri: “Rusiya-Türkiyə yaxınlaşmasının Qarabağ münaqişəsinin həllinə töfhə verəcəyinə ümid edirik” - MÜSAHİBƏ

"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun üzvü olaraq əlindən gələni etməyə çalışır"

Buxarest. 18 avqust. REPORT.AZ/ Türkiyənin Rumıniyadakı səfiri Osman Koray Ertaşın “Report”un Şərqi Avropa bürosuna müsahibəsi 

- Cənab səfir, məlum 15 iyul hadisələrindən sonra qardaş ölkədə ictimai-siyasi vəziyyət necədir?

- Türkiyə iyulun 15-də çox ciddi təhdid və təhlükə ilə üz-üzə qaldı. Əlbəttə, qərbli dostlarımız bu təhlükənin nə qədər böyük olduğunun fərqində deyillər. Lakin biz cumhuriyyət tariximizin ən qanlı dövlət çevrilişi cəhdini yaşadıq. Türkiyə Silahlı Qüvvələrinin içərisindəki Fətullahçı terror təşkilatının (FETÖ) bir qrup üzvü ölkə vətəndaşlarının pulu ilə satın alınan və dövlətin təhlükəsizliyinin təmin olunması üçün istifadə edilən silahları (F-16 döyüş təyyarələri, tanklar, ağır silahlar və digər zirehli texnikalar) birbaşa dinc sakinlərə tuşladılar. Hətta, Osmanlı dövründən indiyədək ilk dəfə Türkiyə Böyük Millət Məclisi hədəfə alınaraq bombalandı. Ancaq türk milləti olduqca güclü və çətinlikləri çox sürətlə aşa bilən bir bacarığa, birliyə sahibdir. Vətəndaşlarımızın nümayiş etdirdiyi həmrəylik nəticəsində çox qısa müddətdə böyük təhlükədən xilas olduq. Türkiyədə siyasi görüşündən, ideologiyasından asılı olmayaraq, hər kəs demokratik yolla seçilmiş hökumətin, prezidentin yanında yer aldı. Təəssüf ki, bu böyuk təhdid qərbdəki dostlarımız tərəfindən çox yaxşı başa düşülmədi. Ancaq Türkiyədə hər bir vətəndaşın çox yaxşı bildiyi kimi, bu təhdid dolayısı ilə demokratiyaya, konstitusion quruluşa yönəlmişdi və cəmiyyət bunun qarşısında böyük birlik nümayiş etdirdi. 

Bu günlərdə (avqustun 7-də - red.) İstanbulda keçirilən “Demokratiya və şəhidlər mitinqi"ndə milyonlarla insan iştirak etdi. Bu, dünyada iştirakçılarının sayına görə ən böyük sülh məqsədli mitinqlərdən biri idi. Çünki mitinqə Türkiyənin əsas müxalifət partiyası və parlamentdə təmsil olunan digər partiyaların sədrləri də qatıldılar. Başqa sözlə, hər bir insan təxminən bir ay keçməsinə baxmayaraq, Türkiyədə demokratiyanın, ölkənin sabitliyi və təhlükəsizliyi naminə demokratik yolla seçilmiş rəhbərlərin yanında yer aldılar. Təbii ki, Türkiyə qısa zamanda əvvəlki vəziyyətinə qayıdıb, ölkə iqtisadiyyatında irəliləyiş davam edir, dövlət idarələri sistemli şəkildə işləyir. Çünki Türkiyədə fövqəladə vəziyyət rejimi sadəcə dövlət sisteminin FETÖ-çulardan təmizlənməsi və onların müəyyənləşdirilməsi məqsədilə tətbiq olunub. Baş nazirin də söylədiyi kimi, fövqəladə vəziyyətin elan edilməsi demokratiyanı və dövlətin təhlükəsizliyini qorumağa yönəlmiş addımdır. 

- Hazırda bir neçə ölkədə FETÖ-yə bağlı məktəblər bağlanır. Bəs Rumıniyada necə, bu terror təşkilatına məxsus məktəb və ya universtet, qurumlar varmı? Səfirlik onların bağlanması istiqamətində hər hansı addım atacaqmı?

- FETÖ sadəcə Türkiyədə deyil, mövcud olduğu hər ölkədə dövlət təhlükəsizliyi üçün ciddi təhdiddir. Bu gün bütün həmkarlarım həm Avropada, həm də Şərqdə televiziyalar və qəzetlərdə FETÖ-nun əsl iç üzünü açırlar. Təbii ki, biz də Rumıniyada bu cür işləri davam etdiririk. FETÖ-nün iki istiqaməti var: birincisi, özlərinin qanuni yolla mövcudluqlarını qorumaq üçün məktəblər, yardım təşkilatları, fondlardan istifadə etmələri, ikincisi isə dövlət içərisində gizli şəkildə təşkilatlanmış üzvlərinin xaincəsinə fəaliyyətləridir. Bu da tamamilə terrorçuluqdan başqa bir şey deyil. Biz bunun acı nəticələrini iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı müşahidə etdik. 

Bilirsiniz, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) məlum hadisələrdən əvvəl FETÖ-nu terror təşkilatı kimi tanıyıb. Yəni Türkiyə üçün FETÖ artıq bir terror təşkilatı idi. Ona görə də FETÖ-nün dünyanın hər yerində zərərsiz görünən təmsilçilərinin fəaliyyətlərinin qarşısının alınması üçün zəruri tədbirlər görürük. Türkiyə və Rumıniya strateji tərəfdaşdır. İki ölkə arasındakı əlaqələr bir sıra sahələrdə çox yaxındır. Biz Rumıniyaya və Rumıniya da bizə çox güclü müttəfiq olaraq baxır. Dünyanın digər ölkələrində olduğu kimi, Rumıniyada da FETÖ-nün nümayəndələrinin fəaliyyətinin qarşısının alınması məqsədilə dövlət rəsmiləri ilə müntəzəm olaraq görüşlər keçiririk, onları məlumatlandırırıq. Yerli mətbuatın yazdığına görə, Rumıniyada FETÖ-yə bağlı 1 universitet, 9 lisey və 1 vəqf var.

- Cənab səfir, ötən il noyabrın 24-də baş vermiş Rusiyanın döyüş təyyarəsinin vurulması ilə nəticələnmiş məlum hadisədən sonra bu il avqustun 9-da Sankt-Peterburqda iki ölkə prezidentləri arasında görüş baş tutdu. Sizcə, hər iki dövlət arasındakı münasibətləri əvvəlki səviyyəyə qaytarmaq mümkün olacaqmı?

- Biz Türkiyə-Rusiya münasibətlərinin əvvəlki səviyyəyə çatacağına inanırıq. "Soyuq müharibə"dən sonra iki ölkə arasındakı əlaqələr eyni xətt üzrə inkişaf etdirildi. Bunun təməlində xüsusilə iqtisadi və turizm sahəsindəki yaxın əlaqələr, enerji sahəsindəki münasibətlər dayanırdı. Biz Rusiyanı, Rusiya da bizi yaxşı tanıyır. Biz tarix boyunca bir-birimizlə yaxşı münasibətlərdə olan iki böyük güc olmuşuq, bir-birimizi də inkar edə bilmərik. Çünki bu regionun vazkeçilməz iki böyük dövlətiyik. Biz ötən ilin noyabr ayına qədər son dərəcə yaxşı olan münasibətlərimizi məlum hadisədən sonra korlamamağa çalışdıq, bu məsələdə diqqətli olduq, diplomatik səylər nəticəsində mühüm addımlar ataraq əlaqələrimizi normallaşdırdıq. Bu məsələdə hansısa narahatlığın olacağını gözləmirik. Çünki Türkiyə-Rusiya münasibətlərinin yenidən bərpası hansısa bir yaxınlaşma deyil, normallaşmadır. Noyabrın 24-dən əvvəl Rusiya ilə yaxınlığımız Qərblə münasibətlərimizi və ya NATO-dakı güclü mövqeyimizi zədələmirdisə, bu işi eynilə davam etdirəcəyik. Biz hər iki istiqmətdəki əlaqələri bir-birinin alternativi deyil, hətta bir-birinin tamamlayıcısı kimi görürük. Türkiyə kimi regional, tarixi və mədəni gücdən yalnız bir coğrafiyaya istiqamətlənmiş siyasət aparılması gözlənilməməlidir. Bu, tarix boyu belə olub. Biz həm Şərq, həm Qərb, həm də Şimalla əlaqələrimizi qarşılıqlı maraqlar çərçivəsində inkişaf etdirən dövlət olmuşuq və bundan sonra da belə olacaq.

- Hazırda Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatı mövcuddur və bu yaxınlarda hər üç ölkə prezidentinin iştirakı ilə Bakıda zirvə görüşü keçirildi. Bir gün sonra isə Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşmasının şahidi olduq. Sizcə, bu addımlar yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi töhfələr verə bilər?

- Azərbaycan necə hər zaman mühüm məsələlərdə Türkiyənin, türkiyəli qardaşlarının yanında dayanırsa, biz də hər zaman Azərbaycanın, azərbaycanlı qardaşlarımızın Qarabağ münaqişəsinin həlli ilə bağlı mübarizəsində yanındayıq və bundan sonra da bu mövqeyimizdə qalacağıq. Son illər Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatı və Rusiya-Türkiyə yaxınlaşmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə töfhə verəcəyinə ümid edirik. Yəni, bizim belə bir gözləntimiz mövcuddur. Çünki uzun müddətdir həllini gözləyən Dağlıq Qarabağ münaqişəsi nəticə etibarilə bölgə dövlətlərinin əməkdaşlığı və yaxşı niyyətləri sayəsində həll oluna biləcək məsələdir. Biz də bu məsələdə ATƏT-in Minsk qrupunun üzvü olaraq əlimizdən gələni etməyə çalışırıq və Rusiya başda olmaqla dünyanın aparıcı dövlətlərinin bu işə lazımi töhfə verməsini gözləyirik.

- "Türk Hava Yolları"nın Rumıniyaya aviareyslərin sayınının artırılması gözlənilirmi? Ümumiyyətlə, Buxarest və Konstansadan sonra hansı şəhərlərə aviareyslərin açılması planlaşdırılır?

- "Türk Hava Yolları" İstanbul-Buxarest xətti ilə gündəlik üç aviareys həyata keçirir. Biz bunun sayının 4-ə çatdırılmasını istəyirik. Bundan əlavə, paytax Buxarestdən başqa, Konstansa şəhərinə də İstanbuldan aviareys həyata keçirilir. Yaxın zamanlarda İstanbuldan birbaşa Kluj-Napoka şəhərinə də aviareys açmağı planlaşdırırıq. İndi bununla bağlı qərarımız var. Rumıniya bizim üçün mühüm bazardır. "Türk Hava Yolları" ölkənin dinamizmini, iqtisadiyyatın gücünü göstərən bayraqdar rolunu oynayır. Şirkətin Rumıniyaya investisiya qoyuluşları davam edəcək.

Son xəbərlər

Orphus sistemi