Türkiyə səfiri: "ABŞ-ın Qüdslə bağlı atdığı səhv addımdan geri çəkiləcəyinə inanırıq" - MÜSAHİBƏ

Türkiyə səfiri: "ABŞ-ın Qüdslə bağlı atdığı səhv addımdan geri çəkiləcəyinə inanırıq" - MÜSAHİBƏ Hülusi Kılıç: "Bütün dünya İsrailin necə yarandığını çox yaxşı bilir, orada insanlar ölür, onların ölməsində günahkar kimdir?"
Xarici siyasət
14 Dekabr , 2017 13:37
Türkiyə səfiri: ABŞ-ın Qüdslə bağlı atdığı səhv addımdan geri çəkiləcəyinə inanırıq - MÜSAHİBƏ

“Gələn il Türkiyə prezidenti Moldovaya rəsmi səfər edəcək” 

Kişineu. 14 dekabr. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı keçmiş, Moldovadakı hazırki səfiri Hülusi Kılıçın “Report”un Şərqi Avropa bürosuna müsahibəsi.

- Başa çatmaqda olan 2017-ci ili Türkiyə-Moldova əlaqələri baxımından necə dəyərləndirirsiniz?

- Mən 2017-ci ili Türkiyə-Moldova arasında “qızıl il” kimi qiymətləndirirəm. Çünki 25 ildən sonra ilk dəfə olaraq Türkiyənin baş naziri Moldovaya rəsmi səfər etdi. Bu həftə Türkiyə baş nazirinin müavini Hakan Çavuşoğlu Moldovaya gələcək və Moldova-Türkiyə Hökumətlərarası Birgə İqtisadi Komissiyanın iclası keçiriləcək. Bildiyiniz kimi, Moldova parlamentinin sədri sentyabrda Türkiyədə səfərdə olub. Türkiyəli iş adamları Moldovada investisiyalarını davam etdirirlər, ticarət dövriyyəmiz artır, iki ölkə arasında “Sərbəst ticarət anlaşması” imzalanıb, artıq xarici pasportla yox, şəxsiyyət vəsiqəsi ilə iki ölkəyə səyahətləri planlaşdırırıq. Bu da çox mühümdür. Gələn il Moldovada Türk Ticarət və Sənaye Palatasının bölməsini təşkil etmək niyyətindəyik. Bilirsiniz ki, bu dövlətdə soydaşlarımız olan Qaqauz (Göy Oğuz) türkləri də yaşayırlar. Bu da əlaqələrimizin inkişafına təkan verir. Qaqauz türkləri Moldova və Türkiyə arasında bir dostluq körpüsüdür. Arzumuz Moldova və Qaqauz Yeri Muxtariyyətinin daha da inkişafıdır. Gələn ilin ilk yarısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moldovaya səfəri gözlənilir və ona görə də biz burada səylə çalışırıq.

Türkiyə ənənəvi olaraq Moldovada təşkil olunan Beynəlxalq Milad Xeyriyyə Yarmarkasında iştirak edir. Qardaş ölkənin pavilyonu buradakı digər ölkələrin stendindən böyük olur...

- Gördüyünüz kimi, bu bazarda bizim stend də ən böyük stendlərdən biridir. Ən böyük özəlliyimiz isə Azərbaycan mənzərəli olmasıdır. Buradan baxanda Azərbaycanın stendini görürsünüz, mən də şəxsən Azərbaycan stendinin Türkiyə ilə yanaşı olmasını istədim. Biz bu bazarda öz satışlarımızla ən böyük pul ödəyirik. Onsuz da Türkiyə bütün dünyada başqalarına yardım və kömək edən bir dövlət kimi tanınır. Afrikada, Asiyada, hər yerdə kimin ehtiyacı varsa, onlara yardım edirik.

Bəs Moldovada səfir kimi daha hansı işləri görməyi planlaşdırırsınız?

- Gələn il Qaqauz Yeri Muxtariyyətində - Komratda Türkiyənin Baş Konsulluğu açılacaq. Artıq Moldova höküməti ilə razılıq əldə edilib və bu istiqamətdə çalışırıq. Bundan başqa, Moldova kənd təsərrüfatı üzrə ixtisaslaşmış bir ölkədir, investisiya qoyluşumuzu artırmaq istəyirik. Türkiyə banklarından biri Moldovada fəaliyyəti başlaya bilər. Bu, "Ziraat Bank" və ya digəri ola bilər. Amma gözləntimiz bir bankın Moldova bazarına daxil olmasıdır.

ABŞ Prezidenti Donald Trampın Qüdslə bağlı məlum açıqlamasına peşəkar diplomat olaraq münasibətiniz necədir?

- Əvvəllər həmin ərazilərdə barış var idi, indi həmin sülh pozulub. Bütün dünya İsrailin necə yarandığını çox yaxşı bilir. Bu addımın atılması lazım deyildi, çünki orada insanlar ölür. Onların ölməsində kimdir günahkar? Bunu da fikirləşmək lazımdır. İnanırıq ki, bu məsələ tez bir zamanda yoluna qoyulacaq və ABŞ atdığı addımdan geri çəkiləcək. ABŞ NATO-da bizim önəmli müttəfiqimizdir, ona görə də bu addımların daha diqqətli atılmasını gözləyirik. Bölgədə vəziyyət gərgindir. Suriya və İraq problemləri də mövcuddur. İnsanların ölməməsinə diqqət etmək lazımdır. 

Son xəbərlər

Orphus sistemi