"Türkiyə bizə qapılarını açmasaydı, indiyə sağ qalmazdıq" - Kahramanmaraşdakı qaçqın düşərgəsindən - REPORTAJ

"Türkiyə bizə qapılarını açmasaydı, indiyə sağ qalmazdıq" - Kahramanmaraşdakı qaçqın düşərgəsindən - REPORTAJ Qaçqın uşaqlar: Biz torpaqlarımıza, evimizə qayıtmaq istəyirik, amma...
Xarici siyasət
1 İyul , 2017 10:58
Türkiyə bizə qapılarını açmasaydı, indiyə sağ qalmazdıq - Kahramanmaraşdakı qaçqın düşərgəsindən - REPORTAJ

Kahramanmaraş/Türkiyə. 1 iyul. REPORT.AZ/ - Məktəbə getmirəm, atam qoymur.

- Məktəbə getməyinə niyə mane olur?

- Atam deyir qız məktəbə getməz...

- Bəs böyüyəndə kim olmaq istəyirsən?

- ...

- Hansısa sahədə çalışmaq istəyirsən, arzun nədir?

- Təmizlikçi.

- Niyə təmizlikçi?

- Anama kömək edəcəyəm...

Bu dialoq Türkiyənin Kahramanmaraş şəhərindəki qaçqın düşərgəsində yaşayan 9 yaşlı Fatma ilə aramızda keçdi. 

Fatma düşərgəyə daxil olan kimi bizi qarşılayan uşaqlardan biri idi. Bir anda çevrəmiz 20-yə yaxın uşaqla əhatə olundu. Bu uşaqların üzlərindəki saflıq, yad insanlara qarşı mehribanlıq təəccüb doğurmaya bilməz. Amma onların kiçik şeylərə təəccüblə yanaşması isə daha da sevindiricidir. Bu iki müxtəlif xalqa mənsub uşaqları bir-birindən əsasən gözləri fərqləndirir. Türkmən uşaqların əksəriyyəti alagözdür. Bu düşərgədəkilərin türkmən və ya suriyalı olmasını ayırd etmək üçün gözlərinə baxmaq kifayətdir.

Beləliklə, bu günlərdə 32 ölkədən 70-ə yaxın jurnalist Türkiyədə səfərdə olduq. Türkiyə hökumətinin dəvəti ilə həyata keçirilən səfər çərçivəsində iki qaçqın düşərgəsini ziyarət etdik, onlara yaradılan şəraitlə yaxından tanış olduq. 

Ayaqyalın gəzən uşaqlar

Fatmanın ailəsi üç il əvvəl İraqın Mosul şəhərindəki doğma dədə-baba yurdlarını tərk edərək Türkiyəyə sığınıb, milliyyətcə türkməndirlər. Onun bir qardaşı da var və həmişə əl-ələ gəzirlər. Hətta ayaqqabı da geyinmir, sanki öyrəşib. Ümumiyyətlə, düşərgədəki uşaqların əksəriyyəti ayaqyalın gəzir. Ayaqqabı geyinməyi heç sevmirlər, hətta soruşanda da istəmədiklərini deyirlər. Baxmayaraq ki, Türkiyə hökuməti onları zəruri geyimlərlə təmin edir, amma uşaqların əksəriyyəti ya ayaqyalın gəzir, ya da ayaqqabıları taykeş olur.

Hər adama ayda 100 lirə...

Fatma İŞİD-in İraqdakı evlərini dağıtdığını, qohumlarından da xəbər ala bilmədiklərini söyləyib. Çünki qohumları Türkiyəyə gələ bilməyiblər. Bu uşağın elə bir ciddi istəyi yoxdur, yalnız İraqdakı evlərinə qayıtmaq istəyir. Bu düşərgədəki uşaqların hamısının baxışlarında bir qəribəlik var, dalğındırlar, ürəkdən sevinə bilmirlər. Baxmayaraq ki, Türkiyə hökuməti onlara hər bir şəraiti yaradıb, başlarının üstündən top mərmisi atılmır, silah səsləri eşitmirlər, amma yenə də narahatdırlar. Çünki yaşadıqları yurd-yuvalarını atıb gəliblər, qohumlardan xəbərsizdirlər, yaşayıb-yaşamadıqlarını bilmirlər. Fatmanın ata-anası işləmir, aylıq verilən müavinətlə dolanırlar. Düşərgədə adambaşına 100 lirə (TL) verilir. Ailələr bu pulu yalnız ərzağa sərf edirlər. Türkiyə hökuməti kommunal xidmətlərdən tutmuş tibbi müayinəyə qədər qalan bütün məsrəfləri qarşılayır. Hökumət rəsmiləri qaçqınların problemlərinin həlli üçün hər il 5 milyard dollar xərcləndiyini bəyan edirlər.

Türkiyəyə Suriyadan gələnlər daha çoxdur, onların da bir qismi düşərgələrə yerləşdirilib. Maraqlı məqam isə Suriyadan gələnlərin təhsil məsələsində problem yaratmamasıdır. Türkmənlər isə təhsil məsələsinə elə də ciddi yanaşmırlar.

Ümid Türkiyə ordusunda xidmət etməyi arzulayır

Düşərgədəki uşaqların bir amalı var: TORPAQ. Onların maddi şeylərə ehtiyacı yoxdur, yalnız  ünsiyyətə can atırlar. Daha bir türkmən balası, 16 yaşlı Ümid də yegənə istəyinin İraqdakı evlərinə qayıtmaq olduğunu deyir. O bildirir ki, İraqdakı evləri dağıdılıb, qohumlarının əksəriyyəti qətlə yetirilib. Ümid İraqdakı terror qruplaşmasından qurtulub Türkiyəyə sığana bildikləri üçün çox sevinir. Ümid Türkiyə ordusunda xidmət etməyi arzulayır.

Uşaqlar şəkil çəkdirməyə çox maraq göstərirlər. Hər biri xüsusi həvəslə şəkil çəkdirmək istəyir. Onlara yaxınlaşan kimi “abi, fotoqrafımı çekermisin?” deyirlər. Hətta telefona, internetə maraqları sonsuzdur. Uşaqların sözlərinə görə, bəzən evdə valideynlərinin telefonunu gizlincə götürüb istifadə də edirlər. Ebrar Çələbi bildirir ki, internetə atasının telefonu ilə girir, amma onun xəbəri olmur: "Hətta atama zarafata “bir gün internetdə bizimlə rastlaşacaqsan” deyirəm". Bizdən niyə suallar verdiyimizi soruşur. Biz də "Səsinizi dünyaya çatdıracağıq" deyirik. Sevinc qarışıq təəccüblə "İnternetdə şəklimiz çıxacaq?" deyə sual verir. Sonra da rəfiqəsinə atalarının onları internetdə görəcəyini söyləyir.

Bu uşaqlar izlədikləri televiziya proqramlarından, seriallardan da ağızdolusu danışırlar. Sanki təsəvvürümüzdə söhbətin yalnız Azərbaycandan, Bakıdan getdiyi canlanır. Təsadüfən bir serialın adını çəkdikdə isə Bakı ilə Ankaranı eyni məkan hesab etdikləri məlum olur. Bakı barəsində bir az məlumat verirsən, Ankara olmadığını izah edirsən, o zaman paytaxtımızı görmək istədiklərini dilə gətirirlər. Bayaq söhbətləşdiyimiz Fatma da Bakıya gəlmək həvəsindədir. Amma bir şərtlə... Şərti isə anasını da özü ilə Bakıya gətirməkdir. Düşərgədə rəhbərlik, nəzarətçilər qaçqınlarla çox mehriban davranırlar, sanki, bir ailədirlər.

Onlar "çocuklar" deyə çağıran kimi hamısı bir nəfər kimi onların yanına toplaşırlar. 

Nəzarətçilər növbəli işləyirlər. Düşərgənin təhlükəsizliyi tam təmin olunur. Mühafizəçilər növbəli şəkildə düşərgəni qoruyurlar, onların arasında qadınlar da var. Eyni zamanda mühafizəçilər hər hansı neqativ halın baş verməməsi üçün düşərgəni nəzarətdə saxlayırlar. Düşərgənin rəhbərliyi seçki yolu ilə müəyyənləşir.

"Türkiyə bizə qapısını açmasaydı, sağ qalmazdıq"

Düşərgədə yaşayanlar da Türkiyə vətəndaşları kimi ayrı-ayrı yerlərdə işlə təmin olunurlar, yəni onlara hər hansı əngəl yoxdur. 60 yaşlı Zeynəb xanım deyir ki, iki il əvvəl Suriyadan gəliblər, onun övladlarının da ailəsi düşərgəyə yerləşdirilib, hazırda övladı və həyat yoldaşı düşərgədən kənar yerdə çalışır. O, yaradılmış vəziyyətdən razılıq edir: "Biz Türkiyəyə sığınmışıq, türklər bizə sahib çıxıblar. Türkiyə bizə qapısını açmasaydı, yəqin, sağ qalmazdıq".

Kahramanmaraş da daxil olmaqla, Türkiyədəki qaçqın düşərgələrində 260 min qaçqın var. Türkiyənin 81 əyalətində isə 3 milyon 250 min qaçqın yerləşdirilib. Onlara da maddi yardım göstərilir.

Kahramanmaraş qaçqın düşərgəsi 7 məhəllədən ibarətdir. Düşərgə bütün iaşə obyektləri ilə əhatə olunub. Burada tibb məntəqəsi, mağaza (buradakı qiymətlər minimum həddədir), 7 məktəb, 2 məscid, əyləncə mərkəzi var. Düşərgədə bəzi xüsusi qayda-qanunlar da tətbiq olunur. Buradan çıxmaq və geri qayıtmaq saatı istəyə bağlı deyil. Yəni səhər saat 07:00-dan axşam saat 22:00-a qədər müddət müəyyənləşib. Burada dil kursları da təşkil olunur, türk dili öyrədilir. Bu kurslar əsasən suriyalı qaçqınlar üçündür. Çünki onların əksəriyyəti türkcə bilmirlər. Düşərgədə fəaliyyət göstərən həkimlər suriyalı qaçqınların tibbə maraqlı olduqlarını deyirlər. Onlardan bir neçəsi artıq bu işə cəlb olunub. Həkimlər bildirir ki, düşərgədə yoluxucu xəstəliklərin daşıyıcıları yoxdur.

Düşərgə rəhbəri Mehmet Kırkız deyir ki, burada 18 519 suriyalı, 5 368 iraqlı qaçqın var: “Əvvəlcə qaçqınların sayı 37 minə yaxın idi. Amma onların 13-14 mini düşərgəni tərk edib. Onlardan 292 nəfəri Avropaya gedib. Hazırda düşərgədə 2 528 körpə var. 2012-ci ildən indiyədək ölənlərin sayı 174 nəfərdir. Düşərgədəki qaçqınlarla bağlı heç bir narahatçılıq yoxdur. Çünki onlar düşərgəyə qəbul edilərkən məlumatlar araşdırlır. Yəni burada yerləşdirilənlərinin hansınınsa adının terror aktında hallanması mümkün deyil. İndiyədək düşərgədə yalnız bir dəfə neqativ hal baş verib. Bu da məişət zəminində bıçaqlanma olub".

Rəcəb Tayyib Ərdoğan: "Qaçqınlara sahib çıxmaq vicdan məsələsidir"

Türkiyə hökuməti qaçqınlarla bağlı məsələyə həssasdır. Bu məsələyə insan hüquqlarının qorunması prizmasından yanaşır. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışlarında dəfələrlə vurğulayıb ki, Türkiyə sərhədinə indiyədək yaxınlaşan heç bir suriyalı geri qaytarılmayıb: “Biz onlara qapımızı açmışıq. Çünki bu, vicdan məsələsidir. Türkiyə hökuməti qaçqınlara öz vətəndaşı kimi baxır. Türkiyə vətəndaşlarına hansı hüquqlar verilibsə, onlar da eyni hüquqlara malikdirlər. Biz onları öz vətəndaşlarımızdan ayırmırıq”.

Düşərgə ilə tanışlıqdan sonra sağollaşırıq, uşaqlar bizi dairəyə alır. Bizləri düşərgəyə daxil olan andan təəccübləndirdikləri kimi sonda da eyni təəssüratı yaradırlar. Hətta türkmən uşaqlar toplaşaraq "Bozqurd" işarəsi ilə bizlə sağollaşırlar...

Son xəbərlər

Orphus sistemi