Türk universiadası mart ayında Türkiyədə keçiriləcək

Türk universiadası mart ayında Türkiyədə keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi təşkilatın 2015-ci il üçün planlarından danışıb
Xarici siyasət
2 Mart , 2015 14:40
Türk universiadası mart ayında Türkiyədə keçiriləcək

Bakı. 2 mart. REPORT.AZ/ Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov rəhbərlik etdiyi təşkilatın 2015-ci il üçün planlarından  danışıb. "Report" xəbər verir ki, R.Həsənovun dediyinə görə, Türk universiadası martın 21-də Türkiyədə keçiriləcək. Universiadanın təşəbbüskarı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasıdır. Bu tədbirdə dünyanın bir çox ölkələrindən 2500 idmançı iştirak edəcək. "Universiada siyasi tədbir deyil, bu isə öz növbəsində Özbəkistan, Türkmənistan və təşkilatımıza üzv olmayan digər dövlətlərdən idmançıları  dəvət etməyə imkan verir", - Şuranın baş katibi qeyd edib.

Aprelin ikinci yarısında İstanbulda Çanaqqala döyüşündə qazanılan qələbənin 100-cü ildönümü ilə bağlı layihə həyata keçiriləcək. "Həmin layihə aprelin 24-nə qədər Çanaqqalada genişmiqyaslı tədbirlərin keçiriləcəyi zamanı Şuraya üzv olan ölkələrinin müzakirəsinə çıxarılacaq", - R.Həsənov qeyd edib.

Onun sözlərinə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 4 ölkə hökumətlərinin 12 istiqamət üzrə fəaliyyətini rəsmi olaraq koordinasiya edən təşkilatdır. Həmin istiqamətlərdən biri də diaspor sahəsidir. 

R.Həsənov qeyd edib ki, vahid türk diasporları mərkəzlərinin yaradılması ilə bağlı fəaliyyət davam edir: "Məlum olduğu kimi, artıq Ukraynada mərkəz açılıb və hazırda Vaşinqton, Berlin və Parisdə daha 3 mərkəzin fəaliyyəti üçün səylər davam edir. Onların da yaxın müddətdə açılacağı gözlənilir".

Bununla yanaşı, regional əməkdaşlığı inkişaf etdirmək məqsədilə Şuranın Aİ və Rusiya rəsmi strukturları ilə əlaqələri genişlənir.  

Təşkilatın tərkibinə yeni dövlətlərin qəbul edilməsi mövzusuna toxunan baş katib qeyd edib ki, Türkmənistanın Şuraya cəlb olunması ilə bağlı işlər davam etdirilir. "Məlum olduğu kimi, Türkmənistan təşkilatımızda müşahidəçi statusuna malikdir. Özbəkistana gəldikdə isə, bu məsələ ilə bağlı qərarı rəsmi Daşkənd verməlidir. Biz özbəkistanlı həmkarlarımızın təşkilatın işinə qoşulmasını istəyirik və ümid edirik ki, gələcəkdə bu baş verəcək. Sevindirici haldır ki, Macarıstan da Şuranın işində iştirak etmək istəyir. Macarıstanın üzvlüyü ilə bağlı işlər də davam edir və bu ölkənin nümayəndələri təşkilatın Astanada keçiriləcək sammitində iştirak edəcəklər".

Son xəbərlər

Orphus sistemi