Bakıdakı Türk Şəhidliyində Çanaqqala zəfəri qeyd olunub

Bakıdakı Türk Şəhidliyində Çanaqqala zəfəri qeyd olunub Səfir Alper Coşkun: "Bakıdakı Türk Şəhidliyini bir millətin ortaq mirası olaraq qəbul edirik"
Xarici siyasət
18 Mart , 2015 15:04
Bakıdakı Türk Şəhidliyində Çanaqqala zəfəri qeyd olunub

Bakı. 18 mart. REPORT.AZ/ Bakıdakı Türk Şəhidliyində Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr edilən tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun, səfirliyin hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler, Türkiyənin Azərbaycanda fəaliyyət göstərən müxtəlif qurumlarının təmsilçiləri iştirak edib.

Səfir Türk Şəhidliyindəki "Şərəf Dəftəri"nə bunları yazıb: "Başda Cümhuriyyətimizin qurucusu Atatürk olmaqla ölkəmizin müstəqilliyi, bütünlüyü uğrunda hər cür fədakarlığı edən, canlarından keçən əsgərlərimizi, təhlükəsizlik qüvvələrimizin, qəddarcasına terror olunaraq, həyatlarını itirən Xarici İşlər Nazirliyimizin və başqa qurumlarımızın əməkdaşlarını sonsuz minnətdarlıq və hörmətlə anırıq. Türkiyənin təhlükəsizliyi qədər vacib olan, dünyada sülh və sabitliyin yaranmasında iştirak edən bütün şəhidlərimizi Azərbaycanın şəhidləri ilə bərabər tuturuq. Bakıdakı Türk Şəhidliyini bir millətin ortaq mirası olaraq qəbul edirik. Bizlər üçün qoyub getdikləri qürurverici abidə sonsuzluğa qədər yaşadılacaq".

Daha sonra səfir Şəhidlər Xiyabanına gedərək oradakı "Əbədi məşəl" kompleksinin önünə əklil qoyub.

Alper Coşkun Şəhidlər Xiyabanında çıxış edib: "Çanaqqala savaşının 100-cü ildönümünü bəlkə əvvəlkindən daha artıq dərk edirik. Biz burada sadəcə Türkiyədən, Anadoludan olan şəhidləri deyil, azərbaycanlı şəhid qardaşlarımızı da anırıq. Vətənləri uğrunda ən böyük fədakarlığı etmiş Türkiyəmizin, Azərbaycanımızın və türk dünyasının bütün şəhidlərini rəhmət və minnətdarlıqla yad edirik".

"Dünən prezidentlərimiz yan-yana duraraq, bir tərəfdən dünyaya sabitliyi qoruyacaqlarını, ölkələrimizi inkişaf etdirəcəklərini, o biri tərəfdən də TANAP layihəsində olduğu kimi ortaq fəaliyyətlə Türkiyə, Azərbaycan, eləcə də bölgə və dünya üçün faydalı layihələr gercəkləşdirəcəklərini göstərdilər ", - səfir bildirib.

Son xəbərlər

Orphus sistemi