Tofiq Zülfüqarov: "Ermənistanın Azərbaycan-İran münasibətlərinə xələl gətirmək cəhdi baş tutmadı"

Tofiq Zülfüqarov: "Ermənistanın Azərbaycan-İran münasibətlərinə xələl gətirmək cəhdi baş tutmadı" “İranda bizə dost münasibət göstərənlər də, bizi istəməyənlər də var. Bu, reallıqdır. Ona görə də zaman-zaman münasibətlərdə dəyişiklik olur”.
Xarici siyasət
29 Noyabr , 2021 12:11
Tofiq Zülfüqarov: Ermənistanın Azərbaycan-İran münasibətlərinə xələl gətirmək cəhdi baş tutmadı

“İranda bizə dost münasibət göstərənlər də, bizi istəməyənlər də var. Bu, reallıqdır. Ona görə də zaman-zaman münasibətlərdə dəyişiklik olur”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O bildirib ki, Azərbaycan həmişə mehriban qonşuluqda maraqlı olub: "Bu, bizim strateji maraqlarımıza uyğundur. Sözügedən istiqamətdə keçirilən görüşlər, aparılan danışıqlar da öz nəticəsini verir. Doğrudur, hazırda Zəngəzur dəhlizinin açılması üçün təkcə siyasi qərar kifayət etmir. Bunun üçün texniki imkanlar da olmalıdır. Bu mənada Zəngəzur dəhlizinin açılması üçün, yəqin, hələ ən azı üç-dörd aya ehtiyac var. Ancaq Prezident İlham Əliyevin də dediyi kimi, əlbəttə, bu, baş tutacaq. Fikrimcə, regional qonşuluq münasibətləri prosesləri daha da sürətləndirəcək”.

T.Zülfüqarov həmçinin Ermənistanın baş verənlərə təsirindən söz açıb: “Situasiyanı təhlil edərkən mütləq reallıqları nəzərə almaq lazımdır. Ermənistan cəmiyyəti, dövlətçiliyi Azərbaycanla düşmənçilik şüurunda formalaşıb. Ermənistanda bu ab-havada yaşayan artıq ikinci nəsil var. Onların öz şüurlarını dəyişməsi isə vaxt tələb edir. Düzdür, biz müharibədə qələbə qazandıq. Lakin ermənilərin 44 günlük savaşdakı məğlubiyyətdən sonra tamamilə loyal siyasət yeritmələrini gözləmək doğru olmaz. Düşmənçilik meyilləri müntəzəm olaraq özünü göstərəcək. Deməli, ermənilərin müxtəlif təxribatçılıq cəhdləri, o cümlədən Azərbaycan-İran münasibətlərinə xələl gətirməyə çalışması hər an üçün gözləniləndir. Biz isə bu cür təxribat cəhdlərini dəf etməyə qadirik”.

Qeyd edək ki, Türkmənistanın paytaxtı Aşqabadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısında Prezident İlham Əliyevlə iranlı həmkarı İbrahim Rəisi arasında görüş səmimi və xoş ab-havada keçib. Bu, iki müsəlman ölkə arasında münasibətlərin bundan sonra qonşuluq və əməkdaşlıq prinsiplərinə uyğun davam etməsini təmin edir. Liderlər arasında ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə dərinləşməsi, Zəngəzur dəhlizindən birgə istifadə və digər məsələlər barədə razılıq əldə olunması həm də Ermənistanın Azərbaycanla İran arasında münasibətləri pozmaq səylərini iflasa uğradıb.

Son xəbərlər

Orphus sistemi