Ticarət nümayəndələri funksiyalarını təyin olunduğu səfirlik və konsulluqların tərkibində həyata keçirəcəklər

Ticarət nümayəndələri funksiyalarını təyin olunduğu səfirlik və konsulluqların tərkibində həyata keçirəcəklər Sənədi baş nazir Artur Rasi-zadə imzalayıb
Xarici siyasət
17 Oktyabr , 2017 10:45
Ticarət nümayəndələri funksiyalarını təyin olunduğu səfirlik və konsulluqların tərkibində həyata keçirəcəklər

Bakı. 17 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndəsi və onun aparatı haqqında Əsasnamə”ni təsdiq edib.

“Report”un xəbərinə görə, bununla bağlı sənədi Baş nazir Artur Rasi-zadə imzalayıb.

Əsasnamə Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndəsinin (bundan sonra – ticarət nümayəndəsi) və onun aparatının fəaliyyət qaydalarını müəyyən edir.

Ticarət nümayəndəsi və onun aparatı öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, digər qanunvericilik aktlarını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiya qərarlarını, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin əmr və sərəncamlarını (bundan sonra - təşkilati-sərəncamverici sənədlər), bu Əsasnaməni rəhbər tutur və müvafiq səfirlik və konsulluğun yerləşdiyi ölkənin qanunvericiliyini nəzərə alır.

Ticarət nümayəndəsi və onun aparatı səfirliyin və ya konsulluğun binasından kənarda yerləşdikdə, onun yerləşdiyi binada və ya onun ərazisində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycanın Dövlət bayrağı qaldırılır və Azərbaycan Dövlət gerbinin təsviri və Azərbaycan dilində və təyin olunduğu dövlətin dövlət dilində (dillərində) “Azərbaycan Respublikasının (xarici ölkədəki səfirlik və ya konsulluğun adı) ticarət nümayəndəsi” yazısı olan lövhə vurulur.

Ticarət nümayəndəsinin və onun aparatının istifadəsində olan Azərbaycan Respublikasının mülkiyyəti olan daşınar və ya daşınmaz əmlak ticarət nümayəndəsinə təhkim edilir.

Ticarət nümayəndəsinin və onun aparatının saxlanılması xərcləri və fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycanın dövlət büdcəsindən İqtisadiyyat Nazirliyinə ayrılan vəsaitlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilir.

Ticarət nümayəndəsi, onun aparatının işçiləri və onların ailə üzvləri təyin olunduqları dövlətin ərazisində beynəlxalq müqavilələrə uyğun olaraq imtiyaz və immunitetlərdən istifadə edirlər.

Nümayəndə təyin olunduğu ölkə ilə Azərbaycan Respublikasının iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi maraqlarının qorunması, Azərbaycan mallarının və xidmətlərinin ixracının artırılması, ölkəmizin biznes mühitinin və investisiya imkanlarının təbliği istiqamətində tədbirlər görür.

Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, ticarət nümayəndəsinin vəzifələri aşağıdakılardır:

1.Təyin olunduğu ölkə ilə Azərbaycan Respublikasının iqtisadi-ticarət əlaqələrini genişləndirmək, bu məqsədlə iqtisadi-ticarət əlaqələrinin vəziyyətini təhlil etmək, müvafiq istiqamətdə təkliflər hazırlamaq və onları həyata keçirmək,

2.Təyin olunduğu ölkədə ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarını qorumaq və təmsil etmək, bu məqsədlə tədbirlər hazırlamaq və həyata keçirmək,

3.Azərbaycan mallarının və xidmətlərinin təyin olunduğu ölkənin bazarlarına çıxışının genişləndirilməsi üçün tədbirlər görmək, müvafiq təkliflər hazırlayaraq həyata keçirmək,

4.İxracın stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərin təşkilində iştirak etmək və bu tədbirlərin səmərəliliyinin artırılması ilə bağlı tədbirlər görmək,

5.Azərbaycan Respublikasının və təyin olunduğu ölkənin fiziki və hüquqi şəxsləri arasında işgüzar əlaqələrin qurulmasına köməklik göstərmək,

6.Təyin olunduğu ölkədə Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin qarşılaşdığı problemləri öyrənmək və həlli istiqamətində müvafiq tədbirlər görmək, bu məqsədlə təkliflər hazırlamaq və həyata keçirmək,

7.Azərbaycan malları və ya xidmətlərinin, ölkəmizin investisiya mühitinin təyin olunduğu ölkələrdə təbliği istiqamətində tədbirlər həyata keçirmək,

8.Təyin olunduğu ölkənin bazarlarına Azərbaycan malları və ya xidmətlərinin çıxışına, həmin bazarda tələbata və mövcud təkliflərə və təyin olunduğu ölkələrin idxal-ixrac, daxili bazarda satış tələblərinə dair məlumatlar hazırlamaq, həmin məlumatları aidiyyəti dövlət orqanlarına təqdim etmək, habelə Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinə çatdırılması üçün tədbirlər görmək,

9.Təyin olunduğu ölkədə Azərbaycan Respublikasının ticarət-iqtisadi maraqlarına toxuna biləcək tədbirlərə dair məlumatlar hazırlamaq, həmin məlumatları aidiyyəti dövlət orqanlarına təqdim etmək, belə halların aradan qaldırılması istiqamətində tədbirlər görmək,

10.Təyin olunduğu ölkədə həyata keçirilən dövlət satınalmaları, satın alınan mallar və xidmətlər barədə məlumatlar hazırlamaq, həmin məlumatların Azərbaycan Respublikasının müvafiq malları və xidmətləri təchiz edə biləcək fiziki və hüquqi şəxslərinə çatdırılması ilə bağlı tədbirlər görmək,

11.Təyin olunduğu ölkə ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq sahəsində fəaliyyət göstərən hökumətlərarası komissiyaların, işçi qruplarının fəaliyyətinə köməklik göstərmək,

12.Təyin olunduğu ölkə ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq sahəsində dövlətlərarası və ya hökumətlərarası danışıqların təşkilində və aparılmasında, bu sahədə beynəlxalq müqavilələrin razılaşdırılmasında və bağlanılmasında iştirak etmək,

13.Təyin olunduğu ölkə ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq sahəsində beynəlxalq müqavilələrin icrasına köməklik göstərmək,

14.Təyin olunduğu ölkəyə Azərbaycan malları və xidmətlərinin ixracı ilə bağlı yaranan maneələri öyrənmək və belə maneələrin aradan qaldırılması üçün tədbirlər görmək, bu məqsədlə təkliflər hazırlamaq və onları həyata keçirmək,

15.Fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.

Ticarət nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

Ticarət nümayəndəsinə “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulan qaydada ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilir və “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ticarət nümayəndəsi diplomatik pasportla təmin edilir.

Ticarət nümayəndəsi öz funksiyalarını təyin olunduğu səfirlik və konsulluqların tərkibində həyata keçirir.

Ticarət nümayəndələri və onların aparatları İqtisadiyyat Nazirliyinin strukturuna daxildir.

Son xəbərlər

Orphus sistemi