Yuxarı
    Bağlamaq

    Azərbaycan Təhsil Nazirliyi Gürcüstandakı azərbaycanlılara 17 minədək dərslik və metodik vəsait göndərib

    “Bu il də Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində soydaşlarımıza bayram hədiyyəsi etmişik”

    Tbilisi. 27 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Təhsil Nazirliyi Gürcüstanda yaşayan soydaşlarımıza 14 adda dərslik və metodik vəsait göndərib.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, dərsliklər və metodik vəsaitlər bu gün Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəçiliyi ilə bu ölkənin Elm və Təhsil Nazirliyinə təqdim olunub.

    Bildirilib ki, nazirlik Gürcüstana 2016-2017-ci tədris ili üçün Gürcüstandakı azərbaycandilli məktəblərin I, II, III, V, VII və IX sinifləri üçün 14 adda 16900 ədəd Azərbaycan dili və ədəbiyyatı dərslikləri, eləcə də müəllimlər üçün metodik vəsaitlər göndərib.

    Azərbaycanın Gürcüstandakı səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə attaşesi Samirə Ağayeva jurnalistlərə bildirib ki, Gürcüstandakı soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunmasının əsası 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: “Bu gün Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev də bu işə xüsusi diqqət göstərir. Dövlətimizin başçısının tapşırığına əsasən Təhsil Nazirliyi Gürcüstanda yaşayan azərbaycanlıların təhsil problemlərini diqqətlə öyrənib və onların dərsliklərlə təminatı istiqamətində mühüm addımlar atır. Bu il də Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində soydaşlarımıza bayram hədiyyəsi etmişik”.

    Gürcüstanın Elm və Təhsil Nazirliyindən bildiriblər ki, dərsliklər və metodik vəsaitlər yaxın bir neçə gün ərzində Azərbaycan dilli məktəblərə paylanacaq.

    Qeyd edək ki, 1994-cü ildən bu günədək Gürcüstandakı soydaşlarımıza I-XI sinif şagirdləri üçün 560 mindən çox müxtəlif adda dərs vəsaiti göndərilib. 2013-2014-cü tədris ilində 24 adda 18 min ədəd, 2014-2015-ci tədris ilində 18 adda 19 mindən çox, 2015-2016-cı tədris ili üçün isə 12 adda 10 minədək kitab və müəllimlər üçün metodik vəsait göndərilib. Bu kitablar Gürcüstanda yaşayan azərbaycanlı şagirdlərin mükəmməl təhsil almalarında mühüm rol oynayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi