Tehranda Heydər Əliyevin anım mərasimi keçirilib

Tehranda Heydər Əliyevin anım mərasimi keçirilib Azərbaycanın İrandakı səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Tarix yaradan dahi şəxsiyyət” adlı anım mərasimi keçirilib.
Xarici siyasət
12 dekabr 2022 13:02
Tehranda Heydər Əliyevin anım mərasimi keçirilib

Azərbaycanın İrandakı səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Tarix yaradan dahi şəxsiyyət” adlı anım mərasimi keçirilib.

"Report" xəbər verir ki, İranın İslam Şurası Məclisinin və İran Xarici İşlər Nazirliyinin, yerli media qurumlarının, eləcə də Tehranda yaşayan Azərbaycan diasporunun nümayəndələrinin və ictimaiyyətin təmsilçilərinin qatıldığı tədbirdə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən İran İslam Şurası Məclisinin təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü, millət vəkili Mahmud Abbaszadə Meşkini çıxış edərək İranla Azərbaycan xalqının möhkəm bağlarından, mənəvi dəyərlərindən və oxşarlıqlarından, hər iki ölkənin xalqları arasında münasibətlərinin möhkəmlənməsində liderlərin müstəsna xidmətlərindən bəhs edib. Heydər Əliyevin dövlətçilik təcrübəsindən, Azərbaycan xalqının təkidli tələbi əsasında yenidən hakimiyyətə gəlməsi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlərindən, İran-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində atdığı addımlarından söhbət açan millət vəkili, onun dahi şəxsiyyət kimi tarixdə xüsusi iz qoyduğunu vurğulayıb.

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə də mərasimdə çıxış edərək müasir Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, ölkəmizin möhkəmlənməsi və qüdrətlənməsi naminə işləyib hazırladığı və gələcək nəsillərə miras qoyduğu dövlətçilik konsepsiyasından, onun müdrik siyasəti ilə aparılan islahatlar və dövlət quruculuğundan danışıb.

Ə.Əlizadə 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn ulu öndərin apardığı müdrik siyasət nəticəsində Azərbaycan-İran münasibətlərində də qarşılıqlı etimadın yarandığını və əlaqələrin inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. SSR-i dövründə sovet ittifaqı rəhbərliyinin Azərbaycanın doğma Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi cəhdlərinin qarşısının dəfələrlə H.Əliyev tərəfindən alındığı və imkan verilmədiyini bildirən səfir, 1987-ci ildə onun vəzifədən getməsi ilə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları qaldırdığını və havadarlarının köməyi ilə həmin zamanlarda Qarabağı və ətraf rayonlarımızı işğal etdiyini bildirib. Heydər Əliyevin ən böyük arzusunun Qarabağın düşmən tapdağından azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası olduğunu deyən Əli Əlizadə ulu öndərin “Qarabağ məsələsini həll edəcəyik. Bizim işğal olunmuş torpaqlarımız nəyin bahasına olursa-olsun mütləq qaytarılacaqdır. Buna əmin ola bilərsiz” sözlərini xatırladıb və onun müdrik siyasətinin daim bu yöndə aparıldığını vurğulayıb. Həmin vaxtdan 17 il sonra bu məqsədin artıq reallığa çevrildiyini və Azərbaycan torpaqlarının işğaldan azad olunduğunu bildirən səfir Əli Əlizadə dahi şəxsiyyətin arzusunu, vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin yerinə yetirdiyi, Azərbaycanın ərazi bütövlüyünün hərbi-siyasi yolla bərpa olunduğunu qeyd edib.

Səfir müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinin hər zaman dərin hörmət və ehtiramla anıldığını vurğulayıb və ona rəhmət diləyib.

Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən filmə baxışla yekunlaşdırılan tədbirin rəsmi hissəsindən sonra, anım mərasimi ehsan süfrəsi arxasında davam etdirilib.

Son xəbərlər

Orphus sistemi