Bu il sentyabrın 6-8-də Bakı şəhərində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə nazirlərinin ikinci iclası keçiriləcək.
Bu barədə "Report"a Azərbaycan FHN-dən məlumat verilib.
Bildirilib ki, iclasda TDT-yə üzv və müşahidəçi ölkələrin fövqəladə hallarla mübarizə üzrə aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı nəzərdə tutulur.
Həmçinin, tədbir çərçivəsində “Bakı-2023” beynəlxalq təliminin keçirilməsi planlaşdırılır.
Təlimdə TDT-yə üzv dövlətlərin fövqəladə halların idarə edilməsi üzrə aidiyyəti qurumlarının xilasetmə qüvvələrinin iştirakı nəzərdə tutulur.