TDƏŞ-ə üzv dövlətlərin ABŞ-dakı konsullarının videokonfransı keçirilib

TDƏŞ-ə üzv dövlətlərin ABŞ-dakı konsullarının videokonfransı keçirilib Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin ABŞ-dakı səfirliklərinin konsullarının iştirakı ilə videokonfrans baş tutub.
Xarici siyasət
9 May , 2020 09:31
TDƏŞ-ə üzv dövlətlərin ABŞ-dakı konsullarının videokonfransı keçirilib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin ABŞ-dakı səfirliklərinin konsullarının iştirakı ilə videokonfrans baş tutub.

Azərbaycanın Vaşinqtondakı konsulluğundan "Report"un xüsusi müxbirinə verilən məlumata görə, görüş Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə Fövqəladə Zirvə Görüşündə səsləndirilən məsələlərin icrasının davamı olaraq keçirilib.

Görüş iştirakçıları tərəfindən regionda türk mədəniyyətinin incəsənət mərkəzi hesab olunan ölkəmizin qədim Şuşa şəhərinin işğalının 28-ci il dönümü ilə əlaqədar, işğal zamanı həlak olmuş şəxslərin xatirəsi bir dəqqiqəlik sükutla anılıb.

Sədr ölkə olaraq tədbiri giriş nitqi ilə açan Azərbaycanın ABŞ-dakı Səfirliyinin konsulu Emil Muradzadə ölkəmizdə koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması istiqamətində görülən qabaqlayıcı tədbirlərdən söhbət açıb.

Görüş zamanı COVID-19 pandemiyası ilə əlaqədar ABŞ-da çətinliklərlə üzləşən vətəndaşlara konsulluq yardımının göstərilməsi, vətəndaşların qeydiyyatı, onların ABŞ-dan təxliyəsi məsələləri ətrafında müzakirələr aparılıb.

Videokonfrasda iştirak edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyinin nümayəndəsi Ceyhun Şahverdiyev görüş iştirakçılarına 7 may 2020-ci il tarixdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv və müşahidəçi dövlətlərin miqrasiya orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin keçirdiyi iclas barədə ətraflı məlumat verib.

Görüş iştirakçıları tərəfindən öz ölkələrində COVID-19 xəstəliyinin yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən təbdirlər, bu ölkələrə səfər etmək istəyən əcnəbilərə münasibətdə viza siyasəti, karantin rejimi, vətəndaşların sərhədlərdən buraxılışı qaydaları, kommersiya uçuşlarının bərpası, təxliyyə planları barədə məlumat mübadiləsi aparılıb və yaranmış vəziyyətdə mümkün əməkdaşlıq imkanları müzakirə edilib.

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının yayıldığı dövrdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası özünü uğurlu və faydalı bir regional təşkilat kimi göstərməkdədir və bu format həqiqətən də qlobal çağırışlara cavab vemək iqtidarında olduğunu doğruldur.

Ölkəmizin ABŞ-dakı Səfirliyinin təşəbbüsü ilə keçirilən videokonfransda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndəsi ilə yanaşı, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın ABŞ-dakı Səfirliyinin konsulları iştirak ediblər.

Qeyd edək ki, sözügedən görüşün keçirilməsinə dair təşəbbüs cari ilin 24 aprel tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərinin ABŞ-dakı səfirləri və Şuranın Baş katibinin iştirakı ilə keçirilmiş videokonfrans iclasında irəli sürülmüşdür.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi